- Siyasi müzakirə
- 3 Noyabr 2018 13:32
- 3 998
Əliməmməd Nuriyevdən Tahir Kərimliyə cavab: “Himn bir dövlətçilik ənənəsidir!”

Deputat Tahir Kərimlinin himnlə bağlı təklifi cəmiyyətdə birmənalı qarşılanmadı.
“Digər himnlər 2-2.5 dəqiqə olduğu halda Azərbaycanın dövlət himni 4 dəqiqədir. Özü də minor janrında. Bu, mərsiyə deyil axı. Üzeyir Hacıbəyov Azərbaycan Sovet Respublikasının himnini hazırlayıb. O, indikindən daha nikbin idi. Bunlar nəzərə alınmalıdır. Xahiş edirəm, himnin həcmi azaldılsın, yoruculuqdan xilas olsun, bədbin notlar götürülsün”.
Bunu Milli Məclisin noyabrın 2-də keçirilən plenar iclasında deputat Tahir Kərimli “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun müzakirəsi zamanı deyib.
Düzdür, digər deputatlar, xüsusən də Fəzail İbrahimli elə oradaca Tahir Kərimlinin cavabını verdi. “Dünyada elə bir himndə varmı ki, millət öz canını qurban verməyə hazır olsun? Bunun harasını çıxarmaq olar? Bir dəqiqə ayaq üstə durmaq nə çətin məsələdir? Toxunmaq olmaz belə şeylərə! Xahiş edirəm, bu məsələlərdən yan keçin, başqa məsələlərlə oynamaq olar!” - deyə, bildirdi.
Lakin Kərimlinin fikirlərinə qarşı ən böyük təpki elə cəmiyyətin özündən gəldi. İki gündür ki, əksəriyyət sosial şəbəkələr vasitəsilə məsələyə münasibət bildirir. Hətta deputatı “topa qoyub” atanlar, təhqir edənlər də var. Bu paylaşımlarda deputatın himnə, dövlət rəmzlərinə, milli dəyərlərə əl uzatdığı, kor baxdığı qeyd edilir.
Xırdalığa varmadan mövzunu Konstitusiya Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyevlə davam etdirdik. O, bildirdi ki, qarşılıqlı müzakirələrin tərəfdarıdır, lakin himnin dəyişdirilməsi, yaxud sözlərinin qısaldılması kimi məsələlər uzun illərdən bəri formalaşmış ənənənin dağıdılması deməkdir:
“Bu ənənə ölkənin milli dəyərlərinə, bütövlükdə hər hansı bir poblemə yol açırsa, o, başqa məsələdir. Amma himn bizim sərvətimizdir, dəyərimizdir. Ona görə də himnə toxunmağın, onunla bağlı hər hansı bir əməliyyatlar aparılmasının əleyhinəyəm. Hesab edirəm ki, himn dədə-babalarımızın bizə bəxş etdiyi yadigardır və bu gün dövlət müstəqilliyinin atributlarından biridir. Azərbaycan Demokratik Cümhuriyyəti məhz bu himnin sədaları altında fəaliyyət göstərib. 1991-ci ildə müstəqillik haqqında aktı qəbul edəndə biz özümüzü bu cümhriyyətin varisi elan etmişik. Bu il də Demokratik Cümhuriyyətin 100 illiyini qeyd edirik. Belə olan təqdirdə, dövlət rəmzlərinə hər hansı bir dəyişikliklərin aparılmasının tərəfdarı deyiləm”.
Ə.Nuriyevə görə, ola bilər ki, himnimizin hansısa ifadəsi kiməsə xoş gəlməsin. Amma elə ölkələr var ki, onun himninin sözləri Azərbaycan himnindən də uzundur. Amma bizim himnimizin həm musiqisi, həm də sözləri məna baxımından çox yüksək mahiyyət kəsb edir. Kiminsə bunları öz təsəvvürləri çərçivəsində nəyəsə oxşatması onun öz şəxsi yanaşması ola bilər:
“Himn bir dövlətçilik ənənəsidir. Bizdə çox az sayda dövlətçilik ənənələri var. Tarix boyu bəzən belə ənənələrə toxunmuşuq, müdaxilə etmişik, nəticədə də öz kimliyimizi itirmişik. Ona görə də uzun müddət öz müstəqilliyimizə də malik ola bilməmişik. Bu baxımdan, belə məsələlərdə son dərəcə ehtiyatlı olmaq lazımdır. Cəmiyyətimiz uzun illərdən bəri gözləyirdi ki, Azərbaycan öz müstəqilliyini bərpa etsin. Artıq müstəqilliyimiz öz atributları ilə bərpa olunub. Ona görə də biz bu varisliyi – himni, gerbi və bayrağı bütün elementləri ilə birgə qoruyub saxlamalıyıq”.
Elgün MƏNSİMOV
AzNews.az