- Köhnə - Maraqlı
- 7 İyul 2015 15:27
- 7 364
Əbu-Dabidə nağıl kimi 5 gün – VİDEO+FOTO

Birləşmiş Ərəb Əmirlikləri deyərkən, hamının ağlına ilk olaraq Dubay gəlir. Coğrafiya kitablarından bu ölkənin paytaxtı olaraq tanıdığımız Əbu-Dabi şəhərindən isə bir çox turistlər yan keçirdilər.
AzNews.az buro247.az saytına istinadən xəbər verir ki, ancaq son 20 il ərzində Əbu-Dabidə yaradılmış turizm infrastrukturu, beşulduzlu otellər, əyləncə mərkəzləri və s. şəhərin turist hədəflərindən birinə çevrilməsinə səbəb olub.
Əbu-Dabiyə 5 günlük səyahətimiz "Formula-1" yarışlarını qəbul edən, "Ferrari World" tematik parkının, "Yas Mall" ticarət mərkəzinin, "Yas Waterworld" akvaparkının, 5 ulduzlu otellərin yerləşdiyi və gələcəkdə də böyük miqyaslı layihələrin həyata keçiriləcəyi Yas adasından başladı. Yas adası Əbu-Dabidə tikilən çoxsaylı süni adalardan biridir. Burada keçirdiyimiz 2 gün ərzində yuxarıda adını çəkdiyim bütün məkanları görmək şansımız oldu.
Adada 4 ulduzlu, bir çox üstünlükləri olan "Crowne Plaza" otelində yerləşdik. Otelin öz hovuzlarından əlavə, çimərliyə getmək istəyənlər piyada 10 dəqiqəlik məsafəni qət etməli olurlar. Bundan əlavə, otelin yaxınlığında böyük qolf meydançası və gözəl restoranı olan "Yas Golf Club" yerləşir. Oteldə nahar üçün 5 bar və restoran, çimərliyə və qolf meydançasına gözəl mənzərəsi açılan qonaq nömrələri və apartamentlər, fitnes üçün tamamilə təchiz edilmiş, müasir idman zalı, skvoş oyunu üçün kort, sauna və 25 metrlik yarıkölgəli hovuz var. Oteldə yerləşən zaman nömrəmdə çarpayının üzərində xoş bir sürprizlə qarşılaşdım. Bu, xüsusi yuxu spreyi idi. Aktiv istirahət günündən sonra otelə qayıdan sakinlər bu spreyi yataqlarına vuraraq, rahat şəkildə yuxuya gedə bilirlər. Öncə bir az qəribə gəlsə də, istifadədən sonra bu vasitənin doğrudan da effektli olduğunun şahidi oldum.
İlk gün şam yeməyini "Yas Viceroy" otelinin "Origins" restoranında etdik. "Yas Viceroy" - dünyada "Formula-1" trassında yerləşən yeganə oteldir. Otel elə tikilib ki, binanın bir hissəsi suyun, digər hissəsi isə qurunun üzərindədir. Əsas xüsusiyyətlərindən biri otelin iki binasını birləşdirən və "Formula-1" trassı üzərindən körpü olaraq keçən 219 metrlik polad və şüşədən olan əyilmiş konstruksiya - "axça"dır.
Növbəti gün oteldə səhər yeməyindən sonra bizi çox aktiv gün gözləyirdi. Oteldən birbaşa "Yas Waterworld" akvaparkına yola düşdük. "Yas Waterworld" - Yaxın Şərqdə ölçülərinə görə ən böyük akvaparkdır. 15 futbol meydançası qədər ərazisi olan bu akvapark çoxlu sayda su əyləncələri ilə doludur. Burada olan 43 attraksiondan beşini siz başqa heç harada görməyəcəksiniz.
Akvaparkda aktiv istirahətdən sonra "Yas Mall" ticarət mərkəzindəki "Rollercoaster" restoranında nahar etdik. "Rogo`s" restoranı yemək və içkilərin mürəkkəb treklər vasitəsilə birbaşa sizin stolunuza gəldiyi ən böyük restoranlardan biridir. Dairəvi stolda hər bir qonağın qarşısında sifarişləri edə biləcəyi planşet yerləşdirilib. Bu planşetlə menyudan istədiyinizi seçib sifariş etdikdən sonra yeməklər çox qarışıq relslərlə mətbəxdən isti-isti birbaşa sizin qarşınıza gəlir. Başqa sözlə desək, ofisianta ehtiyac qalmır. Yeməklərin dadına isə söz ola bilməzdi.
Nahardan sonra aktiv istirahəti davam etdirmək məqsədilə "Ferrari World Abu-Dhabi" tematik parkına getdik. Ora getmək üçün heç də "Yas Mall"dan çıxmağa ehtiyac yoxdur. Parka birləşən xüsusi keçid vasitəsilə birbaşa "Ferrari World"ə daxil olmaq olar. "Ferrari World" sürət və ekstrimi sevənlər üçün ideal yerdir. Bu, "Ferrari"yə həsr olunmuş dünyada ilk tematik əyləncə parkıdır. 20-dən çox attraksion, interaktiv şoppinq və əsl italyan mətbəxi - bütün bunlar qonaqları əyləncəli yolla "Ferrari" dünyası ilə tanış edir. Burada fəaliyyət göstərən "Formula Rossa" - sürətin 240 km/saata çatdığı dünyada ən sürətli Amerika attraksionudur. "Speed of Magic" isə cəngəllik, buzlu mağaralar və vulkanın üzərindən keçən 4D attraksiondur. Bir sözlə, burada həm uşaqlar, həm də böyüklər üçün müxtəlif əyləncə növləri təqdim edilir.
Günü qaldığımız otelin yaxınlığında yerləşən "Yas Golf Club"da şam yeməyi ilə yekunlaşdırdıq.
Səfərimizin sayca üçüncü günü oteldə səhər yeməyindən sonra Yas adasını tərk edərək, şəhər turuna yola düşdük. İlk dayancağımız "Şeyx Zayed məscidi" oldu. Dünyanın 6 ən böyük məscidindən biri olan "Şeyx Zayed məscidi" BƏƏ-nin əsasını qoyan və onun ilk prezidenti olan Şeyx Zayed ibn Sultan Əl Nəhyanın təşəbbüsü ilə tikilib və onun şərəfinə adlandırılıb. Məscid rəsmi olaraq, 2007-ci ilin Ramazan ayında açılıb. Tamamilə ağ mərmərlə örtülmüş məscid eyni zamanda 40 min ziyarətçini qəbul etmək imkanındadır. Bu məscid barədə aldığımız ən maraqlı məlumatlardan biri məscidin döşəməsini dünyanın ən böyük xalçasının bəzəməsidir. Ərazisi 5627 kv. m., çəkisi isə 47 ton olan bu xalça iranlı rəssam Əli Halikinin rəsmi əsasında "İran xalçaları" şirkəti tərəfindən hazırlanıb.
Günün ikinci yarısında Əbu-Dabinin biznes mərkəzinin yaxınlığında - "Etihad Towers"də yerləşən "Jumeirah" otelinin Livan restoranında nahar etdik. Nahardan öncə otel nümayəndələri bizə onun ərazisində qısa tur keçirdilər. Sonuncu "Forsaj" filminin çəkilişlərinin keçirildiyi bu otel qonaqlara özəl çimərlik, "Talise Spa" spa-kompleksi, 12 restoran, bar, launj və Əbu-Dabidə ən böyük konfrans-zallardan birini təqdim edir.
Naharın ardınca şəhər turu çərçivəsində Saadiyat adasında yerləşən "Manarat Al Saadiyat" sərgi və tədris mərkəzinə yollandıq. 15400 kv. m. ərazidə yerləşən sərgi məkanında Saadiyat adasının tarixini öyrənmək olar. Burada mərkəzi tədbir qalereyası, satış mərkəzi, restoran və 250 metrlik teatr var. Adanın tarixi ilə virtual "Kitab" vasitəsilə tanış ola bilərsiniz. "Manarat Al Saadiyat" həmçinin, sərgi və tədris proqramlarının ənənəvi keçirildiyi yerdir.
Günün sonunda gecəni keçirəcəyimiz "Le Meridien" otelinə getdik. Əbu-Dabi ticarət mərkəzi və Korniş sahilinin yaxınlığında yerləşən otelin şəxsi çimərliyi, uşaqlar və böyüklər üçün hovuzu, 2 tenis kortu, skvoş kortu, spa-mərkəzi var. Bundan əlavə, otel ölkələrin mətbəxini təqdim edən 13 restoran və barı özünə daxil edən Meridien kəndi ilə tanınır. Hava qaraldıqdan sonra restoranların, canlı musiqinin olduğu bu ərazi həyatın qaynadığı kiçik bir şəhərciyə çevrilir. Otel nümayəndələri ilə şam yeməyindən sonra növbəti aktiv gün öncəsi istirahət etmək üçün nömrələrimizə yerləşdik.
Səyahətimizin sonuncu günü şahin quşlarının müalicə olunduğu hospitalda olduq. Ərəblərin çox dəyər verdiyi və ov zamanı istifadə etdiyi bu quşlar üçün hospital bir növ mehmanxana rolunu da oynayır. Hospitalda bizə bu quşların növləri, ov etməkləri, yaşadıqları ərazi, eləcə də şahin ovu idman növü barədə ətraflı məlumat verdilər. Bundan əlavə, şahini qolumuzun üstündə (əlbəttə ki, xüsusi əlcəyi geyindikdən sonra) saxlamaq, onlara qulluq prosesini və saxlanılma şəraitini müşahidə etmək imkanımız oldu.
Hospitaldan sonra nahar etmək üçün Əbu-Dabinin mərkəzində yerləşən "Intercontinental Abu-Dhabi" otelinə getdik. Otelin "Byblos Sur Mer" Livan restoranında ənənəvi Livan mətbəxinin dadlı yeməklərindən əlavə, bizə çoxlu sayda desertlər təqdim olundu.
Səfərimiz zamanı Əbu-Dabinin ən görməli yerlərindən biri olan, prezidentlərin, kralların, şeyxlərin üstünlük verdiyi lyuks səviyyəli "Emirates Palace" otelində də olduq. "Emirates Palace" otelinn əsas binasının bir qanadından digər qanadına qədər məsafə bir kilometrdən çoxdur, otelin özünün ərazisi isə 100 hektar təşkil edir. Otel ərazisində qısa turdan sonra otel təmsilçiləri bizi "Emirates Palace cappuccino" firma kofesinə qonaq etdilər.
Günün sonunda bizi günün ən maraqlı hissəsi - səhranın ortasında yerləşən və Qədim Ərəbistanın ruhunu təcəssüm edən "Arabian Night" kəndinə tur gözləyirdi. Kənd - ziyarətçiləri səhranın mifik və əbədi gözəlliyi ilə tanış etmək üçün yaradılıb. Burada dəvənin üzərində səhrada gəzmək, yolsuzluq avtomobillərində qum təpələrini aşaraq, ekstremal təcrübə əldə etmək və hətta qum sorfinqi etmək şansımız oldu. Ən sonda kəndin içərisində açıq havada yerləşən "Al-Maqam" restoranında canlı ərəb musiqisinin sədaları altında gözəl şam yeməyi etdik. Musiqinin ardınca rəqqasənin çıxışı isə gecəyə tamam fərqli bir rəng qatdı.








