Restoran yaxınlığında qumbara aşkarlandı

STTYS əməkdaşları əraziyə göndərilib və baxış keçirilib

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri, Bulvar küçəsi ərazisində yerləşən “Bakı” restoranın yaxınlığında əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AzNews.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və kinoloji qrupları, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin və Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının (STTYS) əməkdaşları əraziyə göndərilib və baxış keçirilib.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQD-5 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 100 kv.m əraziyə yerüstü, 15 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.