Neft Fondunun satdığı dollar 2 dəfəyə yaxın artıb

Ötən ay Fond tərəfindən valyuta hərraclarında 654,1 mln. dollar məbləğində vəsait satılıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) noyabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 654,1 mln. dollar məbləğində vəsait satılıb.

Cari ilin oktyabr ayında keçirilən valyuta hərraclarında ARDNF 489,6 mln. dollar satıb. Beləliklə, oktyabr ayı ilə müqayisədə noyabrda Fond tərəfindən satılan valyutanın həcmi 164,5 mln. manat və ya 33,6% artıb.

Bu ilin noyabr ayı ilə ötən ilin noyabr ayını müqayisə edəndə məlum olur ki, son 1 ildə ARDNF tərəfindən valyuta hərraclarında dollar satışı 445,2 mln. ABŞ dolları və ya 3,1 dəfə artıb.

Ümumilikdə, bu ilin yanvar-noyabr ayları ərzində ARDNF valyuta hərraclarında 5 782 mln. dollar satıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 768,7 mln. dollar və ya 91,9% çoxdur. Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında ARDNF valyuta hərraclarında 3 013,3 mln. dollar satıb.

© AzNews.az