Ağ Ev rəhbərliyi Azərbaycanla normal, strateji, tərəfdaşlıq münasibətlərinin olmasını istəyir. Ağ Ev rəhbərliyi Azərbaycanla normal, strateji, tərəfdaşlıq münasibətlərinin olmasını istəyir.

Çox məsələlər ABŞ səfirinin fəaliyyətindən asılı olacaq - Elin Süleymanov

Ağ Ev rəhbərliyi Azərbaycanla normal, strateji, tərəfdaşlıq münasibətlərinin olmasını istəyir.

ABŞ Senatı yanvarın 3-də Erl Litsenberqerin Azərbaycandakı səfiri postuna namizədliyini təsdiqləyib. Xəbəri “Turan” agentliyi Vaşinqtondakı müxbirinə istinadən yayıb. ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta 9 ay əvvəl Bakını tərk edib. Səfir Robert Sekuta Azərbaycanda üç ildən çox, Dövlət Departamentində isə uzun müddət çalışdıqdan sonra Bakıdakı vəzifəsini mart ayının sonunda bitirməyə və daha sonra diplomatik xidmətini başa vuraraq təqaüdə çıxmağa qərar verib.

Erl Litsenberqer ABŞ-ın Azərbaycanda 11-ci səfiridir. Hərbi-siyasi-təhlükəsizlik sahəsi üzrə mütəxəssisdir.

Litsenberqer bir müddət əvvəl öz çıxışında bəyan edib ki, Birləşmiş Ştatlar qanunun aliliyi, şəffaflıq və insan hüquqlarının qorunması vasitəsilə Azərbaycanla demokratik və açıq iqtisadi prinsiplərin irəliləməsində sıx əməkdaşlığı davam etdirməlidir: “Bu islahatların həyata keçirilməsi Azərbaycanın marağındadır, çünki bu, uzunmüddətli sabitliyin təminatı, həm də onun vətəndaşlarının potensialı və iqtisadiyyatı üçün vacibdir. Demokratiyalar ancaq o zaman çiçəklənir ki, müstəqil məhkəmə sistemi, qanunun aliliyi, azad atmosfer, enerjili vətəndaş cəmiyyəti, plüralizm, demokratik seçki prosesləri, insan hüquq və azadlıqlarına hörmət edilməsi onları dəstəkləyir. Azərbaycan bu yolla irəlilədikcə ikitərəfli münasibətlər möhkəmlənəcək”.

O, digər prioritet kimi Qarabağ münaqişəsinin həllini göstərib: “Cənubi Qafqazın təhlükəsizliyi və çiçəklənməsi üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından böyük prioritet yoxdur. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi gücdən və güc ilə bağlı təhdidlərdən istifadə etməmək, ərazi bütövlüyü, xalqların bərabər hüquqları və özünütəyin hüququ da daxil olmaqla, BMT nizamnaməsi və Helsinki Yekun Aktı prinsipləri əsasında münaqişənin nizamlanması üzrə dinc, uzunmüddətli danışıqlara nail olunması üçün tərəflərlə işi davam etdirir. Əgər mənim təyinatım dəstəklənərsə, bu məqsədə çatmaq üçün administrasiyanın öhdəliklərini dəstəkləyəcəm”.

Dünən ABŞ-ın Azərbaycandakı səfirliyindən “Yeni Müsavat”a bildirildi ki, səfirin Bakıya konkret nə zaman gələcəyi barədə məlumat yoxdur.

Ä°lgili resim

Politoloq Qabil Hüseynli isə “Yeni Müsavat”a şərhində bildirdi ki, ən mühüm məsələ ABŞ prezidentinin təqdim etdiyi namizədin səfir kimi Senatda təsdiqlənməsi və Azərbaycan tərəfindən həmin şəxsə aqreman verilməsi idi. Senatın təsdiqləməsi də onu göstərdi ki, Azərbaycan tərəfi Erl Litsenberqerin səfir göndərilməsinə etiraz etməyib: “Azərbaycan tərəfi aqreman verməsəydi, onun namizədliyi Senata təqdim olunmazdı. Artıq Senatın təsdiqləməsindən sonra uzağı 10-15 günə səfir öz işinin icrasına başlamalıdır. Yəni böyük ehtimalla yaxın 10 gündə cənab Litzenberqer Bakıya gələcək. Yeni təyin olunan səfir təyin olunduğu ölkəyə getməzdən öncə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində olur və orada müəyyən təlimatları, məlumatları alır. Eyni prosedur Müdafiə Nazirliyində təkrar olunur. Yəni dövlətin əsas sütunları olan MKİ və Pentaqon səfirin təlimatlandırılmasında yaxından iştirak edir. Amma sözsüz ki, səfirə əsas təlimatlar Dövlət Departamenti tərəfindən verilir. Bu göstərişlər direktiv xarakter daşıyır. Yəni birbaşa icrası zəruridir. Səfir Azərbaycana gəldikdən sonra əlbəttə ki, əsasən Dövlət Departamentinin nəzarəti altında işləyir. Səfir əlbəttə ki, Azərbaycan reallıqları ilə dərindən tanış olduqdan sonra ona uyğun olaraq öz təkliflərini, rəylərini Dövlət Departamentinə göndərmək səlahiyyətinə malikdir. Səfirin hüquqları xeyli genişdir və o burada müəyyən təşəbbüslərdə buluna bilər. Hətta ona verilmiş direktivlərdən kənara da çıxa bilər. Amma bu zaman ABŞ-ın strateji maraqları ön planda olur”.

Q.Hüseynli qeyd etdi ki, Riçard Kozlariçdən sonra bu, Azərbaycana göndərilən ən güclü, Amerikanın strateji maraqları üçün ən əhəmiyyətli olan bir səfirdir. Belə bir şəxsin səfir təyinatı o deməkdir ki, ABŞ-ın Cənubi Qafqaza diqqəti qarşıdakı dönəmdə daha da artacaq: “ABŞ Cənubi Qafqaz ölkələri ilə əlaqələrini ciddi surətdə möhkəmləndirmək niyyətindədir. Son vaxtlar ABŞ-ın postsovet məkanında olan ölkələrə diqqəti xeyli artırıb. Burada məqsəd ondan ibarətdir ki, postsovet məkanında Rusiyanın təsirini mümkün qədər azaltmağa nail olunsun. Rusiyaya qonşu olan ölkələrdə Vaşinqton bundan sonra daha ciddi şəkildə möhkəmlənmək xəttini yürüdəcək. Hərbi-təhlükəsizlik sahəsinin təcrübəli mütəxəssisi olan diplomatın Bakıya səfir göndərilməsi də bunun əlamətlərindən biridir. Bu o deməkdir ki, Azərbaycanda bundan sonra ABŞ-ın hərbi-təhlükəsizlik məsələləri sahəsində əməkdaşlıq etmək niyyəti var. NATO-nun da Azərbaycanın daxil olduğu bölgəyə marağı artmaqdadır. ABŞ hərbi-təhlükəsizlik məsələləri üzrə mütəxəssisi Azərbaycana səfir göndərməklə həm də Rusiyaya işarə vermək istəyir ki, postsovet məkanında hərbi-təhlükəsizlik məsələləri Vaşinqtonun diqqətində və marağında olacaq.

Yeni səfirin bütün səyləri ABŞ-Azərbaycan münasibətlərinin heç zaman olmadığı səviyyədə gücləndirilməsinə, Amerikanın bölgədə möhkəmlənməsinə yönələcək. Ola bilsin ki, bu səylər cənub və şimal qonşumuz tərəfindən o qədər də birmənalı qarşılanmasın. Amma qonşularımız da nəzərə almalıdırlar ki, Azərbaycan müstəqil dövlətdir və öz təhlükəsizliyini möhkəmləndirmək üçün beynəlxalq normaların yol verdiyi bütün imkanlardan istifadə etmək haqqına malikdir".

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov isə oxu.az-müsahibəsində ABŞ Senatının bir neçə ölkə səfirinin təyinatını təsdiqlədiyini diqqətə çatdırıb: “Bu gün dünyanın əksər ölkələrində, o cümlədən, aparıcı Avropa və Asiya ölkələrində mükəmməl olan ABŞ diplomatik nümayəndəlik rəhbəri yoxdur. Donald Tramp administrasiyasının Azərbaycana səfir təyinatını vacib bilməsi, onun namizədliyini irəli sürməsi və təyinatı Senatın təsdiqinə buraxması, prinsipcə, bizim ölkənin Vaşinqtonun gözündə strateji əhəmiyyətinin göstəricisidir. İndiki Ağ Ev rəhbərliyi Azərbaycanla normal, strateji, tərəfdaşlıq münasibətlərinin olmasını istəyir. Mən buna nikbinliklə yanaşıram”.

Azərbaycanlı diplomatın sözlərinə görə, çox məsələlər amerikalı səfirin fəaliyyətindən asılı olacaq: “Bəli, şübhəsiz ki, ABŞ-ın Bakıdakı diplomatik missiyasının rəhbəri Birləşmiş Ştatlar administrasiyasının yürütdüyü siyasətin bir bələdçisidir. Bununla belə, səfirin şəxsiyyəti də böyük əhəmiyyət kəsb edir. Onun işinin pozitiv olacağına, həm Azərbaycan, həm də ABŞ-a xeyir verəcəyinə ümid etmək istərdim”.

E.Süleymanov ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədə ermənipərəst Senat üzvlərinin köməyi ilə təzyiqlər göstərmək cəhdlərinin olduğunu bildirib: “Ona təxribat dolu suallar verirdilər, Donald Tramp administrasiyasının ünvanına kəskin tənqidlər səslənirdi. ABŞ-ın erməni icması, xüsusilə daşnakyönümlü qüvvələr, Donald Tramp və onun ötən il Azərbaycan, Gürcüstan və Ermənistanda olmuş milli təhlükəsizlik müşaviri Con Bolton haqqında mənfi fikirlər səsləndirirdilər. Ancaq bunlara rəğmən, səfirin təyinatı təsdiqlənir, bu isə ABŞ maraqlarının üstün gəldiyini göstərir”. (Musavat.com)