• Toplum
  • 20 İyun 22:18
  •  1 225

Azərbaycan universitetlərinin beynəlxalq reytinqi necə artdı?

Azərbaycan tarixində ilk dəfə altı universitetimiz “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə daxil olaraq TOP 1000-lik sıralamada yer alıb. Ümumilikdə isə bu nüfuzlu reytinqdə Azərbaycan universitetlərinin sayı doqquza yüksəlib. Üç universitetimiz ötən ilə nisbətən mövqelərini əhəmiyyətli dərəcədə gücləndirərək daha yüksək pillələrdə qərarlaşıb. Altı universitet isə ilk dəfə olaraq bu qlobal reytinqə daxil olmaqla Azərbaycanın ali təhsil sisteminin beynəlxalq səviyyədə tanınmasında mühüm bir nailiyyət əldə edib. Xüsusilə Bakı Dövlət Universitetinin 300 pilləyə yaxın irəliləyərək 688-ci mövqedə qərarlaşması ölkənin təhsil sektorunda böyük uğur kimi qiymətləndirilir. Bundan əlavə, Azərbaycan Dövlət İqtisad Universiteti (801-850 aralığı) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (851-900 aralığı) də əhəmiyyətli irəliləyişlər əldə ediblər.

Bu uğurların əldə olunmasında “QS World University Rankings”in əsas qiymətləndirmə kriteriyaları mühüm rol oynayır. Bu reytinq aşağıdakı kriteriyalara əsaslanaraq universitetləri qiymətləndirir:

Akademik nüfuz (40%)

Universitetlərin tədris və tədqiqat sahələrindəki qlobal akademik nüfuzu peşəkarlar tərəfindən dəyərləndirilir.

Məzunların işəgötürənlər arasında nüfuzu (10%)

Universitet məzunlarının əmək bazarındakı uğurları və işəgötürənlər tərəfindən necə qiymətləndirildiyi əsas götürülür.

Tədqiqat göstəriciləri (20%)

Elmi tədqiqatların keyfiyyəti, bu tədqiqatlara edilən istinadların sayı və onların təsiri qiymətləndirilir.

Tələbə-müəllim nisbəti (20%)

Universitetin tələbələrə fərdi yanaşma və tədris keyfiyyətini təmin etmək qabiliyyəti ölçülür.

Beynəlxalq tələbələr və beynəlxalq müəllim heyəti (10%)

Universitetlərin beynəlxalqlaşma səviyyəsi və xarici tələbələrə cəlbediciliyi nəzərə alınır.

Azərbaycan universitetlərinin bu kriteriyalara əsaslanaraq uğur qazanması, ölkəmizin təhsil sektorundakı keyfiyyət dəyişikliklərinin və inkişaf strategiyalarının düzgünlüyünü nümayiş etdirir.

Elmi tədqiqatların keyfiyyətinin artırılması və bu tədqiqatların beynəlxalq miqyasda yayılması universitetlərimizin akademik nüfuzunun yüksəlməsinə səbəb olub. Müasir tədris metodlarının tətbiqi və tələbə-müəllim nisbətinin yaxşılaşdırılması da tədris keyfiyyətində əhəmiyyətli irəliləyişlər yaradıb. Bu, həmçinin, məzunların beynəlxalq əmək bazarında daha rəqabətqabiliyyətli olmasını təmin edir.

Beynəlxalqlaşma prosesləri də bu uğurların əldə edilməsində əsas faktorlardan biridir. Xarici universitetlərlə əməkdaşlıq, beynəlxalq tələbə və müəllim mübadiləsi proqramları, eləcə də ikili diplom təşəbbüsləri Azərbaycan universitetlərinin dünya təhsil məkanına inteqrasiyasını daha da gücləndirib.

Bu uğurlar yalnız təhsil sahəsi ilə məhdudlaşmır. Onlar Azərbaycanın qlobal elmi və intellektual məkanda mövqeyini gücləndirir, əməkdaşlıq imkanlarını genişləndirir və ölkəmizin intellektual kapitalını artırır. Universitetlərin bu reytinqdə irəliləməsi Azərbaycan təhsilinin beynəlxalq miqyasda rəqabətqabiliyyətli olduğunu sübut etməklə yanaşı, ölkəmizin intellektual və innovativ inkişafına töhfə verir. Bu, həm də Azərbaycanın qlobal nüfuzunun artmasına və iqtisadi-sosial inkişaf strategiyalarının uğurla həyata keçirilməsinə xidmət edir.

Nuray,

AzNews.az