- Köhnə - Maraqlı
- 23 Dekabr 2013 13:38
- 4 449
Fahişələrə azadlıq tələb edən rejissor
Bir səhər yuxudan oyananda, kimsə gəlib sizə desə ki, səhər yeməyində zeytun yemək qadağandır, nə edərdiniz? Hər qadağa öz üsyançısını yaradır.
Zeytunsevərlər bir təşkilat qurarlar, üzərində zeytun budağı emblemi olan bir bayraqları, "zeytunlara azadlıq" deyə, bəlkə də bir marşları olardı. İndi sizdən soruşuram: "Zeytunsevərlər dağlara çəkilsə, dağa çəkilənlər günahkardır, yoxsa, zeytuna qadağa qoyanlar? İnsanların başlarına nəyi örtüb-örtməyəcəkləri, evlərində hansı dildə danışacaqları və nə yeyib-içəcəkləri barədə başqaları qərar verə bilərmi?"
Sinan Çətin kimdir?
Sinan Çətin 1953-cü ildə Türkiyənin Anadolu bölgəsinin Van şəhərində doğulub. Orta təhsilini Anadolunun müxtəlif kiçik şəhərlərində aldıqdan sonra, Ankaraya köçür. Hacettepe Universitetinin İncəsənət Tarixi fakültəsinə daxil olan Sinan, çox keçmir ki, rəsm və fotoqrafiya sahəsində uğurlu addımlar atır.
Lakin, əsl sənəti olan kinoya 1975-ci ildə Zeki Öktenin çəkdiyi "Hanzo" filmində assistentlik etməklə gəlir. Hələ gənc yaşlarında, dövrün məşhur rejissorları olan Şerif Gören və Atıf Yılmazla bir yerdə işləməyə müyəssər olan Sinan Çetin 1977-ci ildə Hacettepe Universitetindən məzun olur.
İlk film və ilk mükafat
İlk müstəqil filmini 1980-ci ildə çəkir. "Bir günün hekayəsi"
adlanan filmdə, o qədər məşhur olmayan aktyorlar – Nizamettin Arıç, Fikret Hakan, Nur Sürer – yer alsalar da, film uğurlu alınır. Film Türkiyənin 80-ci illərdəki fəhlələrin ağır vəziyyətindən bəhs edir. Sonralar Sinan Çətin eyni mövzuda daha bir film – "Kağız" filmini çəkməli idi. Aktrisa Nur Sürer rejissorun çəkdiyi, bu ilk filmdə canlandırdığı Zeynəb obrazı ilə 1982-ci ildə "Antaliya Film Festivalı"nda, "ən yaxşı qadın aktrisa" mükafatını alır.
Berlin in Berlin
80-ci illərin ortalarından başlayaraq, Sinan Çətin bir-birinin ardınca "Çirkinlər də sevər", "Çiçək Abbas", "14 Nömrəli Prenses", "Göyüzü və Göyüzü" filmlərini çəkir. Bu filmlər kifayət qədər uğur qazanır, və istər yerli, istərsə də, xarici festivallarda müxtəlif mükafatlara layiq görülür.
1987-ci ildə qabaqcıl texniki vasitələrlə təmin edilmiş şəxsi "Plato" şirkətini quran Sinan Çətin, filmlərlə bərabər, bir sıra bahalı reklam çarxları da çəkirdi. Rejissorun 1993-cü ildə çəkdiyi "Berlin in Berlin" filmi böyük səs-küyə səbəb olmaqla bərabər, kino sahəsində ona böyük məşhurluq da gətirir.
Filmdə, erotik səhnələri həddindən artıq dolğun canlandıran Hülya Avşar "Moskva Beynəlxalq Film Festivalı"nda "ən yaxşı qadın aktrisa" mükafatını alır, eyni zamanda, festivalda Sinan Çətin "Ən yaxşı rejissor" mükafatına namizəd olur.
Kemal Sunalın son filmi – Propaganda
"Berlin in Berlin" filminin rejissora gətirdiyi məşhurluğun arxasınca daha bir film çəkilir. Bu filmdə, baş rolda yer alan Mehmet Ali Erbilin, fantastik-komediya janrında çəkilən "Bay-E" filmi olur. 1999-cu ildə ekranlarda Sinan Çətinin daha bir uğurlu filmi "Propaganda" izlənir.
Filmdə çox məşhur simalar yer almaqla bərabər, büdcəsi də, digər filmlərə nisbətən daha çox olur. Baş rollarında Kemal Sunal və Metin Akpınarın rol aldığı "Propaganda" filmi, 1948-ci ildə Türkiyənin ucqar qəsəbəsi olan Hisli-Hasarda, "Gömrük Mühafizə Xidməti"nin rəisi Mehdi və uşaqlıq dostu Rəhimin ailələrinin qəsəbənin ortasından keçən sərhəd məftilləri ilə parçalanan həyatlarından danışılır. "Propaganda"nı həyat faciələrini daha çox komedik fonda işıqlandıran Sinan Çətinin ən uğurlu filmi hesab etmək olar.
Uğurlar davam edir
2007-ci ildə məşhur aktyor Kadir İnanır və aparıcı Okan Bayülgeni "Komissar Şekspir" filmində bir araya gətirməyə nail olan rejissor, eyni ildə "Romantik" filmini vizyonlara buraxır. Onun rejissorluğu ilə çəkilmiş sonuncu filmlər isə "Kağıt" və "Çanakkale çoçukları" filmləridir. Hər iki filmdə ənənəvi Sinan Çətin üslubu özünü göstərir.
"Gezi" hadisələrinə dəstək
Hal-hazırda Türkiyənin bir sıra tanınmış universitetlərində dərs deməklə yanaşı, liberal fikirləri yaymaq üçün, dostu Atilla Yaylanla birlikdə Karl Popper və Ayn Rad kimi filosof-yazıçıların kitablarını yayımlayan nəşriyyat qurub. Sinan Çətin Türkiyə dövləti ilə razılaşmayan və sözünü açıq şəkildə deyə bilən tək-tük ziyalılardan biridir, bəlkə də birincisi.
Sonda bir şeyi də qeyd edim ki, Türkiyədəki "Gezi" hadisələri zamanı, Sinan Çətin öz şəxsi "twitter" səhifəsində "Gezi"dəki bütün etirazçıları dəstəklədiyini, eyni zamanda, hadisələr zamanı yaralanan etirazçılara, sahibi olduğu "Plato" şirkətində tibbi yardım edildiyini yazmışdı.
1937.az