- İntellektual baxış
- 14 İyun 2021 13:39
- 6 585
Fermer hər kiloqram yaş baramaya görə 9 manat alır
Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır
İyunun 14-dək kümçülər tərəfindən barama tədarükü məntəqələrinə 428,3 ton yaş barama təhvil verilib.
Kənd Təsərrüfatı Nazirliyindən AzNews.az-a verilən məlumata əsasən, ən çox yaş barama tədarükü Zərdab (67,2 ton), Ağcabədi (44,9 ton), Balakən (41,3 ton), Zaqatala (34,8 ton), Şəki (23,5 ton), Bərdə (22,4 ton) və Füzuli (19,9 ton) rayonlarında qeydə alınıb.
Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.
Bu il dövlət tərəfindən 5 mindən artıq kümçüyə pulsuz olaraq 14 700 qutu ipəkqurdu toxumu (qrena) verilib. 2021-ci ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarük edilir.