- Paytaxt
- 13:05
- 807
Nazir: "Beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda uzunmüddətli kapitalın cəlbinə önəm veririk"
Azərbaycan beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda uzunmüddətli kapital, qabaqcıl texnologiyalar, idarəetmə təcrübəsi və qlobal bazarlara çıxış imkanlarının cəlb edilməsinə önəm verir.
AzNews.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
Nazir qeyd edib ki, həmkarlarla birlikdə İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Dövlət Neft Fondu (SOCAR) və "BlackRock" şirkəti tərəfindən təşkil olunan "Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu: Süni intellekt və rəqəmsal infrastruktur" mövzusunda xüsusi sessiyada iştirak edib.
O bildirib ki, müzakirələrdə süni intellekt və rəqəmsal infrastruktur, enerji, nəqliyyat və logistika dəhlizləri üzrə investisiya potensialına toxunulub: "Bildirdik ki, Azərbaycanın qeyri-neft-qaz iqtisadiyyatının şaxələndirilməsi artıq real nəticələr verir. Növbəti mərhələdə əsas hədəf qeyri-neft-qaz iqtisadiyyatında məhsuldarlığın, texnoloji tutumun və ixrac imkanlarının artırılmasıdır".
M. Cabbarov qeyd edib ki, süni intellekt və rəqəmsallaşmanı iqtisadiyyatın müxtəlif sahələrində investisiya cəlbediciliyini artıran horizontal platforma kimi qiymətləndirilir: "Bu istiqamətdə enerji bazası, data mərkəzləri və yüksək hesablama imkanlarının inkişafı, eləcə də sənaye, logistika, kənd təsərrüfatı və digər sahələrdə qabaqcıl texnologiyaların tətbiqi mühüm potensiala malikdir".