Yaponiya ölkəmizlə ticarət dövriyyəsini daha da artırmaq niyyətindədir Yaponiya ölkəmizlə ticarət dövriyyəsini daha da artırmaq niyyətindədir

"Malın çatdırılması müddətini 10 günə kimi azalda bilərik" - “Bir kəmər - Bir yol” layihəsi

Yaponiya ölkəmizlə ticarət dövriyyəsini daha da artırmaq niyyətindədir



Azərbaycanın günü-gündən inkişaf etməsi, müxtəlif beynəlxalq və regional layihələrdə iştirakı və ya təşəbbüskarlığı təbii olaraq dünyanın bir çox inkişaf etmiş ölkəsinin marağına səbəb olur. Bəzi ölkələr Azərbaycana investisiya qoyur, beynəlxalq layihələrdə ortaqlıq edir, ölkəmizlə ticarət dövriyyəsini artırır və sair. Ticarət dövriyyəsini artırmaq istəyən növbəti belə ölkə isə Yaponiyadır. Bu uzaq Şərq ölkəsi Azərbaycanın malik olduğu logistik imkanları doğru qiymətləndirərək “Bir kəmər - Bir yol” beynəlxalq layihəsi vasitəsilə yükdaşımaların realaşdırılmasını doğru və sərfəli addım kimi dəyərləndirib.

Yaponiyanın ölkəmizdəki səfiri Teruyki Katori bu barədə danışarkən bildirib ki, yeni layihədən istifadə etməklə yaponlar malların Azərbaycana çatdırılmasında xeyli vaxt itikisinə qənaət edə bilərlər: “Biz bilirik ki, Azərbaycanda Yaponiya istehsalı olan avtomobillər çox dəbdədir və onlara böyük tələbat var. Avtomobillər hazırda Azərbaycana Gürcüstan vasitəsilə gətirilir ki, bu da 3 həftə vaxt edir. Sözügedən yoldan istifadə etməklə isə biz malın çatdırılması müddətini 10 günə kimi azalda bilərik”.

Səfir, həmçinin qeyd edib ki, “Bir kəmər - Bir yol” layihəsinin təqdim edilən variantlarının heç də hamısı Azərbaycandan keçməsə də, Yaponiya Azərbaycanın təşəbbüskarı olduğu Şimal-Cənub və Bakı-Tbilisi-Qars layihələrindən istifadə etməklə öz mallarını lazım olan istiqamətdə daşıya bilər.

Göründüyü kimi, böyük bir coğrafiyada effektlər yaradacaq “Bir kəmər - Bir yol” layihəsi yeni strateji reallıqların tərənnümü kimi çıxış edir. Burada əsas təşəbbüskar Çin olsa da, layihə Şanxaydan Avropanın son Atlantik sahillərinə qədər bir nəqliyyat oxunda olan bütün region ölkələrini əhatə edəcək. Bu çoxsaylı ölkələr içərisində öz geosiyasi və geostrateji mövqeyi ilə seçilən tarixi İpək yolunun Şimal-Cənub nəqliyyat marşrutu ilə kəsişdiyi mühüm geostrateji məkanda qərarlaşan Azərbaycan da var. Ölkəmiz özünün müvafiq nəqliyyat infrastruktur və logistik imkanları məcmusunda mühüm tranzit üstünlükləri ilə fərqlənir. Avropa ilə Asiyanı birləşdirəcək yeni alternativ bağlantı - Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin yaradılması, Şimal-Cənub nəqliyyat dəhlizinin yenidən qurulması fonunda bu effektlər daha real görkəm alacaq.

Qeyd edək ki, Çinin müəllifliyi ilə baş tutan “Bir kəmər - Bir yol” layihəsinə hər iki materikdə maraq kifayət qədər böyükdür. Layihənin təqdimatı zamanı 110 ölkədən dövlət və özəl sektor nümayəndələrinin, sərmayədarların və 60-dan çox beynəlxalq təşkilatın iştirak etməsi buna ən yaxşı sübutdur. Çin bu layihə vasitəsilə Avropa və Asiyanın 65-dən artıq ölkəsində dəmir və avtomobil yolları, liman və vağzalların inkişafına 113 mlyard dollar investisiya yatırmağa hazır olduğunu bəyan edib. Sözsüz ki, belə bir layihənin iştirakçısı olmaq Azərbaycanın tranzit imkanlarını artırmaqla daha çox qazanc əldə etməsinə şərait yaradacaq.