“Onunla görüşəndə zamanın dayanmasını arzulayıram...”

Musiqi də bir dünyadır deyirlər. Yaşadığımız dünya kainatın bir parçası olduğu kimi, musiqi də dünyamızın ayrıca bir planetidir. Bu planetin də öz zirvələri, dəryaları, insanları var. Yəqin gözəl musiqilər bu planetin təbiət möcüzəsidir. Fərq yalnız bundadır ki, musiqi adlı planetdə yaradıcı insan özüdür. Biz də musiqi dünyasının gözəlliklərini yaradanlardan biri - bəstəkar, ifaçı Şahin Əliyevlə söhbətləşdik. Necə deyərlər, onun öz dünyasına səyahət etdik...

- Müsahibələrinizin birində cəmiyyətdə musiqiçi kimi tanınmaq istəmədiyinizi bildirmisiniz. Bu günlərdə isə daha bir albomunuz – "Şahin İncredible" işıq üzü gördü. Deyəsən fikrinizi dəyişib, yavaş-yavaş musiqi aləmində yerinizi möhkəmləndirmək istəyirsiniz...
- Əsla elə deyil (gülümsəyir). Mən müsahibələrimdə vurğulamışam ki, musiqiçi kimi tanınmaq istəmirəm. Bu sadəcə musiqiyə olan sevgimdən irəli gəlir. Digər tərəfdən isə mənim ifalarımı sevən insanları da nəzərə alıram. İstər "Love story", istərsə də "Unique", istərsə də "My son" albomlarım işıq üzü görəndə də mən musiqiçi kimi tanınmaq məqsədi güdməmişəm. Buna baxmayaraq hər üç albomum ayrı-ayrılıqda sevildi. "Love story" isə mənim vizit kartım oldu. "Şahin İncredible" albomundan sonra yeni bəstələr üzərində işləyirəm. Bu bəstələrdən ibarət daha bir albom hazırladıqdan sonra Şahin musiqi dünyasında nöqtəsini qoyacaq. Çox güman ki, bu alomun adı "Əlvida" olacaq...

- Niyə məhz "Əlvida?"
- Musiqi dünyamı nöqtələndirirəm.

- Musiqiləriniz əvəzinizdən danışır, sizin iç dünyanıza səyahət etdirir insanı. "Love story"yə qulaq asarkən daxilinizdə coşub-daşan sevginin, "My son"u dinlərkən necə bir ata olduğunuzu, "Qəlbin fəryadı" isə sizin qəlbinizdəki təlatümlü dənizdən xəbər verir. Bu cür əsərlər yaradan insan niyə məhz 5 albomla "Əlvida" etmək istəyir?

- Bir şeyi unutmayın ki, hər bir işin başlanğıcı olduğu kimi sonu da var...

- Sənətkarlar doğulur, yaradır, necə deyərlər, sənətdə möhür vurub gedirlər. Və nədənsə bizə elə gəlir ki, onlardan bir də olmayacaq...
- Yaradıcılığı ilə dahilik zirvəsinə yüksələn insanlara sözün yaxşı mənasında həsəd aparıram. Qaldı ki, mənim musiqi dünyasına əlvida demək fikrinə gəlməyimə, bayaq dediyim kimi, bu, musiqiyə olan sevgimdən irəli gəlir. Musiqi həyatımın bir parçasıdır. Digər tərəfdən isə işlərimə sırf maneələr də yaradır. Hətta övladıma yetəri qədər vaxt belə ayıra bilmirəm. Həftənin 3 gününün 5-6 saatını studiyada musiqiyə ayırıram. Bu da əzizlərimə diqqət ayırmaq baxımından zamanımı daraldır.

- Özünüzü musiqisiz necə təsəvvür edəcəksiniz?
- Ola bilər burda müəyyən qədər mənim ixtisasca hüquqşünas olmağım da rol oynayır. Axı hüquq və musiqi bir-birinə o qədərdə yaxın sənətlər deyil. Hərdən bu paradoksu özüm də hiss edirəm. Musiqidən ayrılmaq barədə qərar vermək o qədər də asan deyil. Çox çətindir...

- İxtisasca hüquqşünas Şahin Əliyev musiqiyə xobbi kimi baxır. Başqa bir xobbiniz varmı?
- Balıq ovunu və idmanı çox sevirəm. Bir də dostlarımla vaxt keçirməyi.

- Tilovunuza qızıl balıq düşsəydi, ondan nə istərdiniz?
- Bir an belə düşünmədən keçmişə qayıtmağıma yardım etməsini dilərdim...

- Axı keçmişə qayıtmaq mümkün olsa, indiki Şahin olmayacaqsınız...
- Buna dəyər (bir anlıq gözləri yol çəkir)...

- Qeyd etdiniz ki, boş vaxtlarınızı dostların əhatəsində keçirirsiniz. Bugünkü günümüzün demək olar ki, əsas hissəsini virtual dostlar təşkil edir. Şahin necə, virtuallığa üstünlük verirmi?
- Müəyyən mənada virtual aləmdə dost bağı yaratdığım insanlar oldu. Amma mənim üçün reallıq böyük məna kəsb edir. Ən yaxın dostlarım real həyatda olan insanlardır – hansı ki, onlarla dostluğum uzun zamana bağlıdı. Emin Zeynalovla 22 illik dostluq bağım var. Emin uşaqlıq dostumdur. Həm də deyərdim ki, o, mənim ruhuma yaxın bir insandır. İfalarımın demək olar ki, əksəriyyətində onunla duetlər yer alıb. Baxmayaraq ki, o da həmçinin başqa bir sahənin adamıdır. Zaur Səfərovla dostluq münasibətim 6 ildir sürür. Onunla dostluğum Türkiyədən qaynaqlanır. Zaur isə diplomatdır. Həmçinin o da musiqiyə bağlı bir insandır. Bizim hər üçümüzün bir ortaq nöqtəmiz var – musiqi.

- Sizin ifanızı dinləyənlərin əksəriyyətinin fikrincə, çox sevirsiniz və məhz bunun üçün də əsərləri bu qədər bu cür mükəmməl ifa edirsiz.
- Şübhəsiz ki, bu, sevgidən qaynaqlanır. Məsələn, "My son", "My beautiful day", "My love", "My friend" – hər bir ifamı sevərək yaratdım. Bunların hər biri sevgidən doğan əsərlərdir.

- Sizin üçün sevginin tərifi varmı?
- Var, sevgi qarşılıqlı hörmətdir. İki insanın bir-birinə olan hörmətindən yaranan hissdir sevgi.

- Xəyanəti bağışlayırsınız?
- Mənim dünyamda iki şeyə yer yoxdur - xəyanət və yalana.

- Bəzən cazı qəlbin hayqırtısı hesab edirlər...
- Cazı çox sevirəm. Təəssüf edirəm ki, cazı dinləyən insanlarımız azlıq təşkil edir. Cazı sevən insan bütün musiqiləri hiss edə bilər. Mən "Bambaşqa" əsərimdə pianino ilə cazın sintezini yaratmışam.

- Üç albomunuz Türkiyədə, biri isə Azərbaycanda...
- Vətənimi çox sevirəm. Albomlarımın harda işıq üzü görməsindən asılı olmayaraq, hər yerdə mən azərbaycanlı olduğumu vurğuladım. Türkiyədə yaranmasına səbəb isə orda təhsil alıb yaşamağım, ailə qurmağım oldu. Digər tərəfdən də mənim musiqi dünyamda görüşdüyüm musiqiçi dostlarımın əksəriyyəti orada yaşayır. Deyərdim ki, Türkiyə Avropanın qapısıdır.

- Sizin elə ifalarınız var ki, istər-istəməz insanı göz yaşlarına qərq edir. Hansı ifaçı sizi kövrəldir?
- İfaçının adını unutmuşam. Onun "My mother" əsəri mənə çox duyğulandırır.

- Albomunuzda "Leyla" adlı əsəriniz yer alıb...
- Qızım anası ilə birgə İstanbulda yaşayır. İndi məndən çox uzaqdadır. Hər onunla görüşəndə zamanın dayanmasını arzulayıram...

- Hüquqşünas Şahin Əliyev, dinləyicilərin zövqünü bayağı mahnı ilə korlayan musiqiçilərə hansı cəzanı vermək olar?
- Ən azından onlar bunu anlamalıdırlar ki, bu yolda özlərini tapa bilməzlər. Hüquqi baxımdan heç bir cəza tətbiq etməzdim. Çünki özüm də musiqiyə bağlı bir insanam.

- Şahini bu gün həyatda ən çox qorxudan nədir?
- Həyatda bircə şeydən qorxdum – tək qalmaqdan. Ölümdən belə qorxmadım, əksinə üstünə getdim. Ümidvaram ki, Allahım məni qorxduğum şeylə imtahan etməz.

- Sevgi hissi, ya məntiq?
- Sevgi iş anlaşması deyil ki, ona məntiqlə yanaşıb müqavilə bağlayasan.

- Bakıda sizi hansı məkan daha çox özünə cəlb edir?
- Mən sakit yerləri daha çox xoşlayıram. Təbiət qoynunda dincəlməyə üstünlük verirəm. Səhərlər Milli parkda gəzirəm. Təbii ki, zamanım olanda.

- Yaddaşınızdakı hansısa bir hadisəni xatırlayıb kövrələrkən musiqi köməyinizə gəlir, yoxsa şeir?
- Sözsüz ki, musiqi, yenə musiqi. Poeziyanı da çox sevirəm. Amma şeir yazmağa təəssüf ki, istedadım çatmır.

- Həyat onu yaşadığın illərin sayına görə dəyərləndirilmir. Həyat ona dəyər verdiyin, onun dəyərləndiyi anların sayı ilə ölçülür. Həyatınızdan bəhs edən kitab yazsaydınız, adını nə qoyardınız?
- İtirdiyim illər...

- Bəs həyatınıza həsr etdiyiniz musiqi hansıdır?
- Bunun bir cavabı var - "My beautiful day".

- Sizcə bir ailənin təməlində nə durur?
- İnam! Binanı saxlayan sütunu olduğu kimi, ailəni də saxlayan inamdır. İnam olmadığı təqdirdə o ailə yarımçıq olur və dağılmaq təhlükəsi ilə üz-üzə qalır.

- Bu həyatda itirdiyiniz çox olub, ya qazandığınız?
- Mənə görə itirdiyim qazandığımdan daha çox olub. Mən Şahin olaraq qazandıqlarımı itirdiyimə qurban verərdim. Baxmayaraq ki, itirdiyimi tək şəkildə deyirəm, qazandığımı cəm. Amma qazandıqlarım itirdiyimi heç bir şəkildə ödəşdirə bilmir. Şekspirin bir sözünü xatırlayıram: "Həyat bir səhnədir – biz isə aktyorlar". Bəzən həyat insana eyni rolu bir neçə dəfə ifa etdirir. Bu baxımdan qazandıqlarımı qəbul etdiyim kimi, itkini də qəbul edərək, bu da bir həyatdır deyirəm.

- "Qəlbin göz yaşı" əsəriniz bundan qaynaqlanırmı?
– .................
- Hüquqşünas Şahin, musiqiçi Şahin. Hər ikisi bir-birinə zidd sahələrdir. İkili olmaq sizə çətin deyil?
- Ayın görünməyən tərəfi olduğu kimi, Şahinin də görünməyən tərəfləri var.
- Yaxşı xatirələri D diskində saxlamaq şərtilə, kompüter kimi insan beynini də format etmək mümkün olsaydı, saxladıqlarınız çox olardı, ya sildikləriniz?
- Əlbət ki, saxladıqlarım.

- Özünüzü harda daha rahat hiss edirsiz – musiqi ifa edərkən, oğlunuzla vaxt keçirərkən, ya təkliyə qapılarkən?
- Anam və oğlum yanımda olarkən.

- Ananıza çox bağlı bir övladsız. Ananızla bağlı hansı xatirəni danışmaq istərdiz?
- Mən məktəbdə oxuyan zaman anam mənə əlavə 6 səhifəlik ədəbiyyat verərdi oxumağa. Əgər onu oxuyub bitirməsəydim, həmyaşıdlarımla həyətdə oynamağa icazə verməzdi. Düzdür, o dərəcədə də oxumağı sevməsəydim belə, amma bilirdim ki, bunu etdiyim halda istəyimə çata biləcəm. İndi də həmin qaydanı oğlum üzərində tətbiq edirəm.

- Dəcəllik edəndə nə ilə cəzalandırırdı?
- Heç vaxt valideynlərimiz nə mənimlə, nə qardaşımla, nə də bacımla yüksək tonda danışmayıblar. Bizi kəskin baxışlarıyla cəzalandırıblar.

- Zamanı disk kimi geriyə fırlatmaq olsaydı, hansı yerində pauza edərdiniz?
- 2006-2007-ci illərimdə pauza yox, stop düyməsini basardım...

- Nəyi etiraf etmək istərdiz?
- Musiqiçi olmaq istəyirdim. Amma atam məni həkim kimi görmək istədiyindən buna etiraz etdi. Mən də onun istəyinə qarşı çıxaraq hüquq sahəsini seçdim. Atam özü hüquqşünas olduğu üçün məni bu sahədə görmək istəmirdi.

- Hansı sualı eşitməyi sevmirsiz?
- Şəxsi həyatımla bağlı sualları. Çünki o haqda danışdıqda o artıq şəxsi olmur. 2012-ci ildə mənə xoş olmayan bir sual ünvanlanmışdı. Türk müxbiri "Şahin nədən bu cür qəlbləri riqqətə gətirən ifalarıyla "Planeta muzica" müsabiqəsinə qatılmadı?" sualını vermişdi.

- Suala cavabınız nə oldu?
- (gülümsəyir) Şahin özü ayrı bir planetdir. Şübhəsiz ki, bu bir zarafat idi, sualdan xoşlanmadığım üçün ona belə cavab verəsi oldum.


Tünzalə Xəlilqızı
Adelet.az