“Türkiyə və Rusiya tarix boyu müttəfiq olmayıb”

Tərəflər arasındakı münasibətlərin ən aşağı səviyyədə olduğu Soyuq müharibə dövründə Türkiyə 1952-ci ildə NATO-ya üzv olub

Rusiya ilə yaxınlaşma Türkiyəni tarixi müttəfiqləri ilə üz-üzə qoyub. ABŞ Türkiyəni F-35 proqramından çıxarmaq üçün düyməni basıb. Respublikaçı senatorlar Ankaraya qarşı sanksiyaları tətbiq etməyə çağırıblar. Məlumata görə, Florida ştatından olan senator Risk Skott və İndiana ştatından olan Todd Youngin Türkiyəyə qarşı sanksiyaların tətbiqini nəzərdə turan qanun layihəsini Senata təqdim ediblər.

Qanun layihəsində Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması ABŞ-ın təhlükəsizlik maraqlarına “birbaşa və dəhşətli bir təhdid” olaraq xarakterizə edilir. Qanunvericilər Tramp administrasiyanı “Sanksiyalar Yolu İlə Amerikanın Düşmənləri ilə Mübarizə” (CAATSA) qanunu çərçivəsində sanksiyaları tam tətbiq etməyə çağırıblar. Həmçinin Rusiyanın ABŞ-a təşkil etdiyi təhdidin müzakirə edilməsi və Türkiyənin NATO-ya üzvlüyü üzərində düşünülməsi üçün NATO-nun toplantının keçirilməsi çağırışı qanun layihəsində yer alıb.

Bundan başqa, Senat Xarici Əlaqələr Komitəsinin demokrat üzvlərindən Bob Menendez Türkiyənin F-35 proqramından çıxarılmasının kifayət etmədiyini bildirib. Senator prezident Trampın CAATSA çərçivəsində Türkiyəyə sanksiyalar tətbiq etməyəcəyi halda Senata Vaşinqton rəhbərliyini buna məcbur edən qanun layihəsi təqdim edəcəyini söyləyib.

CAATSA ABŞ prezidentindən 12 sanksiyadan beşini seçməyi tələb edir. Bunlara vizaların məhdudlaşdırılması, ABŞ-da yerləşən İxrac-İdxal Bankına girişin qadağan edilməsi, ABŞ maliyyə sistemi ilə əməliyyatların qadağan edilməsi və ixracat lisenziyalarının ləğvi kimi sanksiyalar daxildir.

Bir sıra siyasi analitiklər Rusiya ilə bu qədər yaxınlaşmanın Türkiyə üçün ciddi problemlər yaratdığını qeyd edirlər və köhnə müttəfiqlərlə münasibətlərin pozulmasının zərərli olduğunu hesab edirlər. Bəziləri isə Rusiya ilə müttəfiqliyin Türkiyəyə daha vacib olduğunu bildirirlər. Bəs tarixdə Türkiyə-Rusiya münasibətləri necə olub, bu iki ölkənin müttəfiqlik etdiyi zamanlar olubmu?

Tarixçi professor Qabil Hüseynli qeyd etdi ki, Rusiya-Türkiyə münasibətləri Rusiya Federasiyası və Türkiyə Respublikası arasındakı ikitərəfli münasibətlərdir, bu iki ölkə heç vaxt konkret blokda, ittifaqda müttəfiq olmayıblar: “Münasibətlər ikitərəfli münasibətlər çərçivəsində olub. Osmanlı və Rusiya imperiyalarının zamanına nəzər salsaq görürük ki, onların münasibətləri müttəfiqlik münasibətləri olmayıb. Əksinə, 16-cı əsrin sonlarından 20-ci əsrin əvvəllərinə qədər Osmanlı və Rusiya imperiyaları arasındakı əlaqələr kifayət qədər gərgin olub və tərəflər arasında bir neçə dəfə müharibə baş verib. Buna baxmayaraq, 1920-ci illərin əvvəllərində Türkiyə İstiqlaliyyət müharibəsi ərzində bolşevik rus hökumətinin türk inqilabçılarına dəstək verməsi nəticəsində rəsmi Moskva və Ankara arasındakı münasibətlər yaxşılaşmışdı. Osmanlı hökuməti 3 mart 1918-ci ildə bolşevik Rusiya hökuməti və İttifaq dövlətləri arasında imzalanmış Brest-Litovsk sülh müqaviləsini imzalayan tərəflərdən biri olmuşdu. 1921-ci ilə qədər davam edən Rusiya vətəndaş müharibəsindən qalib çıxan Vladimir Lenin Mustafa Kamalın rəhbərlik etdiyi Türk Milli Hərəkatını özünə dost kimi görürdü və məhz elə buna görə də Leninin başçılıq etdiyi hökumət Rusiya İmperiyasının Şərqi Anadoluya və türk boğazlarına olan ənənəvi iddialarından əl çəkmişdi. 1920-1922-ci illərdə Sovet hökumətinin türk inqilabçılarına qızıl və silah-sursatla kömək etməsi Türkiyənin müstəqillik uğrunda xarici işğalçılarla apardığı mübarizədə ona böyük köməklik etdi. 16 mart 1921-ci ildə imzalanmış Moskva müqaviləsi nəticəsində Rusiya SFSR Türkiyənin müstəqilliyini formal olaraq tanıyan ikinci ölkə kimi tarixə keçdi. İki ölkə arasındakı münasibətlərdə ilk gərginlik 1936-cı ilin iyulunda Montrö Konvensiyasının imzalanması məqsədilə təşkil olunan danışıqlar zamanı meydana çıxdı. Belə ki, bu müqavilə nəticəsində türk boğazları üzərində nəzarət tamamilə Türkiyənin əlinə keçirdi. Lakin ikinci dünya müharibəsinin başa çatması ilə birlikdə Sovet hökuməti Türkiyəyə qarşı ərazi iddiaları irəli sürmüşdü. Tərəflər arasındakı münasibətlərin ən aşağı səviyyədə olduğu Soyuq müharibə dövründə Türkiyə 1952-ci ildə NATO-ya üzv olub və Varşava Müqaviləsi Təşkilatına qarşı mövqe nümayiş etdirib”.

Q.Hüseynli onu da bildirdi ki, Rusiya-Türkiyə münasibətlərində yeni mərhələ SSRİ dağıldıqdan sonra başlayıb: “1991-ci ildə SSRİ-nin dağılmasının ardınca Türkiyə və Rusiya arasındakı münasibətlər əhəmiyyətli şəkildə inkişaf etməyə başladı və bu iki ölkə bir-birinin ən böyük ticari tərəfdaşı halına gəlmişdi. Bir çox türk şirkətinin Rusiya ərazisində fəaliyyətə başlaması ilə birlikdə Rusiya da Türkiyənin ən böyük enerji təchizatçısına çevrilmişdi. 1990-cı illərdə Türkiyə rusiyalı turistlər üçün əsas istirahət məkanı olub və bu gün də belədir. Sovet İttifaqının dağılmasının ardınca iki ölkə arasındakı münasibətlər inkişaf etməyə başladı. 25 may 1992-ci ildə Türkiyənin baş naziri Süleyman Dəmirəlin Moskvaya səfəri zamanı Rusiya-Türkiyə hökumətlərarası razılaşma imzalandı. 2010-cu ilin may ayında Rusiya prezidenti Dmitri Medvedyevin Türkiyəyə səfəri zamanı viza tələblərinin qaldırılması da daxil olmaqla tərəflər arasında bir neçə razılaşma imzalandı. Həmçinin, Türkiyənin Mersin şəhərində Rusiya tərəfindən atom elektrik stansiyasının inşası ilə əlaqədar bir neçə milyard dollar dəyərində müqavilə imzalanıb. 2015-ci ilin noyabrında Suriya-Türkiyə dövlət sərhədi yaxınlığında Rusiyaya məxsus döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra gərginləşən münasibətlər 2017-ci ildən etibarən yenidən normallaşdı və nəhayət, indiki səviyyəyə gəlib çatdı”. (Musavat.com)