“Necə olur ki, Naxçıvanda Mədəniyyət Nazirliyi olur, amma...”

"Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanının hər bir rayonunda mədəniyyət şöbəsi fəaliyyət göstərir. Amma Bakının rayonlarında nazirliyin bir dənə də olsa mədəniyyət şöbəsi yoxdur. Görün, nə qədər acınacaqlı bir vəziyyət yaranıb".

Bunu AzNews.az-a "Ulusfilm" Prodüsser Mərkəzinin rəhbəri Gəray Əlibəyov bildirib. Onun sözlərinə görə, əvvəllər Bakının bütün rayonlarında mədəniyyət şöbələri olub. Amma hazırda həmin şöbələrin hamısı ləğv olunub:

"Necə olur ki, Naxçıvan Muxtar Respublikasında Mədəniyyət Nazirliyi olur, amma Binəqədi rayonunda mədəniyyət şöbəsi olmur? Təkcə Binəqədinin 400 mindən çox əhalisi var. Əgər bu bölgü ilə təyin edilirsə, onda Binəqədidə mədəniyyət idarəsi yaranmalıdır. 10 min əhalisi olan rayonlarımız var ki, orada nazirliyin Mədəniyyət və Turizm şöbələri fəaliyyət göstərir. Bir nazirlik, yaxud da Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi bütövlükdə Bakının mədəniyyət məsələlərini idarə edə bilməz. Belə bir vəziyyətdə hansı inkişafdan söhbət gedə bilər? Bunun da nəticəsində mədəniyyət bu günə düşdü".

Bahar Rüstəmli
AzNews.az