Həmyerliləri şəmkirli iş adamını niyə qətlə yetirib? - Təfərrüat

Moskva şəhərində güllələnən iş adamı Toğrul Tağıyevin öz həmyerlilərinin sifarişi ilə öldürülməsi xəbəri var.

Deyilənə görə, T.Tağıyevi öz yerliləri – Şəmkir rayonundan olan şəxslər öldürüb. Moskvadakı mənbələrə istinadən yazmışdıq ki, mərhum biznesmeni Həsən, Bek və Cəbi adlı əslən Şəmkirdən olan qardaşlarla aralarında ədavət yarandığı üçün aradan götürüblər.

Musavat.com Moskvadakı mənbələrə istinadən yazıb ki, xeyli müddətdir T.Tağıyevlə qardaşların arasında əmlak və pul üstə qarşıdurma yaranıbmış. Mərhumun həyat yoldaşı Şəhla xanım Rusiya KİV-nə deyib ki, ərini onlara məxsus avtoyuma məntəqəsinə görə öldürüblər.

Qadının sözlərinə görə, əri avtoyuma məntəqəsi aldıqdan sonra təhdidlər alıb, hətta bu ilin martında M-4 şosesində maşınla gedərkən atəşə məruz qalaraq, ayağından yaralanıb. Lakin qadın ərinin qatillərinin adlarını çəkməyib. Deyib ki, yoldaşı təhdidlərdən sonra avtoyuma məntəqəsindən əl çəkib. Musavat.com qətldə və Toğrulla ədavətdə adı keçən üç qardaşdan birinin – Həsənin (Həsən Əjdər oğlu Heydərov) fotosunu əldə edib.

loqo loqo foto musavat.jpg (1.65 MB)

Həmin fotonu təqdim edirik. Xüsusi olaraq qeyd edirik ki, Həsənin bu qətldə iştirakçı olduğu iddia etmirik. Sadəcə bizə verilən qeyri-rəsmi məlumatlarda onun Toğrul Tağıyevin qətlində əsas şübhəli şəxs olduğu deyilir. Bundan öncə də bildirmişdik ki, Həsənin və qardaşlarının (deyilənə görə, digər iki qardaş - Bek və Cəbi hazırda Rusiya Federasiyasında həbsdədirlər-red.) əsas himayəçiləri Sankt-Peterburqda meyvə-tərəvəz bazarının əsas fiqurlarından olan Şəmkir doğumlu biznesmenlərdir. Deyilənə görə, Həsən Heydərov ötən həftə həmin biznesmenlərlə bir yerdə Sankt-Peterburqun dəbdəbəli restoranlarından birində yemək yeyib. Musavat.com bu qətlin sifarişinin həmin biznesmenlərdən gəlib-gəlmədiyi haqda hələlik hər hansı məlumata malik deyil. Son anda aldığımız informasiyada deyilir ki, Toğrul Tağıyevə hücum zamanı Həsən Heydərovun yanında Orxan adlı şəxs də olub.

Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsindən bildirilib ki, hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir, müvafiq ekspertizalar təyin olunub. Mövzunu diqqətdə saxlayacağıq.

AzNews.az