Azərbaycan İsDB ilə Qarabağın bərpası imkanlarını müzakirə edib

İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı (İsDB) Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) işğaldan azad edilmiş ərazilərimizdə dayanıqlı infrastruktur şəbəkəsinin qurulması ilə bağlı layihələrin dəstəklənməsini müzakirə edib.

AzNews.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ITFC-in baş icraçı direktoru, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) rəhbəri Hani Salem Sonbol ilə görüşüb.

Görüşdə Azərbaycanın İsDB, həmçinin İsDB Qrupuna daxil olan institutlarla uğurla əməkdaşlıq etdiyi vurğulanıb və bu tərəfdaşlığa uyğun olaraq özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərilən dəstəyin yüksək qiymətləndirildiyi qeyd edilib. Azərbaycanın ITFC və ICD ilə əlaqələrin genişlənməsində maraqlı olduğu, işğaldan azad edilmiş ərazilərimizin bərpası sahəsində əməkdaşlıq imkanları diqqətə çatdırılıb, bu ərazilərdə dayanıqlı infrastruktur şəbəkəsinin qurulması ilə bağlı layihələrin dəstəklənməsinin önəmi bildirilib.

Görüşdə bərpa olunan enerji, dövlət-özəl əməkdaşlığı layihələri, KOB-ların inkişaf proqramları, ITFC-nin “Ticarətə Qoşulma Mərkəzi Asiya+” layihəsi çərçivəsində Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq, İslam Maliyyəsi alətlərindən istifadə, ölkəmizdə iqtisadi zonalarda qeydiyyatdan keçmiş rezidentlərlə ICD arasında əməkdaşlıq kimi məsələlər müzakirə olunub.

Qeyd edək ki, “Ticarətə Qoşulma Mərkəzi Asiya+” layihəsinin məqsədi ITFC-nin dəstəyi ilə üzv ölkələr arasında ixracın artımı, eləcə də ticarət sahəsində potensialın reallaşdırılmasından ibarətdir. Proqram çərçivəsində Korporasiyanın MDB regionundakı üzv ölkələrində ticarət sahəsində texniki yardım və təşviq tədbirləri nəzərdə tutulur. Bu mexanizmlər iqtisadi inteqrasiya, inklüziv iqtisadi artım, ixrac imkanlarının genişləndirilməsi, eləcə də rəqabət qabiliyyətliliyin yüksəldilməsinə hədəflənib.