“Döyüşə getmək üçün rəsmən müraciət etdim” - Gənc yazarlar da müharibə istəyir

Bildiyimiz kimi cəbhədə gedən döyüşlər, ordumuzun düşmənlə mübarizədə uğurlu əməliyyatları insanlarımızda böyük ruh yüksəkliyi yaradıb. Onlar torpaqlarımız uğrunda döyüşə hazır olduğunu bildirir, hətta səfərbərlik arzusunda olduğunu açıqca dilə gətirirlər .



Bəs gənc yazarlarımız özlərində müharibə əhval-ruhiyyəsini hiss edirmi? Kimlər Qarabağda döyüşmək istəyir, kimlər düşmənlə üz-üzə gəlməyə hər an hazırdır?

Mövzu ilə bağlı AzNews.az-ın suallarını gənc qələm sahibləri cavablandırır:



Aqşin Yenisey: "Belə baxıram döyüşlərdə bizə ehtiyac olmayacaq. Yetər ki, bizim yazıçılar burda layk xatirinə insanpərvərlik haqqında arvad-arvad yazılar yazıb millətin əsəbləri ilə oynamasınlar. Bunun özü də bugünkü ədəbiyyatımız tərəfindən orduya böyük köməkdir".

Cəlil Cavanşir: "Müharibəyə nifrət edirəm. Cəbhədəki vəziyyəti çox böyük həyəcanla izləyirəm. Ən kiçik uğurlar belə gözlərimi yaşardır. Amma şəhid xəbərləri gəldikcə darmadağın oluram. Təbii ki, diplomatik yolla sülhün bərqərar olması çox gözəl olardı. Amma son 20 il göstərdi ki, ermənilər sülhün tərəfdarı deyil və qanla işğal etdikləri torpaqları qansız geri verməyəcəklər. Döyüş qaçınılmazdırsa, son yol müharibədirsə biz hazırıq. Mən hərbi xidmətimi 12 il əvvəl bitirmişəm. Müharibə başlasa, könüllü şəkildə orduya qoşulmağı düşünürəm. Bu artıq vətən, torpaq, gələcək davasıdır".

Cavid Zeynallı: "Cəbhədən gələn xəbərlərə görə yalnız sevinmək olar. Xoşdur ki, cəmiyyət bu cür həssas məsələlərdə bütöv olmağı bacarır. Azərbaycan ordusu bu döyüşdə hansı şəkildə qəhrəmanlıq göstərirsə, fikrimcə, kiçik istisnaları çıxmaqla, informasiya siyasətində də eyni uğur haqqında danışmaq olar. Müdafiə Nazirliyinin, Mətbuat Şurasının aprelin 1-də olan xəbərdarlığı və müraciəti özünü göstərir. Bizim hətta qeyri-ciddi hesab etdiyimiz, reytinq üçün yalan məlumatlar yazan saytlar da öz məsuliyyətlərini dərk ediblər. Bu məsələdə sosial şəbəkədə olan ziyalılar da ortalığa mövqe qoydular. Yəni informasiya yalnız bir əldən çıxmalı, rəsmi şəkildə yayılmalıdır. İllərdir torpaq itkisinin acısını yaşayan insanın sevinməsini, hətta qədərindən artıq sevinməsini görmək adamı qəhərləndirir və qürur hissi yaradır. Cəbhədən gələn xoş xəbərlər bizim ordumuzun düşmən ordusundan dəfələrlə üstün olduğunu bir daha göstərdi. Qələbə arzusuna sevinməyi hər kəsə arzu edirəm. İnsan evini, kəndini, doğmasının tapdaqda olan məzarını geri qaytarmaq üçün ayağa qalxanda, müharibə əleyhinə yazılan, humanizm ideyalarını təbliğ edən bütün əsərləri görməzdən gəlmək məqbuldur. Və o əsərlərin təlqin etdiyi dəyərlərin üstündən sükutla keçmək qəbahət sayılmır".

Əsəd Qaraqaplan: "Adam özünü doğrudan çox qəribə hiss edir. Bir az da oyanmış kimi olursan. İstər-istəməz qanını coşdurur bütün bu xəbərlər - hadisələr. İki duyğunun qəribə şəkildə birləşməsi var bunda. Həm şəhidlərə görə üzülürsən, həm də düşmənə görə və ya qalxdığımızdan ötrü, ya da ən azından belə layiqli cavablar verdiyimizə görə sevinirsən. Və bu duyğu mənə ən çox bunu deyir ki, varlıların vətəni olmur, vətən elə biz kasıblarındı və biz də onu qorumalıyıq. Onları gözləmədən və heç kimdən nəsə ummmadan. Səmimi deyim ki, hadisələr belə cərəyan etdikcə insan istər-istəməz gedib savaşmaq istəyir. Bu bir içdən gələn sevgiyə çevrilir. Dediyim kimi, bura bizim, sadəcə bizim vətənimizdir".

Ömər Xəyyam: "Bir körpə qoxusu torpaqdan daha dəyərlidi. Heç bir yüksəklik insan qədər dəyərli deyil. Onlarin da anası var, bizim də... Amma düşünürəm ki, indiki vəziyyətdə başqa çıxış yolu yoxdu. Ermənilər torpaqları boşaltmalı, murdar niyyətlərindən əl çəkməli. Əks halda müharibə qaçılmazdı və qələbəmizə inanıram! Tərtərdə olmuşam hərbi xidmətdə, yenə də hər an döyüşə getməyə hazıram".

Aqşin Evren: "Tarixin bütün dövrlərində müharibələr mahiyyət etibarilə primitivdir, məzmunsuzdur. Ancaq hazırda cəbhə xəttində gedən döyüşlər siyasi proses olmaqdan çıxıb. Bu artıq mənəvi savaşdır və bunun çox sadə sxematik təsviri var: İnsan orqanizmi qıcığa qarşı ani reaksiya verdiyi kimi, onun psixologiyası da ətrafında cərəyan edən hadisələrə qarşı müdafiə taktikası hazırlayır. Bu mənada cəbhədə cərəyan edən hadisələr bəşəri qanunauyğunluqdur və bunu pozmaq olmaz. Birinci Qarabağ müharibəsindəki məğlubiyyət bizim toplumu təfəkkür və ruh baxımından sındırıb. Nə qədər ki, insanlarımız fərd olaraq məğlubdur, bu toplumdan böyük düşüncə sahibləri çıxmayacaq. Əlavə təfərrüata varmadan deyim ki, bu savaşa həm fiziki, həm də psixoloji cəhətdən hazıram. Ancaq mən də müharibə istəmirəm. Təəssüf ki, mənim istəməyimlə Motsart azərbaycanlı olmur. Ermənilər təkcə azərbaycanlıları deyil, yəhudiləri də qırıblar. Yəhudiləri qıran bir xalqın mənəvi nöqteyi-nəzərdən yaşamağa haqqı çatmır. Uşaqlarımızın velosipedlərini qradla vuran erməniyə qucaq açmaq istəyənlər isə getsinlər hərbi kuklaları ilə oynasınlar. Mən humanizm fəlsəfəsi haqqında bir batalyon kitab oxumuşam və orada "Üstünə gələn erməni generalına çiçək at, mürəbbə bişir" - deyə bir əbləh müddəaya rast gəlməmişəm. Deyəsən, o vaxt Çingiz Mustafayevin "Qayıdın da, noolub sizə?.." dediyi adamlar geri qayıdıb axı".

Emin Piri: "Cəbhədə baş verənləri eşitdikdən sonra heç vaxt yaşamadığım hisləri yaşayıram. Bu hislər nədirsə gözəl hisdir. O ki, qaldı mənim müharibədə iştirak etmək arzuma, vaxtilə Ağdamda səngərdə xidmət etmişəm. Bu gün də baş verənlərdən sonra yenə hərbi komissarlığa müraciət etdim. Apararlar lap yaxşı, buna yalnız sevinə bilərəm. Bu şərəfli işin iştirakçısı olmaq istərdim".

İkinci Mahmud: "Kosmopolitik, di gəl ki, bu bizə vətəndaşı olduğumuz ölkənin təəssübünü çəkməyə maneə olmur. Bizim intellektuallar patriot kimi görünməkdən qorxurlar, çünki illər boyu yalançı vətənşüvənlərimiz bu anlayışı gözdən salıblar. Erməni uşağına, qadınına güllə atmaram. Səfərbərlik elan edilsə can-başla gedərəm. Son 25 ildə ilk dəfədir ki, Azərbaycan cəmiyyəti birgədir. Bunun nəyi pisdir ki? Kif basmış cəmiyyət tərpənir. Buna ancaq sevinmək olar".

Kəramət Böyükçöl
AzNews.az