- Köhnə - Maraqlı
- 14 Aprel 2016 18:17
- 14 732
Bu gün Putinə verilən ən maraqlı suallar - Qadınlar, sıyıq, boz zolaq və saat
Xəbər verdiyimiz kimi, bu gün Rusiya prezidenti Vladimir Putin canlı yayımda sualları cavablandırıb.
3 saat 39 dəqiqə davam edən canlı yayım zamanı Putinə 3 milyondan çox sual ünvanlanıb. Prezident 80-ə yaxın sualı cavablandırıb.Onların arasında təxminən 1,5 milyon telefon zəngi, 400 min SMS, habelə "VKontakte" sosial şəbəkəsi vasitəsilə 70 mindən çox müraciət olub.
AzNews.az Putinə ünvanlanan suallar arasında daha çox marağa və təbəssümə səbəb olanları təqdim edir:
İlk olaraq tamaşaçı Putinə Omskda yolların vəziyyətinin pis olması barədə məlumat verib. Putin cavabında yoldakı vəziyyətdən insanların narahatlığının yüksək olduğunu gördüyünü deyib. Onun sözlərinə görə, problemi həll etmək üçün ilk olaraq nəqliyyata ayrılan fonddan başqa məqsədlər üçün vəsait ayrılmasını qadağan etmək lazımdır.
Bu sualdan sonra davam edən canlı yayım zamanı sualı ünvanlayan şəxsin bəhs etdiyi yolun yaya kimi təmir ediləcəyi ilə bağlı məlumat yayıldı. Daha sonra isə, Omskun qubernatoru Viktor Nazarov məsələ reaksiya verib. Bildirib ki, artıq yolun təmirinə 1,2 milyard rubl ayrılıb.

Daha sonra "Valdimir Putinlə birbaşa yayım" zamanı Putindən onun nəyə qənaət etdiyi soruşulub. Putin cavabında zamana qənaət etdiyini bildirib: "Zamana - bu, sahib olduğumuz ən qiymətli şeydir"
Canlı yayıma qoşulan digər tamaşaçı isə Vladimir Putinə ötən birbaşa efir zamanı danışdığı lətifəni xatırlalıb. Belə ki, Putin ağ və qara zolaq barədə danışdığı lətifədə əslində ötən zamanın ağ zolaq olduğunu bildirmişdi. Sualı ünvanlayan Rusiya vətəndaşı indi hansı zolağın olduğunu soruşub. Putin isə zarafatyana şəkildə hazırda boz zolaqda olduqlarını deyib.

"Valdimir Putinlə birbaşa yayım" zamanı krımlılar Rusiya prezidentini istirahət etmək üçün öz vətənlərinə çağırıblar. Dəvətə görə təşəkkür edən Vladimir Putin bu il Krıma gedəcəyini və bu səfər zamanı istirahət də edəcəyini bildirib.
Krımlılardan gələn başqa bir videomüraciətdə sual verən şəxsin qalın geyindiyini görən Putin orada havanın soyuq olub-olmadığını soruşub. Havanın soyuq olduğunu öyrənən prezident "İstirahət etməyə çağırırsınız, hər şeyin normal olacağına zəmanət verirsiniz?", - deyə zarafat edib.

I sinif şagirdi olan Alina Rusiya prezidentinə ölkədə qadın prezident ola bilərmi sualını verib: "Atam deyir ki, ABŞ-ın öhdəsindən ancaq Putin gələ bilər". Vladimir Putin sualın cavabında bildirib ki, ABŞ-ın öhdəsindən gəlmək yox, daxili problemlər üzərində çalışmaq lazımdır. "Bu problemləri isə, bəlkə də, qadın daha yaxşı həll edə bilər", - deyə Rusiya prezidenti bildirib.
Uşaqlardan Vladimir Putinə ünvanlanan başqa bir sualla isə prezident olmaq üçün hansı təhsil müəssisəsinə daxil olmaq lazım olduğu olub. "Hansına olur-olsun, əsas olan yaxşı oxumaqdır", - deyə Putin cavab verib.

Tula zavodundan işçilərin sualını Rusiya prezidentinə ünvanlayarkən Putinə bir il öncə keçirilən "birbaşa yayım" zamanı zavod işçisinin ondan saatını istədiyini xatırladıblar. Putin "mən bu gün saatsızam", -deyə cavab verib və həmin işçinin bu saatdan istifadə etdiyinə ümid etdiyini bildirib.
12 yaşlı Rusiya vətəndaşı Putinə maraqlı sual ünvanlayıb. Varya Kuznetsova "Paraşenko və Ərdoğan batarsa, ilk olaraq kimi qurtarasınız?", - deyə soruşub.
Suala Putinin cavabı belə olub: "Əgər kimsə batmaq qərarına gəlibsə, onu qurtarmaq mümkün deyil. Lakin biz, əlbəttə ki, bütün tərəfdaşlarımıza kömək və dostluq əli uzatmağa hazırıq. Əgər, təbii ki, o özü bunu istəsə".

Rusiya prezidenti Vladimir Putin canlı yayım zamanı şəxsi həyatla bağlı suala da cavab verməli olub.
Birbaşa efirdə Putinə "Qəzetlərdə Lyudmila Aleksandrovnanın ərə getməsi barədə xəbərlər yazılır. Bəs siz nə vaxt bizə ökənin birinci xanımını təqdim edəcəksiniz?" sualı verilib.
"Biz Aleksandrovna ilə hərdən görüşürük. Bizim dostluq münasibətimiz var. İndiki münasibətimiz bəlkə öncəkindən də yaxşıdır", – deyə Putin suala zaraftla cavab verib.
"Hər birimizin öz həyatı var. O yaxşıdır, vəziyyətindən də razıdır. Mən də razıyam. Hər şey yaxşıdır. Şəxsi məsələni belə önə çıxarmaq lazımdırmı bilmirəm. Düzünü deyim heç onu da bilmirəm ki, bu məsələ məzənnələrarası fərqə və ya neftin qiymətlərinə təsir edə bilərmi? Amma onu bilirəm ki, bizi işləmək üçün seçirlər. Şəxsi həyata aid olan məsələlər təbbi ki, maraq doğurur. Bununla barışmışam. Amma bu öncül məsələ deyil. Bəlkə də nə vaxtsa sizi sevindirərəm", - deyə Rusiya prezidenti əlavə edib.

9 yaşlı uşaq Rusiya prezidenti Vladimir Putinə "uşaq vaxtı sizi də sıyıq yeməyə məcbur edirdilər?", - deyə sual ünvanlayıb.
Vladimir Putin sualın cavabında heç vaxt heç nəyi məcburən etmədiyini bildirib.
"Mən sıyığı sevərək yeyirdim, indi də yeməyə davam edirəm", - deyə Putin bildirib.
"Yaş keçdikcə sıyığa olan münasibətiniz dəyişibmi?" sualına cavab olaraqsa Rusiya prezidenti "Dəyişib. Özü də müsbət istiqamətdə. Diş azaldıqca sıyığı daha çox sevirsən", - deyə zarafatla cavab verib.
Nigar, Aydan
AzNews.az