Şəfiqə Axundovanın 90 illiyi qeyd ediləcək

Aprelin 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti Şəfiqə Axundovanın 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Məlumata görə, tədbirdə bütün ömrünü musiqiyə həsr etmiş, dahi bəstəkar Üzeyir Hacıbəylinin tələbəsi olmuş Şəfiqə Axundovanın ömür yolu və yaradıcılıq axtarışlarından söz açılacaq. Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin ifasında bəstəkarın əsərləri səsləndiriləcək.

Orkestrin bədii rəhbər və baş dirijor Xalq Artisti, professor Ağaverdi Paşayevdir.

Şəfiqə Axundova Şərqdə ilk opera yazan qadın bəstəkar kimi adını tarixə yazıb. 1972-cü ildə Xalq Yazıçısı Süleyman Rəhimovun eyniadlı povesti əsasında yazdığı "Gəlin qayası" operası ilə bəstəkar yaradıcılığında ən yüksək zirvəyə qalxıb.

Bu opera ilə Şəfiqə Axundova dahi bəstəkar Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı olduğunu, onun ideyalarına, tövsiyələrinə sadiq qaldığını bir daha təsdiq edib. (AzərTAc)