Araşdırmalar zamanı məlum olub ki... Araşdırmalar zamanı məlum olub ki...

Əliş Ləmbəranskinin qızının məzarüstü barelyefini oğurlayanlar - Məhkəmə qarşısında

Araşdırmalar zamanı məlum olub ki...

Qəbiristanlıqda məzar daşlarının üzərində olan bürünc və latundan hazırlanan barelyefləri oğurlamaqda şübhəli bilinən qohumların məhkəmə prosesi başlayıb.

AzNews.az-ın məlumatına görə, cianyət məcəlləsinin oğurluq maddəsi ilə təqsirləndirilən Sahib Yəhya oğlu Əsədullayev və Mikayıl Elçin oğlu Əsədullayevin məhkəmə prosesinə Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərov sədrlik edir. Cinayət işində 20 nəfər zərərçəkmiş qismində tanınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu ilin may ayında Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Sahib Əsədullayev və onun qohumu Mikayıl Əsədullayev tutularaq məsuliyyətə cəlb ediliblər.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər oğurladıqları əşyaları əlvan metal qəbulu məntəqələrinə satıblar. Onların yaşadıqları mənzillərdən oğurladıqları barelyeflərdən bəzilərinin hissələri aşkar olunaraq maddi sübut kimi götürülüb.

İstintaq zamanı məlum olub ki, S.Əsədullayev və M.Əsədullayev Yasamal rayonu M.Müşfiq küçəsində yerləşən qəbiristanlıqdakı daha 20 məzarın üzərində olan barelyefləri oğurlayıblar.

Araşdırma zamanı məlum olub ki, Əsədullayevlər eyni zamanda 1939-cu il təvəllüdlü Elmira Əlişovna Ləmbəranskayanın da qəbirüstü büstlərini oğurlayıblar.

Qeyd edək ki, Elmira Lənbəranskaya Azərbaycanın tanınmış dövlət xadimi, keçmiş Bakı İcraiyyə Komitəsinin sədri Əliş Cəmiloviç Ləmbəranskinin qızıdır. Azərbaycan SSR Nazirlər Soveti sədrinin tikinti məsələləri üzrə müavini, Ali Sovetin deputatı, Mərkəzi Komitənin üzvü olan Əliş Ləmbəranski Bakı şəhərinin əsas simvollarından olan binaların əksəriyyətinin tikilməsinə rəhbərlik edib.

Qeyd edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Azər
AzNews.az