Vuçiç: Bildiyimiz beynəlxalq sistem çöküb

Serbiya Prezidenti Aleksandar Vuçiç Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının iclasında çıxış edib.

BMT-yə inam və qlobal transformasiya

BMT-yə olan inamın yenidən bərpa edilməsinin vacibliyini vurğulayan Vuçiç artıq bir çox aspektlərdə baş vermiş transformasiyanın nə dərəcədə idarə oluna biləcəyi ilə bağlı şübhələrinin olduğunu bildirib.

Dünyanın mühüm siyasi, iqtisadi, hərbi və texnoloji imkanlara malik regional aktorların sayının artdığı bir dövrə daxil olduğunu deyən Vuçiç bu aktorların öz ətraflarını formalaşdırmağa və qlobal proseslərə öz şərtləri doğrultusunda təsir göstərməyə çalışdığını qeyd edib.

“Gücün daha mürəkkəb və daha az proqnozlaşdırıla bilən şəkildə bölüşdürüldüyü, mümkün münaqişə riskinin son bir neçə onillikdə olduğundan daha yüksək səviyyəyə çatdığı bir dövrə daxil oluruq”, - deyə Vuçiç bildirib.

O, sözügedən risklərin artıq dövlətlər arasında ənənəvi silahlı münaqişələrlə məhdudlaşmadığına diqqət çəkib. Vuçiç qarşıdurmaların iqtisadi təzyiq, texnoloji məhdudiyyətlər, resurslar və bazarlar uğrunda rəqabət, kiberhücumlar, dezinformasiya və digər cəmiyyətlərə təsir göstərmək cəhdləri formasında ortaya çıxdığını bildirib.

Mövsüm,

AzNews.az