Azərbaycan və Türkiyə arasında yeni əməkdaşlıq protokolu imzalandı

Sənədin sənaye parklarında fəaliyyət göstərən müəssisələrin işinə çox böyük təsiri olacaq

“Sumqayıt Kimya Sənaye Parkı” MMC, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və Türkiyənin Standartlar İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb.

İmzalanma mərasimində bildirilib ki, sənədin standartların sənaye parkların fəaliyyətinə, eyni zamanda parkda fəaliyyət göstərən müəssisələrin işinə çox böyük təsiri olacaq.

Sənədin imzalanmasını şərh edən Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, Türkiyə Elm, Texnologiya və Sənaye Nazirliyi, Türkiyə Standartlar İnstitutu və Azərbaycan İqtisadiyyat Nazirliyinin əməkdaşlığı sayəsində, eyni zamanda Sumqayıt Kimya Sənaye Parkı və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun bu prosesdə yaxından iştirak edirlər və bu məsələyə həm Türkiyə, həm də Azərbaycan tərəfindən böyük önəm verilir.

"Söhbət ilk növbədə səmərəli idarəetmənin təşkili, bununla yanaşı risklərin idarə olunması, effektiv və səmərəli istehsalın qurulması, mütəmadi olaraq idarəetmə sistemlərinin təkmilləşdirilməsindən gedir. İkinci standart bilavasitə müəssisələrin istehsal fəaliyyətində enerji səmərəliliyini, itkilərin azaldılması və bununla rəqabətliliyin artırılmasına xidmət edəcək", - deyə N. Səfərov qeyd edib. (APA)

image description