“Muğam” müsabiqəsinin iştirakçısı, “Bala Qədir” kimi tanınan xanəndə Mustafa Mustafayevin AzNews.az-a müsahibəsi “Muğam” müsabiqəsinin iştirakçısı, “Bala Qədir” kimi tanınan xanəndə Mustafa Mustafayevin AzNews.az-a müsahibəsi

“Onun toyunda pulsuz da oxuyaram” - “Bala Qədir”lə müsahibə

“Muğam” müsabiqəsinin iştirakçısı, “Bala Qədir” kimi tanınan xanəndə Mustafa Mustafayevin AzNews.az-a müsahibəsi

- Muğam sənətində müəllimləriniz kim olub?

- Musiqiçi dünyasında doğulmuşam. Atamın səsi var, oxuyandı. Ağlım kəsəndən evimizdə mərhum sənətkar Qədir Rüstəmovun səsi eşidilib. Onun repertuarında elə bir musiqi yoxdur ki, bizim evdə olmasın. Qədir Rüstəmovun səsi ilə böyüdüm, zümzümə edə-edə bir də baxdm ki, muğam sənətinin içindəyəm. Həmin vaxtlar kənddə adımı “Bala Qədir” qoymuşdular. Atama deyirdilər ki, onu apar, Bakıda musiqi təhsili alsın. Gimnaziyada xalq artisti Firuz Səxavətin sinifini bitirdim. Milli Konservatoriyada isə xalq artisti Arif Babayevin tələbəsi oldum.

- “Muğam” müsabiqəsinə gəlişiniz necə oldu?

- Müsabiqəyə 2007-ci ildə qatılmaq istədim. Onda çox dedilər, amma müəllimim icazə vermədi, dedi ki, bir az da gözlə, sonra. Hətta buna görə danlandım da. Deyirdilər ki, gərək sən də müsabiqəyə qatılardın. Nəhayət, 2011-ci ildə isə müsabiqəyə qatılmağa qərar verdim. Allahın qismətidir, bu müsabiqədə ilk dəfə “Tamaşaçı rəğbəti” mükafatına layiq görüldüm və mənə bir qaval hədiyyə edildi. Tamaşaçılar qısa zamanda məni sevdi.

- Deyirsiniz ki, müsabiqə keçiriləndən bu günə kimi “Tamaşaçı rəğbəti” mükafatı məhz sizə verilib? Buna səbəb Mustafa Mustafayev səsi idi, yoxsa Qədir Rüstəmov sənəti?

- Təbii, ki, Qədir Rüstəmov sənəti… İrəli getməyimdə onun sənətinin əvəzsiz rolu var. Birincisi, məni bu sənətə gətirən onun səsidir, o olmasaydı, bəlkə də oxumazdım. İkincisi, xalq onun səsini, ifasını məndə eşidirdi. Qədir Rüstəmovun misilsiz sənəti var, dünya durduqca o səs seviləcək. Onu sevməyən kəs yoxdur. “Sona bülbüllər”in möhürü vurulub. Bəlkə də mən onu Qədir müəllimin ifasının 5 %-dən də aşağı oxudum. Sağ olsunlar, məni ruhlandırdılar. Bu mahnıdan sonra daha da sevildim. Hətta buna baxmayaraq, məni tənqid edənlər də oldu.

- Münsiflər heyətinin bəzi üzvləri “izlə gedənin izi qalmaz” deyə sizi ruhdan salmağa çalışırdılar…

- Düzgün tənqid yaxşı şeydir. Ondan nəticə çıxardım. Onların bəziləri doğru tənqid idi. Düzdür, o tənqidin heç birinin Qədir Rüstəmova aidiyyatı yox idi. Hamıda qüsur var, amma ömrü boyu fəxr edəcəyəm ki, Qədir Rüstəmovun səs çalarları məndə var.
Mənimlə tamaşaçı arasında isti münasibət yaranmışdı. Əgər münsiflər heyətinə qalsaydı, oxuya bilməzdim. Onların sevgisini gördükcə içimdən oxumaq hissi keçirdi.

- Sağlığında Qədir Rüstəmovla görüşmüsünüz?

- Bəli, müsabiqənin ilk həftəsində “Sona bülbüllər”I oxuyanda Qədir Rüstəmov zalda idi. Onun üçün gözlənilməz oldu. Müsabiqə bitəndən sonra baxdım ki, dəhlizdə hamı yığışıb onun başına. Şəkil çəkdirən kim, avtoqraf alan kim… Yaxınlaşanda Firuz Səxavət dedi ki, “Qədir müəllim, Mustafadır ee, Bala Qədir”. Mərhum cavabında dedi ki, mən onu tanıyıram. Görüşdük, mənə xeyir-dua verdi. Onunla görüşdən sona məni oğlunun toyuna dəvət etdi, orada da oxudum. Özü də duet formasında…

- Efirlərdə, rəsmi tədbirlərdə niyə görünmürsünüz?

- Heç bir qurumun solisti deyiləm. Müsabiqə başa çatandan sonra demişdilər ki, 3 illik müqavilə var, bu müqaviləyə görə, həmin müddətdə heç yerdə oxumamalıyıq. Mən də Qədir Rüstəmovun oğlunun toyunda oxumuşdum, o kadrlar televiziya kanallarından birində yayımlanmışdı. Bu da böyük müzakirəyə səbəb oldu. Qədir Rüstəmov isə mənə dedi ki, sən xanəndəsən, boynuna zəncir salma, harada təbin gəldi, çıx oxu”. Məni ondan sonra heç bir teatra solist götürmədilər. Heç özüm də cəhd eləmədim. Düzü, bir az da öz canımda tənbəllik var.

-Toylara gedirsiniz?

- Hə, gedirəm. İncəsənət adamlarının çoxunun qazancı toylardan gəlir. Düzdü, kifayət qədər toy dəvətləri var. Efir isə başqa şeydir.

- İmkanlı və imkansız toy sahibləri arasında fərq qoyursunuzmu?

- Elə kasıb ola bilər ki, onun toyunda pulsuz da oxuyaram.

- Mərhum xanəndə Miryusif Mirizadəni faciəvi ölümündə ittiham olunan Novruz Hüseynovu tanıyırdınız?

- Hə, ikisini də tanıyırdım. Miryusif məndən iki kurs aşağı oxuyurdu. Arif Babayevin sinfində bir yerdə oturardıq. Çox yaxşı uşaq idi, səsi və sənəti seçilirdi. Novruzla Miryusif yaxın idilər. Adam inanmır ki, bir zamanlar belə yaxın olan bu gənclərdən biri haçansa o birini öldürəcək…Çox təəssüf. Miryusif təzə ailə qurmuşdu. Biz hərdən yığışıb onu xatırlayırıq, üzülürük. Xətri-hörməti vardı, paxıllıq ona yad idi.

- Planlarınız nədir?

- Planlar çoxdur. Hərdən elə olur ki, bu barədə heç nə düşünmürəm. Nə bilim, qismət...

- Qədir Rüstəmovun məzarını ziyarət edirsiniz?

- Əlbəttə. Qədir müəllimin səsinin sehri var. Təbi gələndə adamı saat 5-də məzarlığa aparar. Bir dəfə toydan gəlirdim, hardasa saat 05:00 olardı. Baxdım ki, heç kəs yatmayıb. Qədir Rüstəmovun da səsi maşını bürüyüb. Dayana bilmədim, maşını düz sürdüm qəbiristanlığa…Məzarına yaxınlaşıb dua oxudum. Onunla ifaları ilə danışıram. İfaları onu həmişə yaşadacaq.

***

Mustafa Mustafayevlə müsahibə səhər saatlarına təsadüf etdi. Ondan canlı oxumasını xahiş etdik. O da “Sona bülbüllər”i oxudu. Gənc xanəndənin ifasını sizə təqdim edirik.

Bahar RÜSTƏMLİ
AzNews.az

image description image description image description