“One minute”, Bakının suçu nəymiş?

Təhlükəsizlik kimi məsələlərdən danışmaq həmişə aktualdır

2018/2019 UEFA Avropa Liqasının finalının Bakı Olimpiya Stadionun keçirilməsi ətrafında son günlər İngiltərədə yaranmış süni ajiotajı başa düşmək də olar. “Brexit” labirintində qalan, Avropa İttifaqı ilə ayrılıb ayrılmayacağını qərarlaşdıra bilməyən İngiltərə hökuməti və onun mediasının futbol topunu da indi siyasi alətə çevirmək niyyəti ortadadır.

Nəymiş? Bakı çox uzaqmış. Nəymiş? Bakıda ingilis azarkeşlərə hücum ola bilərmiş? Nəymiş? Hotellər və uçuş bileti bahaymış. Sonra? İnsan haqları pozulurmuş. Sonra? “Arsenal”ın oyunçusu Mxitaryan gəlməyə bilərmiş...

Sonrasını uzatmaq da olar, amma bu qədər ucuzluğa gərək yox. Bunların heç birinin mayın 29-da iki ingilis klubu(“Arsenal”-“Çelsi”) arasında baş tutacaq böyük finala heç bir dəxli yoxdur. Sadəcə, niyə bu futbola heç bir dəxli olmayan “arqumentlərin” indi səsləndirilməsi maraq doğurur. Bir dəqiqə dayanın e...(“One minute”)

Картинки по запросу arsenal 2019 baku

Allahınız olsun, Bakıya final keçirmək hüququ az qala iki il əvvəl, 2017-ci ilin sentyabr ayının 20-də verilib, özü də üç ölkə arasında seçim edilərək! Bakı o zaman həm Çempionlar Liqasının ( orda da finalçılar ingilis klubları oldu) finalı üçün İspaniya ilə rəqib idi. Rəqib Madrid “Atletiko”sunun yeni stadionu “Vanda Metropolitano”idi. Avroliqanın finalı üçün isə Bakı Olimpiya Stadionun iki rəqibi var idi: Sevilyanın “Ramon Sançes Pisxuan” stadionu və İstanbulun “Vodafon Park” arenası. 2017-ci ilin sentyabr ayının 20-də veriləcək qərara qədər UEFA bütün stadionları təftiş etmişdi və bu qərar təkcə Bakı Olimpiya Stadionuna uyğun verilməmişdi. Bu cür qərarlarda infrastrukturdan tutmuş təhlükəsizliyədək hər şey nəzərə alınır. Bu təkcə ev sahibinin “qara qaşına” görə verilən qərar ola bilməz, UEFA bu cür məsuliyyətin altına girə bilməz axı! Bunu indi azarkeşlərə “barlarda hücum gözləyən” İngiltərə XİN-i də, yerin altından da, üstündən də xəbərdar olan Mİ-6-da hamıdan yaxşı bilir. Amma...

***

Azərbaycanın istər siyasi, istər nüfuzlu beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsini həzm edə bilməyənlərin belə ucuz bəhanələrlə milyonların böyük həyəcanla gözlədiyi Avroliqanın finalını hədəf seçməsi əlbəttə ki, üzücüdür. Dünyada indi uzaq deyilən məsafəmi qaldı ki, indi klublara Bakı yolçuluğu belə uzun gəlir? Vaxtilə ingilislər aylarla gəmilərlə üzüb Hind okeanı sahillərində, Afrika çöllüklərində özlərinə müstəmləkələr yaratdıqlarını nə tez unudublar? Yeri gəlmişkən, ötən il “Barselona” ilə “Sevilya” arasında Superkubokun finalının Afrika qitəsində-Mərakeşdə keçirilməsini də yada salmaq lazım gəlir. Final üçün lap dünyanın o başına gedənlərə rəğmən, indi Bakı niyə bu qədər uzaq olsun ki? İngilislər canını istəyir, ispanlar yoxmu?

İngiltərə millisi az qala 2018-cü il Rusiyadakı dünya çempionatını boykot etmək istəyirdi. Nəhayətdə getməyə qərar verdilər. Bu dəfə azarkeşlərinə müraciət etdilər ki, Rusiyada hətta sizi qazana salıb bişirib yeyə də bilərlər! Nə oldu? İngilislər 8 ən güclü komanda sırasına düşdü, çempionat müddətində azarkeşlərindən birinin də burnu qanamadı.

***

Təhlükəsizlik kimi məsələlərdən danışmaq həmişə aktualdır. Heç bir ölkə terrordan sığortalanmayıb. Yenə yada salmaqda fayda var: 2015-ci ilin 14 noyabrında Fransa-Almaniya arasındakı yoldaşlıq görüşündə matçın keçirildiyi Paris şəhərində çoxsaylı terror aktları baş verdi. Görüşün keçirildiyi "Stad Stad De Frans"da o zamankı Fransa prezidenti Fransua Olland da vardı. Partlayış nəticəsində 3 nəfər həlak oldu, oyun yarımçıq saxlanıldı, stadionda böyük bir panik yaşandı. 2017-ci ilin 23 mayında İngiltərənin "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı baş verən iki güclü partlayış nəticəsində 22 nəfər həlak oldu, onlarla insan yaralandı. Elə həmin ilin iyununda İngiltərənin məşhur "London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb, insanlara xəsarət yetirdi. Daha sonra Britaniya parlamenti qarşısında bıçaqla polis əməkdaşını öldürdü. Dünyanın ən güvənli ölkələri belə terrordan sığortalanmadığı halda, mürəkkəb bir regionda yerləşməsinə baxmayaraq, Azərbaycan bu işin öhdəsindən gələ bilir. Bu sistem necə qurulub, necə işləyir onun sirrini hökumət bilir. Bilinən odur ki, Azərbaycan vətəndaşı ölkənin təhlükəsizliyinə güvənir. İngilislərin də güvənməsi lazım, bəlkə də nələrisə öyrənməsi də...

***

Yüzlərlə İngiltərə vətəndaşı on illərdi Azərbaycandakı ən müxtəlif xarici şirkətlərdə çalışırlar. Burada azərbaycanlı xanımlarla evlənənləri də az deyil. Axşamlar Bakının ən prestijli PuB-larında ingilislərin çoxluğunu görmək mümkündür. İngiltərə XİN belə bir əcaib xəbərdarlıq hazırlayıb yayanda elə onlardan da soruşaydı ki, Bakıda hansısa təhlükə hiss edirlərmi?

Demokratiya məsələsinə gəlincə, İngiltərə bu sahədə Azərbaycana nümunə olacaq bəlkə də ən son ölkədir. Ən müxtəlif ölkələrdən milyardları oğurlayıb Londonda Britaniya hökumətinin müəmmalı “təhlükəsizlik çadırı” altında yaşadanlar necə demokratiya nümunəsi götürmək olar? “Qarabağ”ın “Arsenal” la İngiltərədəki qarşılaşmasında ermənini qondarma “DQR” “bayrağı” ilə yaşıl meydana buraxanlar nə demokratiyada, nə təhlükəsizlikdə nümunə ola bilməzlər axı!

***

Azərbaycanın Avropa ailəsinə qoşulması ölkəmizi istəməyən qüvvələrin qarnına ağrı salıb. Bu məsələdə ermənilərin canfəşanlığı başa düşüləndir: Ermənistan hələ də SSRİ-dən qalma “Razdan” stadionunda bu cür final oyunlarını, adlı-sanlı klubları qəbul etməyi yuxularında görürlər. Amma bu cür çirkin niyyətlərə İngiltərə hökumətinin də alət edilməsi pis haldır.

Azərbaycanın mayın 29-da keçiriləcək final qarşılaşmasına layiqincə ev sahibliyi edəcəyinə şübhə yoxdur. Qarşıda isə 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının 4 oyunu da var. Bu qərar isə 2014-cü ilin 19 sentyabrında verilib. Bakı Olimpiya Stadionun təməli yenicə qoyulanda...

***

Sonda daha bir yarışma haqda. Azərbaycana dost olan İsraildə “Eurovision” yarışması başlayıb. Fələstinlə müharibə şəraitində yaşayan İsrailə İngiltərə də yarışmaçı göndərib. Yəqin ki heç bir xəbərdarlıq- filansız...(musavat.com)

AzNews.az