Litvanın Azərbaycandakı səfiri hökumətlərarası komissiyanın iclasının keçiriləcəyi vaxtı açıqladı

Azərbaycan-Litva hökumətlərarası komissiyasının iclasının 2022-ci ilin payızında keçirilməsi planlaşdırılır

Azərbaycan-Litva hökumətlərarası komissiyasının iclasının 2022-ci ilin payızında keçirilməsi planlaşdırılır.

Aznews.az xəbər verir ki , bu barədə Litvanın Azərbaycandakı səfiri Egidius Navikas deyib.

"Litva ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri çox yaxşıdır. Litva Prezidentinin 2022-ci ilin mayında Azərbaycana rəsmi səfəri əlaqələrin inkişafına yeni təkan verdi. Bu səfərdən sonra digər tədbirlər də keçiriləcək. 2022-ci ilin ikinci yarısı üçün nazirlər səviyyəsində bir sıra səfərlər planlaşdırılıb", - deyə E.Navikas bildirib.

Onun sözlərinə görə, mayın 18-də Bakıda Azərbaycan və Litva dövlət başçılarının iştirakı ilə keçirilən Azərbaycan-Litva biznes forumu iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verib.

"Litva Prezidentinin Azərbaycana səfəri zamanı onu biznes-nümayəndə heyəti müşayiət edib, bu isə Litva tərəfinin ikitərəfli ticarətin aktivləşdirilməsində maraqlı olduğunu göstərir. Azərbaycanın biznes missiyası bu ilin ikinci yarısında Litvaya dəvət olunub", - deyə səfir bildirib.

E.Navikas qeyd edib ki, artıq mövcud olan kifayət qədər yüksək səviyyəyə baxmayaraq, Azərbaycanın dünya iqtisadiyyatında rolu daha da artacaq.

"Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan dünya ticarətində ən güclü rollardan birini oynayır və oynayacaq. Biz həmçinin gözləyirik ki, gələcəkdə Azərbaycanın Aİ-nin strateji enerji tərəfdaşı kimi rolu, eləcə də Aİ ölkələrinə qaz və neft ixracının həcmi artacaq", - deyə səfir əlavə edib.