Bakıda 21 yaşlı oğlanı öldürməyə cəhd edən şəxsə 3 il cəza verildi

Orxan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Bakı Ağır Cinayətlər Məhkəməsinə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Orxan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Mirzə Xankişiyevin sədriyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə O.Əliyev barəsində irəli sürülən adam öldürməyə cəhd maddəsi qəsdən sağlamlığa ağır zərər vurma maddəsinə tövsif edilib və o, 3 il azadlıqdan məhrum edilib.

İttihama görə, paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Tayqa" marketin yaxınlığında 1998-ci il təvəllüdlü Zaman Qərib oğlu Rüstəmov çoxsaylı bıçaq xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib.

Daxil olan məlumat əsasında aparılan araşdırma nəticəsində məlum olub ki, R.Zamanov şəxsi münasibətlər zəminində Orxan Elxan oğlu Əliyev tərəfindən bıçaqlanıb.

O.Əliyevə əvvəlcə Cinayət Məsəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb, daha sonra onun əməli 29, 120.2-ci (xuluqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib.