Əkrəm Əylisli “paxıllıqda” ittiham olundu

Xalq yazıçısı Əkrəm Əylisli müsahibəsində həmkarı Çingiz Abdullayevi ağır ittiham edib: "Mən Çingiz Abdullayevi yazıçı hesab etmirəm. Bu adamın yazıçılığa aidiyyəti yoxdur. Nyu-Yorkda "Azadlıq heykəli"nin yerində yazıçı kimi Çingiz Abdullayevin heykəli qoyulsa, yenə də onu yazıçı hesab etməyəcəyəm".

Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu AzNews.az-a açıqlamasında Əkrəm Əylislini həqiqətə yaxın olmağa və onu qəbul etməyə səslədi: "Çingiz Abdullayev bizim fəxrimiz, xalq yazıçısı və birliyin katibidir. Bunu qəbul etmək lazımdır. Amma neyləyək ki, Əkrəm Əylisli bunları qəbul etmək istəmir. Əgər Çingiz Abdullayevdən soruşsalar ki, Əkrəm Əylisi necə yazıçıdır, o, həmkarından fərqli olaraq, çox yaxşı danışacaq. Bu onun böyüklüyündən gələn bir şeydir. İndi biz neyləyək ki, Çingiz Abdullayevin şöhrəti özündən əvvəl Nyu-Yorkdan gəlir. Əsərləri sevilir, oxunur.

Bu bizim günahımız deyil ki, onun yaradıcılıqda qazandığı uğurdur. Əkrəm müəllim bunu niyə deyir, hansı haqla deyir, onu açıqlasa, yaxşı olar. Bir də ki, biz paxıllıqdan irəli gələn şeylərdir. Çingiz Abdullayevin şöhrəti ondan qabaqda addımlayır. Əkrəmin sözü olmasın, belə getsə ona doğrudan da heykəl də qoyacaqlar".

Bahar Rüstəmli
AzNews.az