Vüqar Əhməd: “Yazıçılar Birliyi qruplaşma siyasətini kənara qoysun”

Sabah tanınmış şair, professor Vüqar Əhmədin 51 yaşı tamam olur. AzNews.az-ın əməkdaşı şairlə əlaqə saxlayıb həm ad günündən, həm yaradıcılığından, həm də digər maraqlı mətləblərdən danışıb. Tanınmış şairin müsahibəsini təqdim edirik:

-Vüqar müəlim, yaradıcılıqda vəziyyət necədir?

- Bu yaxınlarda Məhəmməd Əmin Rəsulzadə haqqında "Son nəfəsədək Azərərbaycan"adlı romanım çap olundu. Əsər AXC-nin qurucususu haqqında ilk romandır. Onun 130 illik yubiley günü romanın təqdimatı oldu. AMEA-nın prezidenti, akademik Akif Əlizadə elmi fəliyyətimə görə məni "Fəxri fərman"la təltif etdi. Eyni zamanda Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının "Fəxri fərman"ı ilə təltif olunmuşam. Yeni mahnılarım yaranıb, ən ürəyimcə olan İzzət Bağırovun bəstələdiyi və oxuduğu "Azərbaycan" şərqisidir.

- Belə başa düşdüm ki, son vaxtlar yaradıcılığınızda nəsr nəzmi üstələyir...

-Nisbətən.

-Bunun xüsusi bir səbəbi var, yoxsa sadəcə belə alınır?

- Yaradıcı insan kimi son vaxtlar bədii təfəkkürüm öz məhsullarını proza ilə daha çox ifadə edir. Şeir də yazıram, lakin son məqamlar elmi və nəsr əsərləri daha üstünlük təşkil edir. Allaha qurban olum, məni sevindirən odur ki, son vaxtlar yazdıqlarım ədəbi ictimaiyyət, ümumiyyətlə, oxucular tərəfindən tənqidsiz - rəğbətlə, məhəbbətlə qarşılanır. Bu məni yeni mövzular üzərində işləməyə ruhlandırır.

- Tənqid demişkən, tənqidlə aranız necədir?

- Süleyman Rüstəm deyirdi ki, "tənqiddən xoşum gəlir, məndən uzaq olanda". Sağlam tənqidi sevirəm, qələm adamını, elə hər bir insanı formalaşdırır, kamilliyə aparır, peşəkarlaşdırır. Sağlam tənqid hər bir yazarın xeyrinədir. Baxır səni kim tənqid edir, çox vaxt paxıllıqdan olur. Təhqir bağışlanılmazdır, şərəfsizlikdir.

- Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz. Son dəfə orada nə vaxt olmusunuz?

- İyirmi ildir birliyin üzvüyəm. Bu il yanvarın 31-də orda romanımın təqdimatında olmuşam.

- Üç aya yaxın vaxt keçib. Nə əcəb bu müddət ərzində getməmisiniz?

- Səbəbsiz nə işim var orada?

-Vüqar müəllim, bütün dövrlərdə olduğu kimi indi də gənc yazarlarla Yazıçılar Birliyi arasında çəkişmələr, mübahisələr davam edir. Siz isə orta nəsil hesab olunursunuz. Fikrinizcə, kim daha haqlıdır?

- Hər iki tərəfin haqlı-haqsız cəhətləri var. Cavanlar çılğın, iddialı olur və bunu nəzərə almaq lazımdır. Onların bir səhvi varki yaşlı nəsillə bəzən etik çərçivədən kənara çıxırlar. AYB-i də onlara qayğı göstərsə, dinləsə yaxşı olar. Söhbət istedadlı gənc yazarlardan gedir. Yaxşı olar Yazıçılar Birliyi qruplaşma siyasətini kənara qoysun. Bu özəl təşkilat deyil axı? Mən gənclərdən çox razıyam, hörmətimi saxlayırlar, hamısı "ustad" deyə mənə müraciət edirlər, elə hörmət göstərirlər ki, özüm utanıram.

- Ümumiyyətlə istedad meyarını kim müəyyənləşdirir? Mənə görə istedadlı olan bir yazar sizə görə istedadlı olmaya bilər axı...

- Meyar-zad yoxdur. Ya AYB-nin rəhbərliyinin çevrəsində olmalısan, ya vəzifədə yerlin qohumun, adamın olmalıdır. İndi imtiyazlar daha çox müğənnilər üçündür. Yazıçı, alim sayan var? Yuxarılarda adamın olmasa məktubun ünvanına yetişmir. Prezidentlik bir iş yoxdur burda, o, heç kimi nagüman qoymur, hamını sevindirir. Toplumun fikri əsas götürülür. Kütlənin yox, xalqın. Xalqın gözü tərəzidir. Xalq sənətkarı sevsə, dağ bata bilməz. Var telekanalların "sevdiyi" sənətçi, dövlətin sevdiyi "sənətçi", bir də var xalqın sevdiyi sənətçi!

- Belə başa düşdüm ki, Yazıçılar Birliyindən narazısınız. Narazı olduğunuz qurumun üzvlüyündə qalmağa nə ehtiyac var?

- Üzvlük haqqını da vaxtlı-vaxtında verirəm. Mən onlardan narazı deyiləm. Çünki onlar üçün yazıb yaratmıram, xalqım üçün yazıram. Onlar da mənə hər gün "nobellər" bəxş edirlər.

- Ayda nə qədər üzvlük haqqı ödəyirsiniz?

- İllikdir, deyəsən 10 manatdır.

-Yazıçılar Birliyinə hər il büdcədən pul ayrılır. Sizcə illik 10 manata nə ehtiyac var?

- Nə bilim yəqin ehtiyac var,..

- Birliyin üzvü kimi sədrin fəaliyyəti sizi qane edirmi?

- Bilirsən bəy, mənim uşaqlıqda ən sevdiyim yazıçılar Anar, Elçin, Əkrəm Əylisli, Seyran Səxavət olub. Bədii ədəbiyyatı sevməyimdə Mirzə Cəlillə, Sabirlə, Cavidlə yanaşı bu ədiblərin də rolu olub. Mən onlar haqqında ancaq xoş söz deyə bilərəm, nə qədər nöqsanları olsa da. Qaldı sədrin fəaliyyətinə, deməli yaxşı işləyir ki, 30 ildir eyni postda çalışır.

- 30 il eyni vəzifədə çalışmaq yaxşı işləmək deməkdir?

- Bəli, əvəzedilməzdir ki, 30 ildir çalışır. Azərbaycanda böyük yazıçılar çoxdur. Ancaq məmur yazıçı azdır. Təşkilatçılığı bacaran, dövlətə daim dil tapan məmurlarımız azdır.

- Bu sözlər kinayəlidir?

- Xeyr,səmimi deyirəm.

- Son olaraq bilmək istərdim ad gününüzü necə və kimlərlə qeyd edəcəksiniz?

- Ailəmlə,doğmalarımla evdə keçirəcəyik. Srağagün dostlarımla qeyd etdik. Qarabağlı dostlarım - pərəstişkarlarım hər il mənə ad günü keçirirlər. Qarabağ nə qədər işğaldadır, qarabağlıyam!

İntiqam Valehoğlu
AzNews.az