"Sizin ölkəniz düzgün istiqamətdə irəliləyir" "Sizin ölkəniz düzgün istiqamətdə irəliləyir"

"Azərbaycan beynəlxalq tənzimləyicilər şəbəkəsinin fəal üzvüdür" - Feliksis Dobrovolskis

"Sizin ölkəniz düzgün istiqamətdə irəliləyir"

Şərq Tərəfdaşlığı layihəsinin iştirakçılarından biri olan Azərbaycan beynəlxalq tənzimləyicilər şəbəkəsində, həmçinin başqa sahələrdə, xüsusən informasiya-kommunikasiya texnologiyaları sferasında fəal ölkədir.

Litvanın ötürücü şəbəkələrinin tənzimləyicisinin rəhbəri Feliksis Dobrovolskis bu fikri Beynəlxalq Telekommunikasiyalar İttifaqının bu günlərdə Dubayda keçirilən Səlahiyyətli Konfransında söyləyib. Dubayda oktyabrın 31-də başlamış və noyabrın 16-dək davam edəcək forumun işində Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbəri Ramin Quluzadə başda olmaqla ölkəmizin nüfuzlu nümayəndə heyəti də iştirak edib.

Feliksis Dobrovolskis informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində ölkəmizin uğurlarından söhbət açaraq deyib ki, Bakıda hər il keçirilən “Telekommunikasiyalar, innovasiyalar və yüksək texnologiyalar” mövzusunda beynəlxalq sərgi və konfrans “bazar üçün yaxşı siqnaldır”. O vurğulayıb: “Litva şirkətlərinin də iştirak etdiyi bu sərgidə Azərbaycanın uğurları nümayiş etdirilir. Mübaliğəsiz deyə bilərəm ki, sizin ölkəniz düzgün istiqamətdə irəliləyir və bu yolda dayanmamaq, hamımızın müşahidə etdiyimiz inkişaf sürətini saxlamaq çox vacibdir”.

Feliksis Dobrovolskis cəmi 5 ildə Azərbaycanın üç peykinin buraxılmasını çox mühüm hadisə adlandıraraq deyib: “Əlamətdar haldır ki, sizin ölkəniz dünya kosmik klubunun üzvü olub”. (AZƏRTAC)

© AzNews.az