Ötən həftə İrəvanda keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammitində yekun bəyannamə qəbul edildi. Ötən həftə İrəvanda keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammitində yekun bəyannamə qəbul edildi.

Paşinyanın gah ağaran, gah da qıcanan dişi - Kreml onu nə zaman çəkəcək?

Ötən həftə İrəvanda keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammitində yekun bəyannamə qəbul edildi.

Bu yekun bəyannamədə Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü təsdiq edilir. Daha açıq desək, hazırda Rusiyaya birləşdirilmiş Krımın Ukraynanın tərkib hissəsi olduğu qeyd edilir.

Bu sənədə Rusiyanın özünə yaxın müttəfiq hesab etdiyi Ermənistanın da imza atması bəzi maraqlı mətləblərdən xəbər verir. Deməli, Ermənistan bu sənədə imza atmaqla əslində Rusiyaya qarşı növbəti xəyanətini ortaya qoyur. Halbuki, 2014-cü ildə Krım Rusiya tərəfindən ilhaq ediləndə və məsələ BMT Baş Məclisinin sessiyasında səsverməyə çıxarılanda Ermənistan Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməmişdi və Rusiyanın yanında yer almışdı. İndi isə İrəvan Kremlin iradəsnə qarşı gələrək geri addım atır.

Qeyd edək ki, həmin vaxt Azərbaycan Ukraynanın ərazi bütövlüyünə səs vermişdi. Bu isə təbiidir, çünki Azərbaycanın BMT tərəfindən tanınan ərazilərinin bir qismi Ermənistanın işğalı altındadır.

Bununla belə, bəzi siyasi şərhçilər ötən həftə Ermənistan prezidenti Armen Sarkisyanın Rusiya, eləcə də dünyanın əksər dövlətləri tərəfindən tanınmayan Kosovo Respublikasının prezidenti Haşim Taçi ilə görüşməsini, eləcə də Xarici işlər naziri Zöhrab Mnatsakanyan sentyabr ayında BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Kosovonun xarici işlər naziri Nehcət Patsolli ilə bir araya gəlməsini də Rusiayaya qarşı xəyanət kimi qiymətləndirirlər.

Çünki Ermənistanın yeni rəhbərliyinin Rusiyanın maraqlarına və mövqeyinə zidd olaraq prezident səviyyəsində Kosovonun dövlət başçısı ilə görüşməsi Kosovonun dövlət səviyyəsində tanınması anlamına gəlir. Bu baxımdan Serbiya Prezidentinin Frankafoniyanın Ermənistanda keçirilmiş sammitdə iştirak etməkdən imtina etməsi də təsadüfi deyildi.

Bunlar hələ hamısı deyil, gündən günə Ermənistanda anti-Rusiya əvhal-ruhiyyəsinin yüksəldiyini görmək o qədər də çətin deyil. Artıq Ermənistanda olan rus hərbçilərə qarşı çıxışlar edilir, həmçinin, burada rusdilli məktəblərin bağlanılması ilə bağlı sərt fikirlər səsləndirilir.

Onu da xatırladaq ki, bu ilin fevralında NATO-nun Brüssel sammitində iştirak edən yeganə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü ölkəsi də Ermənistan və onun rəhbəri Nikol Paşinyan oldu. Sammitin gündəliyində duran əsas mövzulardan biri isə “Rusiya təcavüzünə qarşı tədbirlər” idi.

Bütün bunlar onu göstərir ki, Ermənistanın yeni hökuməti ziddiyyətli xarici siyasət kursu aparır. Görünür, işğalçı ölkə inqilabdan sonra həm Rusiyanın, həm də Qərbin yanında xoş görünmək istəyir, amma təzadlı gedişlər etməklə özünü ifşa edir.

Qeyd edək ki, Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşündə Paşinyan Ermənistanın xarici siyasət kursunu dəyişməyə hazırlaşmadığını bəyan etmişdi. Lakin "Haykakan Jamanak" qəzeti yazır ki, NATO-nun dövlət başçıları səviyyəsindəki sammitinə qatılmaqla Paşinyanın yalan söylədiyini üzə çıxarır və bu, Moskvaya xəyanətdir. Həmçinin, KTMT-yə rəğmən Ermənistanın təhlükəsizlik məsələsində başqa "müttəfiq" axtarması Rusiya ilə münasibətlərdə qaranlıq məqamların olduğunu göstərir.

Rusiyanın xarici işlər naziri Lavrov bəyanat verərək bildirdi ki, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, ölkəsində baş verən proseslərlə bağlı məlumat verməlidir. Bu isə o deməkdir ki, Rusiya Paşinyanı hesabat verməyə çağırır. Beləliklə, Paşinyan Rusiyaya hesabat verməyə çağırılır, Azərbaycan Prezidenti İlham Əliyev isə müstəqil bir dövlətin başçısı kimi Rusiyaya səfər edir, yüksək səviyyədə qarşılanır və əməkdaşlıq sənədləri imzalanır. Bu son qarşılıqlı səfərlər hansı ölkənin hansı statusda olduğunu açıq-aydın göstərdi. İlham Əliyev Soçidə ikitərəfli münasibətlərə dair sənədlərə imza atmışdısa, Nikol Paşinyan ölkəsində baş verənlərin hesabatını, izahını vermək məcburiyyətində idi.

Heç bir şübhə yoxdur ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsinin arxasında duran Qərb dövlətləri, Rusiyaya qarşı olan müəyyən qüvvələr, QHT-lərin qrantları və “Soros” fondu Rusiyaya qarşı tədbirlər görülməsini tələb edirlər. Təbii ki, Paşinyan hakimiyyətə gələndən dərhal sonra vaxtilə İrəvanda hərbi qiyam etmiş "Sasna Tsrer" hərbi-terrorçu təşkilatın həbs edilmiş 27 üzvünün həbsxanadan azad edilməsinin nə demokratiya, nə də təsadüflə bir əlaqəsi var. Həmin şəxslər Yaxın Şərqdə, əsasən Livanda və Suriyada yaşayan ermənilərdən ibarət silahlı terror dəstələrinin üzvləridir. Onların əksəsriyyəti Dağlıq Qarabağda Azərbaycana qarşı terror aktlarında iştirak edib. Bu cinayətkarlar həm də Rusiyaya qarşı kəskin mövqedə duran terrorçulardır.

Amma bütün bunlar, yəni Ermənistanın həyata keçirdiyi riyakar siyasəti, xüsusən də Rusiyaya xəyanəti Azərbaycana əlavə fürsət yaradır. Yəni İrəvanın Moskvaya qarşı xəyanətkar hərəkətləri artdıqca Kremlin də təbii olaraq Azərbaycana - regionun açar ölkəsinə ehtiyacı artır.

Rusiyalı strateqlərin Rusiyanın regionla münasibətlərində Azərbaycanı açar ölkə adlandırmaları heç də təsadüfi deyil. Hazırda Yaxın Şərq və bölgədə gedən proseslər Rusiya, Türkiyə və İranı bir-birinə yaxınlaşdırıb. Ortaq tarixi, mədəni, milli, iqtisadi və siyasi dəyərlər baxımından, Azərbaycan bu ölkələrin münasibətlərində körpü rolunu oynayır. Eləcə də, Azərbaycan Şimal-Cənub Dəhlizində xüsusi mövqeyə malikdir. Rusiya Prezidenti Vladimir Putin də Azərbaycana səfəri çərçivəsində qeyd etdi ki, Qərbi Avropa, Yaxın Şərq və Cənubi Asiya bölgələri arasında ticarət dövriyyəsini əhatə edəcək bu xəttin böyük hissəsi Rusiya və Azərbaycandan keçəcək. Deməli, Azərbaycan bu arealda yerləşən dövlətlərin inteqrasiyasında rol oynayan mühüm bir strateji məkandır.

Elgün MƏNSİMOV
AzNews.az