- Redaktor masası
- 19:28
- 2 973
Azərbaycan qadını reqressiya riskləri fonunda: Hüquqdan çadraya?
Vahid məktəbli forması ilə bağlı gedən ictimai müzakirələrdə Azərbaycan qadınını yenidən orta çağlara çəkmək tendensiyası üzə çıxıb. Mənim heç kimin geyiminə, zövqünə və inancına qarışmaq fikrim yoxdur, əlbəttə. Lakin ilk cümlədə söylədiyim tendensiya hər bir sekulyar düşüncə sahibini ciddi narahat etməlidir. Dünyəvi bir dövlət olan Azərbaycanda sosial modernləşmə uğrunda ciddi mübarizə gedib. Azərbaycan qadınının çadradan çıxması modernləşmə hərəkatının ən önəmli nəticələrindən biri idi. İndi bu tarixi dinamikanın tərsinə çevrilməsi sosial inkişafın məntiqi ardıcıllığını pozulması deməkdir.
Azərbaycan qadının yenidən çadralaşdırılması bizim milli-mental dəyərlər sistemimizlə bağlı deyil. Dövlət müstəqilliyimizin ilk illərində başı yetərincə ağır problemlərə qarışmış Azərbaycana ölkəmiz üçün qeyri-ənənəvi dini cərəyanlar ixrac edilməyə başladı. Səudiyyə Ərəbistanından, İrandan və Türkiyədən ölkəmizə ixrac edilən qeyri-ənənəvi cərəyanlar guya Azərbaycana “əsl din” aşılayırdılar. Bu cür cərəyanlar bir tərəfdən qadın rol modelləri formalaşdırmağa çalışdılar, digər tərəfdən də təsirlərində olan kişilər vasitəsi ilə onların qadin ailə üzvlərini bürünməyə sövq etdilər.
Qeyri-ənənəvi cərəyanlar Azərbaycan insanının bütün düşüncə kodlarına zidd olduğu kimi, dəyərlər sisteminə də yaddır. Bizim dəyərlər sistemində qadının əxlaqı və həyası nə qapanmaqla ölçülür, nə də qısa ətəklə. Azərbaycan insanı üçün qadının ictimai görünüşü və sərbəst seçim imkanları modern hüquqi bərabərlik anlayışının tərkib hissəsidir. İstər dini, istərsə də dünyəvi geyimin açıq-saçıq tərzləri üzərindən kollektiv gözlənti formalaşması fərdi azadlıqları dolayı məhdudlaşdıra bilər. Cəmiyyətin dib dalğalarının vizuallığa basqıya çevrilməsi bir sonrakı mərhələdə Azərbaycan cəmiyyətinin plüralizminə və dünyəvilik balansına təzyiq deməkdir. Çünki qeyri-ənənəvi cərəyanların təsiri ilə örtülən başlarda Azərbaycanın ictimai münasibətlər sisteminin təbii yaddaşına zidd elementlər var.
Dünyanın ən inkişaf etmiş ölkələrinə baxaq. Din dövlətdən, siyasətdən, iqtisadiyyatdan, elmdən, təhsildən, hətta əxlaqdan belə ayrıdır. Başqa sözlə, inkişaf etmiş heç bir ölkədə DÖVLƏT MƏKANI dini identiklik üzərində qurulmayıb. Əgər bir cəmiyyətdə dini identifikasiya təmayülü millilikdən önə çıxarsa, üstəlik, bu tendensiya cəmiyyəti və dövlətin institutlarını yenidən formalaşdırmaq həvəsinə düşərsə, mütləq həmin ölkənin tərəqqi prosesi üçün risklər yaradacaq. Müasir dünyada və bizim cəmiyyətimizdə “cariyə”, “kölə”, “xədim” kimi anlayışlar varmı? Yox! Hər biri arxaik məfhumlardır. Bizim cəmiyyətimizdə qadının fiziki və mənəvi toxunulmazlığına dövlət, konstitusiya, qanunlar təminat verir, yoxsa dini konfessiyalar? Əlbəttə, dövlət, konstitusiya və qanunlar! Biz qadınların cəmiyyət həyatının bütün sahələrində kişilərlə hüquq bərabərliyini əsas götürürük, yoxsa onları “ikinci cins” kimi sıxışdırmaq xəttinə dəstək veririk? Bütün bu sualların yeganə cavabı odur ki, “qadın” kəliməsi Konstitusiyamızda cəmi bircə dəfə işlənib. Orada da deyilir ki, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Məsələ bitib. Məsələ həm də 1979-cu ildə BMT Baş Assambleyası tərəfindən Qadınlara qarşı Ayrıseçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiya qəbul edilərkən bitib. 3 sentyabr 1981-ci ildə qüvvəyə minmiş bu konvensiyanın ilk maddəsini xatırladıram:
“Qadınlar barəsində ayrı-seçkilik anlayışı qadınların ailə vəziyyətlərindən asılı olmayaraq, kişi və qadınların hüquq bərabərliyi əsasında insan hüquqlarının və siyasi, iqtisadi, sosial, mədəni, mülki və hər hansı digər sahələrdə əsas azadlıqların zəiflədilməsini yaxud tanınmamasını, qadınların onlardan istifadə etməsini yaxud onları həyata keçirməsini heçə endirməyə yönəlmiş cinsi əlamətə görə hər hansı fərqləndirmə, istisna yaxud məhdudiyyət deməkdir”.
Konvensiyanın sözügedən maddəsi qadın hüquqlarının məhdudlaşdırılmasının yalnız hüquqi qadağalarla deyil, dolayı sosial mexanizmlərlə də baş verə biləcəyini göstərir. Maddənin məntiqi budur ki, qadının hüquq və azadlıqlarının həyata keçirilməsini zəiflədən hər hansı fərqləndirmə, təzyiq və ya məhdudiyyət ayrı-seçkilik kimi qiymətləndirilə bilər. Daha sadə dillə desək, qadın hüquqları sistemi qadını müəyyən geyim modelinə yönəltmək üçün deyil, onun ictimai iştirak imkanlarını genişləndirmək üçün mövcuddur. Bu mənada Azərbaycan qadınının tarixi inkişaf trayektoriyası reqressiya ilə deyil, proqressiv iştirak və bərabər hüquqlu subyektliklə səciyyələnir.
Taleh ŞAHSUVARLI