“Avropa Parlamentinin siyasi təzyiq alətlərindən istifadə etməsi sülhə təhdiddir” - Nigar Məmmədova

Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə çıxış edərək regionda formalaşan yeni reallıqlar, sülh prosesi və beynəlxalq münasibətlərdə müşahidə olunan ikili standartlar barədə mühüm mesajlar verdi. Dövlət başçımızın çıxışı Azərbaycanın sülh və əməkdaşlıqla bağlı mövqeyini bir daha nümayiş etdirdi. Bəyan olundu ki,

Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh artıq konkret nəticələr verməkdədir. Bu çərçivədə Azərbaycanın tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması regionda iqtisadi və logistika əlaqələrinin bərpasına imkan yaradıb. Qısa müddət ərzində Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yükün çatdırılması və 12 min ton neft məhsullarının ixracı tərəflər arasında etimadın artdığını göstərir.

Bununla yanaşı, cənab Prezident çıxışında ABŞ-da imzalanmış birgə bəyanatın və əldə olunmuş razılaşmaların sülhün möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğuladı. Bu prosesin davamlı olması regionda uzunmüddətli sabitlik üçün əsas şərt kimi qiymətləndirildi.

Dövlət başçımız bir daha diqqətə çatdırdı ki, 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub və bu təşəbbüs Ermənistan tərəfindən də dəstəklənib. Bu fakt Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım kimi dəyərləndirilir.

Eyni zamanda, Prezident İlham Əliyev 2026-cı il Zirvə görüşünün Ermənistanda keçirilməsinə də Azərbaycanın dəstək verdiyini xatırladaraq, regionda balanslı yanaşmanın vacibliyini vurğuladı.

Çıxışda ən çox diqqət çəkən məqamlardan biri bəzi Avropa təsisatlarının, xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının Ermənistan-Azərbaycan sülh prosesinə qərəzli yanaşması ilə bağlı idi. Cənab Prezident də qeyd etdi ki, bu qurumlar obyektiv mövqe sərgiləmək əvəzinə, ikili standartlar tətbiq edir və Azərbaycanın suverenliyinə qarşı qərəzli qərarlar qəbul edirlər.

Azərbaycanın 2001-ci ildən Avropa Şurasına üzv olduğunu xatırladan dövlət başçımız, ölkənin uzun illər bu təşkilat daxilində fəal iştirak etdiyini, lakin son dövrlərdə ədalətsiz münasibətlə üzləşdiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev çıxışında Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələri də sərt şəkildə tənqid etdi. Bildirildi ki, bu sənədlər reallığı əks etdirmir və siyasi təzyiq aləti kimi istifadə olunur. Dövlət başçımızın sözlərinə görə, bu yanaşma sülh prosesinə töhfə vermək əvəzinə, onu zəiflətməyə xidmət edir.

Buna cavab olaraq Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması barədə qərar qəbul etməsi ölkənin milli maraqlarını qorumaq istiqamətində atılmış addım kimi qiymətləndirildi.

Bütün çətinliklərə və maneələrə baxmayaraq, rəsmi Bakı sülh gündəliyinə sadiqdir.

Bu platforma vasitəsilə bir daha bəyan olundu ki, Azərbaycan regionda sülhün və əməkdaşlığın əsas təşəbbüskarlarından biri kimi çıxış edir. Praktik addımlar, iqtisadi əlaqələrin bərpası və diplomatik təşəbbüslər konstruktiv siyasətin əyani təzahürüdür. Rəsmi Bakı hesab edir ki, davamlı sülh yalnız qarşılıqlı hörmət və real əməkdaşlıq əsasında mümkündür.

Nigar Məmmədova,

Milli Məclisin deputatı