- Redaktor masası
- 19:33
- 2 160
Paşinyan Türkiyədə: İrəvan Ərdoğandan nə umur? - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri həm Ermənistanda, həm də regionda geniş müzakirələrə səbəb olub.
İrəvandan bu səfər kontekstində verilən açıqlamalar və səfərin mahiyyəti iki fərqli aspektdə diqqət mərkəzindədir: rəsmi məqsədlər və müxalifətin tənqidləri.
Türkiyədə yerli erməni icması ilə görüş keçirən Paşinyan bu səfəri Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addım kimi təqdim edib. Paşinyanın sözlərinə görə, səfər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, sülh və dialoqun gücləndirilməsi üçün vacibdir. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşün münasibətlərə yeni impuls verəcəyinə ümid etdiyini bildirib.
Ermənistan Baş naziri hesab edir ki, bu proses yalnız Ermənistan və Türkiyə arasında deyil, həm də Ermənistan-Azərbaycan münasibətləri çərçivəsində regional inkişaf üçün əhəmiyyət kəsb edir. Bundan başqa, Paşinyan Türkiyədəki erməni icmasının iki ölkə arasında münasibətlərin dərinləşdirilməsində oynadığı rolu önə çəkib.
Ancaq Ermənistan müxalifəti bu mövqe ilə razılaşmır. Ermənistan müxalifəti, xüsusən də Aqvan Vardanyan kimi nümayəndələr Paşinyanın səfərinə dərin güvənsizliklə yanaşır. Onlar bu səfəri Ermənistanın maraqlarına uyğun olmayan bir addım kimi qiymətləndirirlər. Müxalifətçilər Paşinyanın Ərdoğan və Əliyevlə əvvəlki görüşlərinin nəticələrini “biabırçılıq” adlandırır və bu səfərin də Ermənistan üçün əhəmiyyətli bir nəticə gətirəcəyinə inanmadıqlarını bildirirlər.
Ermənistan deputatı Abrahamyan bəyan edib ki, Nikol Paşinyanın keçirəcəyi görüşlərin gündəliyinin gizli saxlanılması ermənilər arasında əlavə narahatlıqlara səbəb olub. Müxalifət Türkiyə və Azərbaycanın regionda ortaq strateji mövqeləri nəzərə alaraq bu səfərin nəticələrinin Ermənistanın əleyhinə işləyəcəyini ehtimal edir.
Bəs, Paşinyan özü nə umur?
Əvvəla, Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmaqla həm iqtisadi, həm də siyasi izolyasiyanı qismən aradan qaldırmağa çalışır. Ermənistanın regional layihələrdə iştirakı və sərhədlərin açılması üçün, o, Türkiyədə aparacağı müzakirələri yeni bir platforma sayır.
Digər tərəfdən, Paşinyan Azərbaycanla davam edən sülh danışıqlarında Türkiyəni nisbətən loyallaşdırmağa çalışır və hesab edir ki, bu kontekstdə Ankara ilə münasibətlərin yaxşılaşdırılması Ermənistan üçün vacibdir.
Regionda dəyişən reallıqlar: Ermənistanın müstəqil siyasət yürütmək cəhdi Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqla Rusiyanın Cənubi Qafqaza təsirini balanslaşdırmaq məqsədi daşıya bilər.
Azərbaycanın maraqları baxımından Paşinyanın Türkiyə ilə münasibətləri normallaşdırmaq cəhdi, əgər Ermənistan regionda davamlı sülhə meyil edirsə, müsbət nəticələr doğura bilər. Bununla belə, rəsmi Bakı nəzərdən qaçırmır ki, Ermənistanın hələ də sülh razılaşması məsələsində qeyri-müəyyən mövqe tutur, qeyri-sabit daxili və xarici siyasəti bu prosesə maneə yaradır.
Paşinyanın səfəri göstərir ki, Ermənistan Azərbaycanın və Türkiyənin qarşılıqlı təsir gücünü qəbul etmək məcburiyyətindədir. Lakin bu səfərin nəticələrinin Ermənistanın bölgədəki mövqeyini dəyişdirəcəyi ehtimalı aşağıdır, çünki Azərbaycan artıq özünün siyasi və iqtisadi üstünlüyünü təsdiqləyib.
Yekun olaraq, Paşinyanın Türkiyə səfəri Ermənistanın regionda yenidən mövqe qazanmaq cəhdidir. Lakin bu cəhdin Azərbaycanın maraqlarına uyğun olmayan nəticələr doğurması mümkün görünmür. Azərbaycan-Türkiyə əməkdaşlığının gücü və vahid regional gündəm Paşinyanın strategiyasını nəzarətdə saxlayacaq əsas amillərdir. Ermənistan baş nazirinin ümid etdiyi nəticələrə nail olub-olmaması isə, umacaqlarından deyil, Azərbaycanın mövqeyindən asılıdır.
Mövsüm NOVRUZOĞLU
AzNews.az