“Elə telekanallar var ki, qanunsuz işləyir” - İTTİHAM

Azərbaycan filmlərinin televiziyalarda yayımı ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanacaq. Bunu AzNews.az-a Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev açıqladı.

Onun sözlərinə görə, televiziyalarda nümayiş olunan filmlərə görə nəzərdə tutulan qonararlar vaxtlı-vaxtında yığılır: "Elə kanallar var ki, Kinorejissorlar Gildiyasının onlarla müqaviləsi var və onlar qanunla işləyir. Elə telekanallar da var ki, onlar qanunsuz işləyir. İndi gildiya monitorinq aparır. Bu yaxın günlərdə həmin monitorinqin nəticələrini elan edəcəyik. Nəticələr açıqlanandan sonra kimin qanunsuz, kimin qanunla işlədiyi bəlli olacaq".

H.Mehdiyev Azərbaycana Tahir Əliyevin "Tbiliso" qısametrajlı filminin çəkilişi üçün gələn rejissor Rəmzi Mərd Ləvəndin Azərbaycan filmləri ilə bağlı mənfi fikrinə də münasibət bildirdi: "Türk rejissoru Azərbaycana film çəkməyə gəlir. Özü də adını rejissor qoyub. Deyir ki, Azərbaycan filmləri barəsində heç nə eşitməyib. Bunu başa düşdük. Amma heç olmasa gəlməmişdən əvvəl bir balaca adam üz tutduğu ölkənin filmləri ilə maraqlanar da. Bəlkə elə deyil? Maraq yoxdur da. Azərbaycan kinosunun günləri keçirilib. İstanbulda, Antaliyada filmlərimiz çox aktiv də olmasa nümayiş olunub. Sadəcə, bu cavan oğlanın xəbəri yoxdur. O ki qaldı, Azərbaycan filmlərinin türk televiziyalarında və kinoteatrlarında nümayiş olunmasına gərək bunun üçün onlarda maraq olsun".

"Xoca" filminin plagiat olması ilə bağlı deyilən ittihamlar nə dərəcədə əsaslıdır" sualına rejissorun cavabı isə belə oldu: ""Xoca"-nı görməmişəm. Ona görə də onun plagiat olub, yaxud da olmaması ilə bağlı heç nə deyə bilmərəm. Amma istər Xocalı hadisəsi, istərsə də Qarabağla bağlı hər hansı ekranlaşdırılan hər bir filmin ümumi işimizə xeyri var ".

Bahar Rüstəmli
AzNews.az