- Köhnə - Mədəniyyət
- 12 İyul 2016 11:14
- 9 860
“Onların yazısı çap olunanda kimlərləsə üz-göz oluruq” - Seyfəddin Hüseynli

“Elmlər Akademiyasının əvəzindən məruzə yazan deyilik ki...”
Ədəbiyyatşünas, "525-ci qəzet"in redaktoru Seyfəddin Hüseynlinin AzNews.az-a müsahibəsi:
– Seyfəddin müəllim, uzun illərdir "525-ci qəzet"in redaktorusunuz. Ancaq imzanız "Oxu zalı"na yazdığınız yazılardan sonra daha çox tanınındı. Ya necə? Özünüzü ifadə etmək üçün "525-ci qəzet" ən azı "Oxu zalı" səviyyəsində bir tribuna deyilmi?
– Dediyin məsələ sənin stajına bağlıdır. Axı mənim "525-ci qəzet"də ədəbiyyatla bağlı yazılarım çox olub, xeyli köşələrim gedib. Bəzən siyasi gündəmlə bağlı da yazılar yazmışam.
– Söhbət hansı illərdən gedir ki?
– 90-cı illərin sonu 2000-ci illərin əvvəlindən. Qəzetdə əvvəl müxbir kimi fəaliyyətə başlamışam, sonra redaktor müavini oldum, paralel olaraq texniki işləri də görürdüm... "525-ci qəzet"i 64 və 48 səhifə buraxdığımız vaxtlar olub. Burada müəyyən polemikalar olurdu, ayrı-ayrı müsahibələr və s. Uzun illər bu kimi yazıların hazırlanması ilə məşğul olmuşam. Doğrudur, enerjim daha çox bu işlərə sərf olunub.
Həm də qonorar məsələsi də vardı axı. Yəni kənardan yazanlara qonorar verilirdi, amma mənim yazıb qonorar almaq ümidlərim zəif idi. Qəzetin imkanlarına görə deyirəm bunu.
Bir müddət sonra isə "Oxu zalı"nda müəyyən bir mühit yarandı, ora yazmağa başladım, eyni zamanda kulis.az saytına da yazılarım gedirdi. Belə demək mümkünsə uzun müddət özünü dincə qoymuş bir adam birdən-birə qaynar mühitə düşdü...
– Uzun müddət özünü dincə qoymuş bir adam birdən-birə qaynar mühitə düşdü. Deməli, ilk sualım yersiz deyilmiş.
– Kim deyir ki yersizdi? Amma sualda bir az ehkamçılıq hiss elədim. O da mənzərəni tanımadığından irəli gəlir. Axı 2004-cü ildə mənim "525-ci qəzet"də silsilə tənqidi məqalələrim çıxırdı, sən o yazıları görübsənmi, xəbərin varmı? Yox! Bir müddət qəzet üçün kiçik həcmli müsahibələr almışam, bilirsənmi? Yenə yox! Sadəcə, bayaq dediyim kimi sənin stajın o dövrləri əhatə eləmir deyə xəbərin yoxdur.
– Sizcə, niyə xəbərim yoxdur? Stajım çatmırsa bəs niyə kimsə yanımda deməyib?
– Deyim. "525-ci qəzet"ə bir klişe münasibət var. Buna klassiklərin, qocaların qəzeti deyiblər, Yazıçılar Birliyinə yaxınlığı ilə bağlı sözlər olub və s. O vaxt qəzet elə bil ştamplanmışdı. Bu cür ştamplanmış qəzetdə nə qədər yazı versəydin də üstündən keçiləcəkdi. Görünür, keçilib ki sənin diqqətini cəlb eləməyib, yaxud kimsə yanında danışmayıb...
– Cavanların "525-ci qəzet"də həvəslə çap olunduğu bir dövr vardı. Cavid Zeynallı, Qismət...
– Onlardan da qabaq Seymur Baycan, Aqşin, Qan Tural...
– Görəsən, nə üçün ilkin dövrlərdə "525-ci qəzet"də həvəslə çap olunur, sonra isə bəyənmirlər?
– Kəramət, bunun ən birinci səbəbi odur ki, bu gün çap imkanları genişdir, saytlar günü-gündən çoxalır. Səni inandırım ki, geniş çap olunmaq imkanları adamların əlindən çıxsa üz tutacaqları ilk yer yenə də "525-ci qəzet" olacaq. Çünki bu qəzetdə bir ənənə var, bir ərk var...
İkincisi, bu günün özündə də qəzetdə çap olunmağa, hər hansı bir informasiyanın getməsinə ehtiyac hiss eləyənlər, yazmaq istəyənlər az deyil. Başqa bir səbəb isə qonorar məsələsidir. Qəzet yaxşı qonorar verə bilmir, maddi imkanlar o qədər böyük deyil. Hələ gözləmək məsələsi də var. Bir yazı verib gözlə ki, "525-in" şənbə nömrəsi nə vaxt çıxacaq? Qismətgilin, Cavidgilin nəslindən olanlar yaxşı bilir ki, onların hər yazısı çap olunanda kimlərlə üz-göz olurduq. Çünki onların yazıları qəzetdə kimlərinsə yerini tuturdu. Təbii, Cavid, Qismət və başqaları yaxşı yazırdılar, yeni idilər, maraqlı idilər... Axı mən bu gün həmin imzaları məcbur eləyə bilmərəm ki, kulis-də, sim-sim-də çap olunmayın, gəlin"525-ci qəzet"ə!
– Bu yaxınlarda qəzetinizdə Gülnar Səma adlı bir imzanın yazısını oxudum. "Çağdaş gənc yazarlarımız müasir ədəbi proseslərə yetərincə təsir göstərməkdədir" cümləsilə başlayan yazının sonrası eyni intonasiya ilə davam edir. Niyə mənə elə gəlir ki, ədəbi zövqünə, bədii-estetik dünyagörüşünə bələd olduğum Seyfəddin müəllim bu cür bir yazının qəzetdə çap olunmasına icazə verməməlidir?
– Niyə ki?
– Yazının sonuncu cümləsi isə belədir: "Göründüyü kimi 2015-ci il gənc yazarların yaradıcılığında müəyyən uğurlu mərhələ kimi qiymətləndirilə bilər. Bu mərhələnin belə yüksələn xətlə inkişafı isə əlbəttə ki, AYB-nin gənclər siyasəti və AYB-nin Gənclərlə İş üzrə Katibliyinin gənclərə dəstək olmasıyla bilavasitə əlaqəlidir". Doğrudanmı vəziyyət bu qədər çətindir, gərgindir, imza qıtlığıdır?
– Əvvəla, mən çox sevinirəm ki, uğurlu dövrü arxada qalıb dediyin "525-ci qəzeti" bu gün də izləyir, ədəbiyyatımızla ekvivalent görürsən. Buna çox şadam. İkincisi, sənə deyim ki, vəziyyət heç də çətin, gərgin deyil. Ədəbiyyatımız həddindən artıq rəngarəngdir, imzalar baxımından da, yanaşmalar baxımından da, səviyyə, keyfiyyət baxımından da! Biz isə qəzetimizdə həmin çoxsəsliliyə, çoxrəngliliyə qapı açırıq. Təmayül etibarilə yaxın olduğumuz Azərbaycan Yazıçılar Birliyinin bir fəal nümayəndəsi və söz demək hüququ olan cavan bir yazar kimi Gülnar Səmaya bizim qəzetdə yer verilib, o da öz yaşıdları haqqında yazıb. Burda nə var ki?! Daha necə yazıb, nə cür yazıb, başqa bir söhbətin mövzusudur. Sən hər hansı yazı ilə razılaşa da bilərsən, razılaşmaya da! Bizdə kifayət qədər çap olunmaq istəyənlər var, yazılar da boldur. Amma bütün yazılar Seyfəddinin, Kəramətin zövqünü oxşamalıdırmı? Məncə, çətin məsələdir.
Biz hərdən Elmlər Akademiyasının məruzələrini də qəzetdə veririk, baxmayaraq ki məruzəçi məsələyə necə yanaşır, hansı adlara üstünlük verir, hansı adların üstündən xətt çəkir. Biz Elmlər Akademiyasının əvəzindən məruzə yazan deyilik ki...
– Seyfəddin müəllim, daim müzakirə olunan bir mövzu var: kitab oxumadan, filmlərə baxmadan ciddi yazıçı olmaq mümkün deyil. Ayrı vaxt Hüseyn Arifə, Zəlimxan Yaquba dahi deyənlər bu məqamda başqa fikrə düşür: oxumayıb uzaq başı Hüseyn Arif, Zəlimxan Yaqub ola bilərsən!
– Əvvəla, adını çəkdiyin iki unudulmaz söz sənətkarını ehtiramla yad edirəm. Və fikirləşirəm ki, onların haqqında oxumamış, mütaliəsiz obrazının yaradılması çox böyük qəbahətdir. Niyə onları oxumamışlığın sinvolu kimi göstərirlər? Sən özün Zəlimxan Yaqubla yaxın ünsiyyətdə olmuş adamsan, yəqin bilirsən ki, o, daim mütaliə edirdi. Ən azı yaddaşı göstərirdi ki, Zəlimxan Yaqub özünə lazım olanları oxuyub. Onsuz da bu dünyada hər kəs təxminən, özünə lazım olan şeyləri oxuyur.
O ki qaldı sualın ikinci hissəsinə, oxumadan ciddi yazıçı olmaq olarmı? Bu sual demək olar, sənin əksər müsahibələrində qoyulur. Bəlkə adamların ağzından ümidverici söz almaq istəyirsən? Çox təəssüf ki, mən də səni məyus edəcəm: bəli, oxumadan ciddi yazıçı olmaq mümkün deyil. Ölsən də oxumalısan.
Oxumağın zəruriliyi təzə çıxmayıb. Klassik ədəbiyyatımızda da belə bir prinsip var. Şərqdə nə üçün oxumalı idin? Təkrarçılığın qabağın almaq üçün, hansısa bir mətləbi hansısa bir formada yazıya alıb əlində bayraq eləyib deməmək üçün ki, mən şedevr yaratmışam və s. Bu iddia ilə ortaya çıxmamaq üçün deyirdilər ki, oxumalısan!
– Yəni oxumaq hətta məcburiyyətə çevrilməlidir. Belə?
– Yox, daxili tələbatla olmalıdır...
– Bəs niyə oxuyan adamlara da münasibət birmənalı deyil?
– Çünki get-gedə görürük ki, oxumağının sayına və keyfiyyətinə görə fərqlənənlər avtomatik marginallaşırlar. Onlar nə qədər təşviq eləsələr də ki oxuyanların sayı, dairəsi artsın, xeyri yoxdur, əksinə azalır. Xüsusən, bir neçə yazı adam var ki, onlara qarışı qəribə bir müqavimət hissi görünür. Onlar kitab, film paylaşdıqca içi mən qarışıq müqavimət hiss yaranır, fikirləşirəm ki, bəsdir, oxuyursan oxu, daha bunu niyə reklam edirsən? Beləliklə, konflikt ortaya çıxır...
– Sizcə, ciddi ədəbiyyat adamı olmaq üçün nə etmək lazımdır, yuxarı hansı nərdivanlarla qalxmaq məqbuldur?
– Bunun üçün birinci olaraq ədəbiyyata ciddi münasibət göstərmək lazımdır. Söhbət məmur ciddiliyindən getmir. Bayaq dediyim kimi, ədəbiyyata daxili tələbat olmalıdır və bir də ədəbiyyata immitasiyasız yanaşmaq. Yəni məqsəd birmənalı şəkildə ədəbiyyat olsun gərək. Qyri-ciddi obraz isə o zaman yaranır ki, ədəbiyyat məqsəd yox, daha çox vasitədir.
– Nə üçün vasitə?
– Bir az dolanışıq, bir az təbliğat, özünü göstərmək, yaxşı oğlan olmaq, yaxud dəlioğlanlıq üçün vasitə və s.
– Şair Əlisəmid Kür və şair Səlim Babullaoğlu! Hərdən adama elə gəlir ki, birinci istedadlıdır, ikinci istedadsız. Siz necə bilirsiniz?
– Mən elə düşünmürəm. Adamlara elə gəlir ki, Əlisəmid istedadlıdır, Səlim istedadsız? Belə bir müşahidəm olmayıb. Kim belə düşünürsə yazı yazsın, fikrini ən azı sübut etməyə çalışsın, yaxud bir müsahibəsində bəyan eləsin. Çayxana guşələrində, şəxsi söhbətlərdə, hansısa ovqat təsirindən olan söhbətlərə ciddi baxmıram.
İkincisi, kimsə öz dünyagörüşünə uyğun bildiyi, daha rahat və asan qavradığı şeirlərə, şairlərə üstünlük verirsə o demək deyil ki, digərləri əhəmiyyətsizdir...
– Seyfəddin müəllim, maraqlıdır, ən çox necə təqdim olunmağı xoşlayırsınız? Tənqidçi, ədəbiyyatşünas, redaktor, jurnalist, publisist, yoxsa tərcüməçi?
– Vallah, hansını yazsan mənə xoşdur. Seçimi sən apar! Bütün bu sahələrin çox uğurlu bir funksioneri kimi mən istəyərdim hamısını yazasan. Çünki bütün bu sahələrdə kifayət qədər alnı açıq, üzü ağam və fədakarcasına çalışan bir insanam!
Kəramət Böyükçöl