Bakıda maşından 100 min manatlıq saatlar oğurlandı

5 ədəd ümumi dəyəri 100 min manat olan qol saatı oğurlanıb

Paytaxtın Binəqədi rayonunda vətəndaş Ə.Quluzadəyə məxsus avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, zərərçəkən Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsinə (PB) ərizə ilə müraciət edərək bildirib ki, nəqliyyat vasitəsinin yan şüşəsi sındırılaraq avtomaşının saxlanc yerindən 300 manat, arxa oturacağın üzərindən isə 5 ədəd ümumi dəyəri 100 min manat olan qol saatı oğurlanıb.

Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş İsmayıl Məlikov saxlanılıb. Onun Binəqədi rayonunda yerləşən evinə baxış zamanı oğurladığı saatlar, üzərindən isə 3 qrama yaxın narkotik vasitə heroin aşkar edilib.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.