“Natavan” klubunda xalq yazıçının yeni əsərinin təqdimat mərasimi keçirilib “Natavan” klubunda xalq yazıçının yeni əsərinin təqdimat mərasimi keçirilib

Sabir Rüstəmxanlının yeni kitabı: “Əbədi sevda”

“Natavan” klubunda xalq yazıçının yeni əsərinin təqdimat mərasimi keçirilib

"Sabir Rüstəmxanlı öz əbədi yaradıcılığı, ictimai-siyasi fəaliyyəti ilə Azərbaycan ədəbi fikir tarixində əbədiyaşarlıq qazanan sənətkardır". Bu fikir millət vəkili, xalq yazıçısı Sabir Rüstəmxanlının yeni nəşr edilən "Əbədi sevda" kitabının bu gün "Natavan" klubunda keçirilən təqdimat mərasimində səsləndirilib


700 səhifədən ibarət, nəfis tərtibatla çap olunan kitabın təqdimat mərasimində tanınmış millət vəkilləri, ictimai xadimlər, ədəbi ictimaiyyətin tanınmış nümayəndələri iştirak edib. Millət vəkilləri Elmira Axundova, Asim Mollazadə, Fazil Mustafa, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Çingiz Abdullayev, Abbas Abdulla, Firudin Cəlilov, Musa Yaqub, tənqidçilərdən Əsəd Cahangir, Vaqif Yusifli, Rəhim Əliyev, Qəzənfər Paşayev, professor Vaqif Arzumanlının iştirakı ilə keçirilən təqdimat mərasimini Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid aparıb.

Çıxışçılar Sabir Rüstəmxanlı yaradıcılığının ədəbi-bədii keyfiyyətləri barədə danışaraq, onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklər barədə fikir mübadiləsi aparıblar. Yazıçı Çingiz Əlioğlu Sabir Rüstəmxanlı ilə illərə dayanan dostluğundan, zaman-zaman şahidi olduğu maraqlı əhvalatlardan söz açıb, xatirələrə yer verib:

"Bir dəfə rəhmətlik Nüsrət Kəsəmənli və Sabir Rüstəmxanlı yaradıcılıq ezamiyyətinə gedib. Onlara 2 otaqlı mənzil verilib və hər sənətkara bir otaq ayrılıb. Sabir Rüstəmxanlı bütün gün yazıb, Nüsrət Kəsəmənli isə vaxtını keçirib, ancaq heç nə yazmayıb. Nəhayət ondan soruşanda ki, 1 ay müddətində niyə heç nə işləməyib, Nüsrət Kəsəmənli cavab verib ki, Sabir Rüstəmxanlının otağı girişdədir. Mən ilham pərilərimi çağıranda onlar gəlib Sabiri görüb mənə yaxın gəlmirlər. Ona görə də yaza bilmirəm".

Təqdimat mərasimində çıxış edənlər Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatı və milli oyanış hərəkatındakı rolundan danışaraq bu iki amilin bir-birinə qarşılıqlı təsirini vurğulayıblar. Azərbaycan ədəbi dilinin inkişafı, lüğətimizin zənginləşdirilməsi, tariximizin müxtəlif dövrlərindəki proseslərinin publisistik-ədəbi dillə oxuculara çatdırılmasındakı xidmətlərini qeyd ediblər.

Qeyd edək ki, kitabda Sabir Rüstəmxanlının müxtəlif dövrlərdə yazdığı poemalar və əsasən çap olunmayan şeirləri toplanıb.

Elnarə Əlosmanqızı
AzNews.az

image description