“Azərbaycanın çoxtərəfli xarici siyasəti regionda mövqeyini gücləndirir” - Aytən Qurbanova

“Azərbaycan–İsrail münasibətləri uzun müddətdir qarşılıqlı etimad, səmərəli əməkdaşlıq və ortaq maraqlar əsasında davamlı şəkildə inkişaf edir. İsrailin xarici işlər naziri Gideon Saarın Bakıya planlaşdırılan səfəri bu strateji xəttin məntiqi davamı olmaqla yanaşı, ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərən əhəmiyyətli hadisə kimi qiymətləndirilir. Səfərin gündəliyinə təhlükəsizlik, müdafiə sənayesi, kibertəhlükəsizlik, ticarət və yüksək texnologiyalar üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin daxil olacağı gözlənilir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Qeyd edək ki, son aylarda regional diplomatiyada artan qarşılıqlı səfərlər və siyasi dialoq Cənubi Qafqazda əməkdaşlıq formatlarının daha fəal mərhələyə keçdiyini göstərir. Dövlətlərarası əlaqələrin genişlənməsi həm iqtisadi maraqların güclənməsinə, həm də təhlükəsizlik mühitinin stabilləşməsinə töhfə verir. Bu kontekstdə İsrailin xarici işlər naziri Gideon Saarın Azərbaycana planlaşdırılan səfəri iki ölkə arasında siyasi, iqtisadi və turizm sahələrində müşahidə olunan artan dinamikanın növbəti təzahürü kimi qiymətləndirilir. Rəsmi açıqlamalara görə, tərəflər regional məsələlər, o cümlədən təhlükəsizlik sahəsində dialoqu davam etdirir və mövcud əməkdaşlıq istiqamətini daha da möhkəmləndirməyə maraq göstərirlər.

Siyasi şərhçinin sözlərinə görə, son illərdə müxtəlif sahələrdə reallaşdırılan birgə layihələr Azərbaycan–İsrail əməkdaşlığının təkcə müdafiə sahəsi ilə məhdudlaşmadığını, əksinə, çoxşaxəli və praktiki tərəfdaşlıq modelinə çevrildiyini göstərir.

"Siyasi dialoqun institusional çərçivədə davam etdirilməsi isə regional təhlükəsizlik mühitində dəyişən reallıqlar fonunda xüsusi əhəmiyyət kəsb edir. Post-münaqişə dövrünün yeni geosiyasi situasiyası, nəqliyyat-logistika imkanları və enerji marşrutlarının diversifikasiyası ilə bağlı müzakirələr dövlətlərarası koordinasiyanın daha da güclənməsinə şərait yarada bilər. Humanitar, mədəniyyət və elm-təhsil sahələrində genişlənən əməkdaşlıq isə xalqlar arasında etimadın möhkəmlənməsinə və münasibətlərin uzunmüddətli dayanıqlığına töhfə verir. Gideon Saarın gözlənilən səfəri ikitərəfli əlaqələrin daha da inkişafına xidmət etməklə yanaşı, regionda formalaşan yeni geosiyasi nizamda Azərbaycanın mövqeyinin güclənməsinə də dəstək olur. Azərbaycan milli maraqlara əsaslanan çoxtərəfli xarici siyasətini ardıcıl şəkildə davam etdirərək regional əməkdaşlıq və təhlükəsizlik proseslərində fəal iştirak edir. Bu səfər həmin strateji kursun əhəmiyyətli siyasi göstəricilərindən biri kimi dəyərləndirilir".

Rəfiqə Namazəliyeva,

AzNews.az