Polis kapitanının ölümünün təfərrüatları

Dünən Sabirabad rayonunda polis kapitanını qətlə yetiriblər. Baş verən qətl hadisəsinin səbəblərini öyrənmək üçüm AzNews.az-ın əməkdaşı Sabirabad Rayon Polis Söbəsilə əlaqə saxlayıb. Şobənin növbətçi hissəsindən bildirdilər ki, hadisəyə səbəb dünən axşam bir toy mərasimində olan narazılıq olub.

Belə ki, Xankeçən kəndində keçirilən toyda kənd sakinləri Abıyev Gülhüseyn Xanhüseyn oğlu ilə həmkəndlisi 1960-cı il təvəllüdlü Zeynalov Azad Səmid oğlu arasında dava düşüb. Toydan sonra Gülhüseyn Abıyev Azada zəng edərək onu öldürəcəyini bildirib. Azad Zeynalov sahə müvəkkili kapitan Eldəniz Quliyevə zəng edərək bu hədələməni ona bildirib. Sahə müvəkkili Azadgilin evinə gəlib.

Bundan sonra Gülhüseyn Abıyev əlində ov tüfəngi ilə bura gəlib. Polis kapitanı Eldəniz Quliyev Gülhüseyinin qarşısına keçərək, onu cinayətdən yayındırmaq istəyib. Ancaq polisin sözünə qulaq asmayan G. Abıyev əvvəlcə ona sonra isə həmkəndlisi Azada atəş açıb. Sahə müvəkkili hadisə yerində dünyasını dəyişib, A.Zeynalov isə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da onu xilas etmək mümkün olmayıb. Hadisənin səbəblərini istintaq aydınlaşdırır, şübhəli qismində G. Abıyev saxlanıb. Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. 

Bahadur Eyuboğlu
AzNews.az