“Azərbaycan-Belarus münasibətləri çox yüksək səviyyədədir” - Millət vəkili

Aydın Hüseynov: “Belarusla əlaqələrin kökündə prezidentlərin dostluğu dayanır”

“İlham Əliyevin Belarusa səfəri qarşılıqlı əməkdaşlığı daha da dərinləşdirəcək”.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Hüseynov dedi.

Onun sözlərinə görə, Azərbaycanın Belarus Respublikası ilə diplomatik və iqtisadi münasibətləri çox yüksək səviyyədədir. Bu münasibətlərin daha intensiv olması, həm Azərbaycan, həm də Belarus xalqlarının maraqları çərçivəsində inkişaf etməsi Prezident İlham Əliyevlə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasındakı dostluq əlaqələrindən qaynaqlanır:

“Belarus prezidentinin azərbaycanlı səfiri yanına dəvət etməsi və orada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistanın qeyri-konstruktiv mövqe tutması, Belarus Xarici İşlər Nazirliyinin Paşinyanın hərəkətlərinə küçə diplomasiyası ilə yanaşması ətrafında söhbət aparılması bir daha onu göstərir ki, Belarus ilə Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir. Həm də Belarusun bizim hərbi sənaye kompleksimizlə sıx əlaqələri mövcuddur. Belarusun öz müasir silahlarını Azərbaycana verməsi də iki ölkə arasındakı yaxşı münasibətlərin göstəricisidir.

Digər tərəfdən, bu ölkə ilə iqtisadi əlaqələrimiz durmadan genişlənir və bir neçə ay bundan əvvəl Azərbaycanın orada Ticarət Evi açılıb. Eləcə də Belarusda Azərbaycan Mədəniyyət Günləri keçirilir. Ən başlıcası, bu ölkələr beynəlxalq təşkilatlarda bir-birini hər zaman dəstəkləyirlər. Hər iki ölkə prezidentinin bir-birinə olan şəxsi dostluq münasibətləri bütün sahələrdə əlaqələrin möhkəmlənməsinə, daha da dərinləşməsinə xidmət edir.

Düşünürəm ki, Prezident İlham Əliyevin Belarus Respublikasına olan bu səfəri də qarşılıqlı əməkdaşlığın dərinləşməsi baxımından çox önəmlidir”.

Elgün MƏNSİMOV
AzNews.az