Üzeyir Hacıbəylinin 130 illiyi – 10 gün davam edəcək festival

Musiqili Teatr Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalında iştirak edəcək.


Teatrının mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu AzNews.az-a bildirib ki, Bakıda baş tutan tədbirdə İtaliya, Latviya, Rusiya, Suriya, Estoniya, Kanada və Türkiyədən tanınımş musiqiçilər və kollektivlər – Miina Yarvi, Mişel Kampanella, Tanel Joametts, Oleq Poxanovski, Azmex Kinan, Gürcüstan Kamera Orkestri, Liyepaya Simfonik Orkestri, Rusiya Nəfəs Alətləri Kvinteti, Saksafon kvarteti və başqaları ilə yanaşı, Dövlət Musiqili Teatrı da iştirak edəcək.

18-28 sentyabr tarixlərində Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ərsəyə gələn festivalda teatrının kollektivi də 18 sentyabr tarixində Üzeyir Hacıbəylinin Fəxri Xiyabanda məzarını ziyarət edəcək. Habelə həmin gün Dövlət Musiqili Teatrı Heydər Əliyev Sarayında baş tutacaq VII Beynəlxalq Musiqi Festivalının açılış mərasimində və Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində öz töhfəsini verəcək.

19 sentyabr tarixində Musiqili Teatrda Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" 2 hissəli musiqili komediyası, 20 sentyabr saat 19.00-da isə dahi sənətkarın "Ər və arvad" operettası festival iştirakçılarına təqdim olunacaq.

Teatrın direktoru Əliqismət lalayev isə AzNews.az-a açıqlamasında festival ilə bağlı fikirlərini bölüşüb: ""Musiqili Teatrın əsası 1910-cu ildə Üzeyir Hacıbəylinin "Ər və arvad" komediyası ilə qoyulub. Bizim kollektiv böyük bəstəkarın anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalının tədbirlərində tam səfərbər şəkildə fəaliyyət göstərəcək, xüsusilə də nümayiş olunacaq səhnə əsərləri ilə Ü. Hacıbəyli ideallarının festival iştirakçılarına – xarici qonaqlara daha dolğun şəkildə çatdırılması üçün əlimizdən gələni edəcəyik".

AzNews.az