- Köhnə - Maraqlı
- 21 Yanvar 2016 10:59
- 8 492
Himalayı fəth edən azərbaycanlı gənclə müsahibə: “25 nəfər həlak olmuşdu”
Himalayın Toronq La zirvəsini (5416 metr) fəth etmiş 29 yaşlı azərbaycanlı Hüseyn Məmmədov musavat.com saytına müsahibə verib.
AzNews.az həmin müsahibəni təqdim edir:-Hüseyn bəy, öncə vətənə xoş gəldiniz. O boyda məsafə, yol-iz, təhlükə, dağlar... Böyük riskdir...
-Təşəkkür. Risk olsa da, gözəl təcrübədir, dəyərli anlar idi. Hər birini yaşamağa dəyərdi.
- Sizin bu məşğuliyyətinizin adı nədir? Alpinizm, səyahət, trekkinq?
- Trekkinq bir idman növüdür. Alternativ turizm növüdür. Əsas məqsəd bir məntəqədən digərinə təbiət qoynunda ayaqla səyahət etmək deməkdir. Əsas hədəfə çatmaqdır. Məsələn, Himalay dağlarında Himalay Turizm İdarəsinin yaratdığı trekkinq olları var kİ, bütün dünyada məşhurlaşıb. Azərbaycandan ilk mən idim. Mənim çıxdığım zirvəyə çıxanlar arasında Azərbaycandan olan görmədim, siyahıda yox idi. Dünya ölkələrindən xeyli axın var. Yolda 60-70 yaşlı turistlərlə rastlaşırdım. İnsanlar vaxtlarını xoş keçirmək üçün bu idman növü ilə məşğul olurdular. Ayaqla dağ səyahəti deyirlər buna. İki-üç həftəlik də ola bilər, daha uzun da.
- Hər halda bunun alpinizmdən ciddi fərqləri var...
- Onun alpinizmdən fərqi odur ki, siz hər hansı bir zirvəyə avadanlıqlarla qalxmaq istəyirsiniz. Amma trekkinq fərqlidir. Doğrudur, alpinistlər də trekkinq mərhələsindən keçirlər. Hər hansı zirvəni fəth etmək üçün o kamplarda qalmaq, orada gecələmək lazımdır. Bununla peşəkar məşğul olurammı? Deyim ki, bunun üçün peşəkarlıq tələb olunmur. Sadəcə mən səyahət edirəm. Təbii ki, burda əsas məsələ odur ki, insanın sağlamlığı buna imkan verir, ya vermir. Məsələn, mənim qatıldığım trekkinq turda avstraliyalı turistin gözü tutuldu. Belə şeylər baş verir və bu, belə səfərlərdə normaldır. Mənim səyahət etdiyim yerdə daha öncə 25 turist həlak olmuşdu. Bələdçilərlə birgə. Çünki hava durumunu öncədən bilmək olmur, kəndlər çox uzaq olur. Ona görə də bir az təhlükəli, risklidir. Mən zirvəyə çatmamışdan əvvəl gəlib bir otelə düşmüşdüm. Bütün ölkələrdən turistlər vardı. Orda istilik sistemi yoxdur. Hamımız isti bir yer tapıb oturmuşduq. Orda qaz, istilik... haqda danışmaq belə mümkün deyil. Hətta odun belə yandırmırlar. Bir masa ətrafında oturmuşduq. Bütün ölkələrdən insanlar var idi. 10-12 nəfər idik. İnsanlarda bir arxayınçılıq vardı. Bilirsiz niyə? Orda hər bir insanın bələdçisi, sığortası və arxasında nümayəndəliyi vardı. Amma mən o arxayınlığı hiss etmirdim. Bilmirəm, bəlkə maliyyə durumumun zəifliyi ilə bağlı idi... Hər halda, mən orda səyahətdə olduğum müddətdə ölkəmiz də böhran vəziyyətdə idi. Heç nə gözləmirdim, amma mənimçün risk idi.
-Yol macəranızı danışa bilərsizmi? Hardan hara, necə getdiz, nə qədər pul sərf etdiz və sair…
- Ən maraqlısı Nepal hava limanında enməyim idi. Endiyimdə basırıq idi, boyca məndən balacalar bir-birini itələyərək, " post control"a yaxınlaşırdılar. Mən də onlara baxıb, eyni şeyi etdim. Bilirsiz nəyi xatırladırdı? 99-cu ildəki 28 may metrostansiyası ətrafındakı qarışığı, basırığı… (gülür) Elə onda hiss etdim ki, məni olduqca maraqlı bir səyahət gözləyir. Taksi məsələsində Nepal taksiçiləri sizə bir qiymət deyirsə, onu 10-a bölmək lazımdır. Məsələn, getmədən əvvəl araşdırmışdım ki, hava limanından gedəcəyim yerə qədər yolun qiyməti 10 dollardır, amma mən 15 dollara gedib çatdım. Onların turistlər üçün ayrı menyuları, qiymətləri var, yerli əhali üçün ayrı qiymətləri. 2 gün Katmanda qalandan sonra Pokaraya getdim. Orda həşiş çəkmək normal idi. Baxmayaraq ki, narkotik maddənin istifadəsi leqal deyil, amma yaşlı qadınlardan tutmuş, sıravi insanlara qədər çox adam bundan istifadə edirdi. Trekkinq edəcəyim yerə gedənə qədər, avtobusda da hər kəs mənə həşiş təklif edirdi. Mən avtobusun üstündə gedirdim. Təbii ki, bunun istifadəçisi olmadığım üçün qəbul etmirdim. Hesab edirəm ki, orda siqaret baha olduğu üçün insanlar həşişdən istifadə edirdi.
- Avtobusun üstündə gedirdiniz? Niyə?
- Orda avtobuslar çox balacadır. Bizim 99-cu il Bakısındakı kimi balaca Qazellər var. İnsanlar ora sığışmadığı üçün həmin o avtobusların üstündə də yer yaradıblar. İnsanların əksəriyyəti də orda oturur. Beşisahar adlanan trekkinqə başlayacağım yerə qədər, 2 saat boyunca o avtobusun üstündə getdim. Ümumilikdə, 553 kilometr məsafə qət etdim. Olduğum yer də 300-360 metr dəniz səviyyəsindən yüksək idi. Hər şey rahat başladı. Amma əşyalar məsələsində səhvə yol vermişdim. Geyim və bəzi lazım olmayan əşyalar götürmüşdüm. Yolda onları atmaq imkanım da yox idi. Bəzi geyimlərdən yolda qurtuldum. Ayaqqabıların bir cütünü atdım. Şalvar, digər geyimləri də..
- Səfər boyunca başınıza nələr gəldi?
- Çox maraqlı insanlarla qarşılaşdım. Dağda yaşamağa, orda yaradıcılıqla məşğul olmağa qərar vermiş yazıçılarla qarşılaşdım. Hətta beynimdə müqayisə edirdim bizimkilərlə. İnsanların tam başqa bir fəlsəfəsi var. Çox firavan yaşadıqları halda qərar verib, Nepalda bir dağda yaşamağa gəlirlər, orda yazıb yaradırlar. Orda ən çox diqqətimi cəlb edən insanların dini inancları idi. Məni bir nepallı evinə dəvət etmişdi. Orda 5-6 nəfər kiçik bir otaqda yaşayırdı. Amma evdə balaca bir otaq da allahları üçün yaratmışdılar. Ərəb dilində də bir tablo yazmışdılar hətta. Mənə dedilər ki, biz sizin Allahınıza da hörmət edirik. Amma çox kasıb ölkədir, insanları hədsiz kasıblıq içində yaşayırlar.
- Səfəriniz çoxmu məsrəfli oldu?
- Mən bilirdim ki, ora ucuz ölkədir. Hətta o qədər ucuz ölkə idi ki, mən bir müddət sonra bu ucuzluğa öyrəşib, xəsislik də edirdim (gülür). Təsəvvür edin ki, orda 1 dollara otel tapmaq mümkün idi. 1 həftə səyahət edəndən sonra hətta otellərdə havayı da qalırdım. Onlara deyirdim ki, mən sizin oteldə səhər yeməyi yeyəcəm. Çünki orda səhər yeməyi 3-4 dollar idi. Olduqca mədəni insanlardır, qonaqpərvər və qətiyyən konfliktə getməyən. Bizim dağ kəndlərində yaşayan insanlar kimi hər kəsə diqqət , qayğı göstərməyi sevirlər. Ümumilikdə, Bakı-Nepal-Bakı üçün nəqliyyat xərci 500 avro çıxdı. Orda isə günə təxmini 15 dollara keçinmək olur. Otel və 3 dəfə yemək. Risklidir, amma xərc tələb edən səyahət deyil.
- Və gəldiz məlum zirvəyə… Nə etdiniz?
- Zirvəni bir günə keçib digər kənddə gecələdik. Kampda tikili var. Otel də deyə bilərik. Orda qalırdıq. Təbii ki, "meşok"da. Çarpayı olsa da, hava həddən artıq soyuq olduğu üçün "meşok" və 3-4 odeyalla yatmaq məsləhətdir.
- Zirvədə nə qədər müddət qaldınız?
- Ancaq 15-20 dəqiqə. Çünki orda -20 dərəcə şaxta idi. Dediyim kimi, sonra zirvəyə yaxın kənddə gecələdik.
- Trekkinq həyəcan, ekstrim deməkdir… Fəlsəfəniz nədir? Daim adrenalin artırmaq, yeni yerlər görmək, ya özünüzün də qeyd etdiyiniz kimi, 30 yaşa qədər mümkün olan hər şeyi etmək?
- Hər yeni yerə gedəndə fərqli insanlar, fərqli mədəniyyətlər görəndə insan heyrət edir. Dünyanın nə qədər böyük, amma eyni zamanda nə qədər kiçik olduğunu kəşf edirsən. Hətta mən dağ kəndlərindən birində kiçik bir qızın atası ilə birgə necə daş doğrayıb, gülməyini görəndə heyrət etmişdim. Düşünmüşdüm ki, bu uşaq nəyə gülür? İnsanlar orda öz durumlarından xoşbəxt idilər və mən bunu anlaya bilmirdim. Qətiyyən komfotru olmayan bir səyahət növüdür. Heç də hər insan bunu bəyənmir. Rahatlıq sevən insanlara aid səyahət növü deyil. Ekstrim, həyəcan görmək istəyən insanların səyahət növüdür. Ora Avropadan gələn insanlar sanki canlarını götürüb gəlirdilər. Çox fərqli insanlarla, düşüncələrlə qarşılaşırsan. Hər kəsin fərqli fəlsəfəsi vardı.
- Yol macərası zamanı bir səyyahın başına nələr gəlir?
- Yol macərası zamanı səyyahın başına hər şey gələ bilər. Hətta ölüm də. Amma orda bir kəşfimi də etdim ki, hər zaman alternativ var. Adi həyatda insanlar çətin duruma düşən kimi aciz vəziyyətdə dayanıb kömək gözləyirlər. Orda isə heç kimə əlavə kömək yox idi. Bunu dərk etmişdim. Zirvəyə az qalmış həddən artıq baş ağrısı və təzyiqdən həyəcana düşmüşdüm. Amma digər trekkerlər dərman verdilər. Deyim ki, hər an təhlükə vardı. Amma ümumilikdə həyati bir təhlükə yaşamadım.
- Sosial şəbəkədə sizə daha çox verilən sual belə idi ki, nəyə görə bu səyahəti edirsiz?
- Bunun niyəsi yoxdur. Belə cavab yoxdur. Bir insan səyahət etmək istəyirsə edir… Sadəcə zirvəyə çıxandan sonra düşünürdüm ki, nə yaxşı ki, burdayam. İnsan özünü bir anlıq da olsa, dünyanın kralı kimi hiss edir. Bütün dağlar, buludlar səndən aşağıda, amma sən zirvədəsən. Bu hissin möhtəşəmliyini ifadə etmək üçün mən daha çox mütaliəli olmalıydım. Amma təəssüf ki, bu, belə deyil və mən fikrimi tam ifadə edə bilmirəm (gülür).
- Şair deyir ki, insan böyük bir okeanda üzər, amma gəlib bir damla suda boğular. Siz də Himalayı fəth etmiş gənc olaraq, səyahətin ortasında pulqabınızı itirdiniz və səyahəti riskə atdınız…
- Bəli itirdim. Məncə taksidə itirdim. Nepal hava limanında cibində bir qəpiyi olmayan adam idim. Sonra Amerikadakı dostum pul göndərdi. Amma bu, səyahətin yeganə soyuq duşu deyildi. Azərbaycana daxil olanda da gömrükdə mənim əntiq bıçağımı müsadirə etdilər. Halbuki üç ölkə sərhədindən keçmişdi.
- Bundan sonrakı planınızda nə var? Haranı fəth edəcəksiniz?
- İkinci planım Everestlə bağlıdır. Everestin əsas kampına gedəcəm. Amma bu zirvəyə çıxmağa özümü hazır hesab etmirəm. Üstəgəl, bu, çox xərc tələb edir.
- Son olaraq… Necə düşünürsünüz, Azərbaycanda bu turizm növünün inkişafı mümkündürmü?
- Azərbaycanda bu turizm növü üçün əla potensial var. Əgər hökumət heç bir problem yaratmasa bu sahədən ölkə əla qazana bilər. Amma bunun üçün dövlət şərait yaratmalıdır. Məsələn, ingiltərəli dostum Gürcüstandan Azərbaycana keçmək istəyəndə onu gecə vaxtı geri göndərmişdilər ki, gedib vizasını çap edib gətirsin. O da yenidən Gürcüstana qayıdıb vizasını çap etmişdi. Hansı ki, planşetində vizasını göstərdiyi halda, bu, bizim gömrük işçilərini qane etməmişdi.


Musavat.com