Nazirlikdən güllələnən şəxs barədə AÇIQLAMA - YENİLƏNİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Bərdədə baş verən hadisə ilə bağlı açıqlama verib. İ.İbrahimova AzNews.az-ın əməkdaşı ilə söhbətində faktı təsdiqləyib: "Nazirliyin 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin (xidməti ərazisi Tərtər, Yevlax, Bərdə və Ağdaş rayonlarını əhatə edir) mühafizə yegeri Pərviz İsmayılov Bərdə rayonunun Seyid Yusifli kəndinin ərazisində, Qarabağ-Şəki meşə zolağının yaxınlığındakı sahədə qanunsuz ov edilməsi hallarının qarşısını almaq məqsədilə keçirilən növbəti reyd zamanı naməlum şəxslər tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
Belə ki, qanunsuz ov edən şəxslər xidməti vəzifəsini yerinə yetirən P.İsmayılovun ərazini tərk etmək və silahları təhvil vermək tələbinə məhəl qoymayıb və onlardan biri ov tüfəngi ilə atəş açaraq onu bud nahiyəsindən yaralayıb.
Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır".

***
12:37

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı ərazi Ekologiya və Təbii sərvətlər şöbəsinin ətraf mühitin böyük mütəxəssis-mühafizə yegeri İsmayılov Pərviz Rüstəm oğlu ərazidə rey keçirərkən kimliyi bilinməyən şəxslər tərəfindən güllələnib.

AzNews.az-ın azvision.az-a istinadən verdiyi məlumata görə, P.İsmayılov Bərdə rayonun Seyid Yusifli kəndinin ərazisində, Qarabağ-Şəki meşə zolağının yaxınlığındakı əkin sahəsində xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar qanunsuz ov edilməsinə qarşı mübarizə aparmaq məqsədi ilə reyd keçirən zaman ərazidə iki nəfər naməlum şəxsin ov silahları olduğunu görüb.

O, həmin şəxslərin ov etmələrinin qanuni olub-olmadığını araşdırmağa cəhd etdikdə, həmin naməlum şəxslərdən bir nəfəri Pərviz İsmayılova həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə ov tüfəngindən bir dəfə atəş açaraq sağ sarğı və hər iki budun arxa səthinin yeddi ədəd deşilmiş qırma yaraları xəsarətləri yetirib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az