“Bizə böhtan atan qara media cəzasını aldı” “Bizə böhtan atan qara media cəzasını aldı”

“Az-Granata”nın direktor müavini: “...bu sahədə mənim kitabxanamdan zəngini yoxdur”

“Bizə böhtan atan qara media cəzasını aldı”

Bu gün “Az-Granata” MMC-nin istehsalat üzrə direktor müavini, professor Vüqar Mikayılovun doğum günüdür.

AzNews.az Vüqar Mikayılovla müsahibəni təqdim edir.

- Özünüz haqqında məlumat verə bilərsiniz?

- Mən Vüqar Mikayılov 1965-ci il noyabr ayının 2-si Ağsu rayonunda anadan olmuşam. Orta məktəbə Ağsu rayonunda getmişəm. 8-ci sinifdən sonra Bakıdakı Kimya-Biologiya təmayüllü liseyə getmişəm. Liseyə qəbul olarkən də bütün qiymətlərim “əla” idi, bitirdiyim zaman da. Məktəbdə oxuyarkən bir çox olimpiadaya qatılmışam. Məktəbi bitirdiyim zaman artıq 18 diplomum vardı.

Daha sonra Azərbaycan Texnologiya Universitetinə daxil oldum, universiteti də “əla” qiymətlərlə oxumuşam, 2-ci kursdan isə universitetin laboratoriyasında işləməyə başlamışam. 1989-cu ildə universiteti bitirdikdən sonra təyinatım Ağsu rayonundakı 2 nömrəli şərab zavoduna verildi. Aspirantura təhsilimi Kırım vilayətindəki Ümumittifaq Şərabçılıq və Üzümçülük İnstitutunda almışam. Və orda texnika elmlər namizədi adını almışam. 1995-ci ildə Ağsu şəhərinə qayıdıb 3 nömrəli şərab zavodunda labaratoriya müdürü işləmişəm. Bir müddət sonra Azərbaycanda üzümçülük tamamilə qurudulduğu üçün işdən ayrıldım. 1999-cu ildə Bakı şəhərinə gəlib kiçik ticarətlə məşğul oldum. Daha sonra bir neçə müəssisədə işlədikdən sonra 2004-cü ildən Kooperasiya Universitetində müəllim kimi fəaliyyətə başladım və hazırda da fəaliyyətimi davam etdirirəm. 2012-ci ildə texniki elmlər doktoru adını aldım. Hazırda isə “Az-Granata” MMC-də direktor müavini vəzifəsində çalışıram.

- Şərabçılığa maraq necə yarandı sizdə?

- Atam Ağsu rayonunda “AGRO-PROM”-un sədri işləyib deyə bizim evə çoxlu şərabçı gəlib-gedirdi. Evimizdə hər zaman Azərbaycanda şərabçılığın gələcəyi haqqında söhbətlər gedirdi. Əvvəllər Azərbaycan SSRİ-də şərabçılıq üzrə demək olar birinci idi, məndə də maraq bundan sonra yarandı. Bundan sonra isə şərabçı texnoloq kimi yetişmək üçün təhsil aldım.

- Doğum gününüz kimlərlə keçirməyi sevirsiniz?

- Səmimi deyim ki, doğum günlərinə çox önəm verən adam deyiləm. Buna görə də, işdə keçirəcəyəm doğum günümü. Bu, demək olar, hər zaman belə olub. Bilirsiniz ki, noyabr ayında bizim şirkətə nar qəbulu başlayır. Belə çox iş olan günü gedib, hardasa istirahət edib, doğum günü qeyd edə bilmərəm. İş yoldaşlarımızla söz vermişik ki, bu gün daha çox nar qəbul edəcəyik. Şərabçılıq mənim ailəm kimidir, ailəmin bir üzvüdür. Buna görə də doğum günümü elə işdə keçirəcəyəm.

- Doğum gününüz üçün ən bəyəndiyiniz hədiyyə nədir?

- Mənim bütün dostlarım bilir ki, mən ixtisasımla bağlı kitabları çox sevirəm. Buna görə də, dostlarım və yaxınlarım doğum günlərimdə mənə daha çox kitab alırlar. Bu kitablar əsasən, mənim ixtisasımla bağlı xarici nəşrlər olur. Bunu rahatlıqla deyə bilərəm ki, Azərbaycanda şərabçılıqla bağlı mənim kitabxanamdan daha zəngin kitabxana yoxdur. Belə bir fikrimiz var ki, kitablarımızı “Az-Granata”nın nəzdində yaratdacağımız kitabxanaya yığaq. Burda insanlar gəlib, kitabları oxusunlar və şərabçılıqla bağlı biliklərini artırsınlar. Kitab tapa bilməyən dostlarım isə mənə müxtəlif ölkələrdə istehsal olunmuş şərabları, çaxırları hədiyyə edirlər. Bu çaxırlar, şərablar isə “Az-Granata”ın muzeyində saxlanılır.

- Gələcək il üçün hansı planlarınız var?

- Məktəbdə oxuyanda sinif yoldaşım bir qız var idi, məndən bir az çox bilirdi. Hər zaman onla yarışda idim ki, keçə bilim. Mən birinci olmağı sevirəm. Bizim şirkət daxili bazarda birincidir, amma xarici bazarda buna nail ola bilməmişik. Planlarım da elə bu istiqamətdədir ki, xarici bazarda da birincilik bizdə olsun.

- Sonda nə demək istəyərdiniz?

- “Az-Granata” haqqında bəzi media nümayəndələri olmayan şeyləri yazırdı, bizi təhqir edib, böhtan atırdı. Hər kəs deyirdi ki, bəs niyə bir iş görüb bunları susdurmursunuz. Deyirdim ki, Allah onların cəzasını gec-tez verəcək. İndi isə elə oldu ki, onlar cəzalarını aldılar. Bunu yazan adamlar qara medianın nümayəndələridir. Biz hər zaman doğrunu yazan, düzgünlüyün tərəfində olan media nümayəndələrini dəstəkləmişik, onların yanında olmuşuq.

Nigar CƏFƏR

AzNews.az