"Bu məkrli oyuna qarşı dayanmaq təkcə iqtidarın borcu deyil!" "Bu məkrli oyuna qarşı dayanmaq təkcə iqtidarın borcu deyil!"

"Bu olay İstiqlal yaddaşımıza qarşı açılan savaşın tərkib hissəsidir"

"Bu məkrli oyuna qarşı dayanmaq təkcə iqtidarın borcu deyil!"

"Təsadüflərə heç vaxt inanmamışam, elə indi də inanmıram. 2013-cü ildə xarici dairələrin Azərbaycanda həyata keçirmək istədikləri qarşıdurma layihəsinin nə üçün məhz “Milli Şura” adlandırılılmasının səbəbləri barədə yazmışdım. Bu ad altında Azərbaycan dövlətçiliyinə savaş açan qüvvələri bir araya gətirməkdə məqsəd təkcə ölkəmizdəki sabitliyi deyil, həm də İstiqlal tariximizi hədəfə almaqdan ibarət idi".

Bu sözləri BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli özünün "Facebook" səhifəsində yazıb.

O bildirib ki, layihə müəllifləri 1918-ci ildə, mayın 28-də Azərbaycanın dövlət müstəqilliyini elan edən Milli Şuranın xalqımızın qan yaddaşında dərin və silinməz izlər buraxdığını çox yaxşı başa düşür, bu şərəfli adı və tarixi “neo əliheydər qarayevlər”in ideoloji çətirinə çevirməklə istiqlal məfkurəmizi ƏLİ, vicdanı, niyyəti QARA olanların əliylə qaralamaq istəyirdilər.

"Amma olmadı, alınmadı... Layihə müəllifləri və icraçıları mühüm bir məqamı gözdən qaçırmışdılar: Məmməd Yusif Cəfərov, Əlimərdan Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Xosrov Paşa Sultanov, Məhəmməd Həsən Hacınski, Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyov, Rəhim bəy Vəkilov və digər İqtiqlal qəhrəmanlarımızın yaratdığı Milli Şura ilə İstiqlalımıza qənim kəsilənlərin layihəsində yer alan Rüstəm İbrahimbəyov, Əli Kərimli, Cəmil Həsənli və digərlərinin “Milli Şura”sı arasındakı fərqi Azərbaycan xalqı çox yaxşı seçə bilir.

2013-cü ildə “Milli Şura” layihəsinin ideya müəllifləri və icraçıları ifşa olunsalar da, artıq 6 ildir ki, eyni “yol”un yolçuları bu addan əl çəkmək istəmirlər. “Milli Şura”ya “Şureyi Milli” deyənlər də həmçinin... Çünki ortalıqda bütün düşmənlərin əlinə oynayan bir “ideya” və “ideya”nı gerçəkləşdirmək üçün hər şeyə hazır olan ƏLİ QARA-lar var.

Mən ölkədə sabitliyi pozmağa çalışan qüvvələrin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə zidd olaraq keçirmək istədikləri aksiya üçün 28 May meydanını təsadüfən seçmədiklərinə də şübhə etmirəm. Bu sıraya “Şureyi Milli” tör-töküntülərinin Azərbaycan xalqının birlik və bərabərliyinin rəmzinə çevrilmiş 20 Yanvar tarixində qarşıdurmaya cəhd göstərdiklərini də əlavə etsək, sistemli bir anti Azərbaycan, anti Dövlət, anti İstiqlal kampaniyasının həyata keçirildiyini müəyyən edə bilərik. 28 May meydanında razılaşdırılmamış aksiyaya cəhdin məhz oktyabrın 19-da, dövlət müstəqilliyimizin bərpasının növbəti ildönümünün ertəsi gününə “təsadüf etməsi” də şübhəsiz ki, təsadüfi deyil. Azərbaycanın İstiqlal tarixini, məfkurəsini, müstəqil yaşamaq iradəsini simvolizə edən ad və tarixlərlə oynanıldığı göz qabağındadır".

Politoloq Bakı şəhərinin mərkəzində qarşıdurmaya cəhdin başqa səbəblərinin olduğunu deyib:

"Birinci səbəb Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlar, dövlət başçısının islahatları sabotaj edənlərə son xəbərdarlığı, “bəlkə də qaytardılar” ümidi ilə yaşayan yırtıcılara prosesin qarşısıalınmaz olduğunun xatırladılması və istər xaricdən, istərsə də daxildən dövlətimizin inkişafına qənim kəsilmiş yırtıcı ümidlərin alt-üst edilməsidir.

İkinci səbəb isə Azərbaycanın strateji hədəfləri ilə bağlıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən zirvə toplantısında əldə olunan nəticələr, Özbəkistanın tamhüquqlu, Macarıstanın isə müşahidəçi statusu ilə Böyük Türk Birliyinə üzv olmaları, Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanqın ölkəsinin Şurada müşahidəçi statusu alması üçün Prezident İlham Əliyevə müraciət etməsidir. Bütün bunlar, eləcə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının böyük gələcəyi olan təşkilat kimi özünü təsdiq etməsi, regional əməkdaşlıq platforması olmaqdan çıxaraq daha geniş əraziləri əhatə etmək perspektivi və Azərbaycanın oynadığı mühüm birləşdirici rol bu prosesə qısqanclıqla yanaşan çoxsaylı xarici qüvvələri və onların daxildəki nüfuz müvəkkillərini ciddi narahat edir. Və təbii ki, bu prosesə, əldə olunan uğurlu nəticələrə kölgə salmaq üçün qarşıdurmaya cəhd göstərmək, öncədən təlimatlandırmış real və virtual qruplar, onların mediadakı əlaltıları vasitəsi ilə siyasi şoular yaratmaq, islahatlara və ölkəmizin strateji hədəflərinə qarşı dayanan qüvvələrin Azərbaycana qarşı təxribat və təzyiq kampaniyalarını körükləmək məqsədilə süni bəhanələr yaratmaq lazımdır. Niyyət ortalıqdadır!

Başqa bir səbəb isə Azərbaycanın son dövrlərdə islahatçı ölkə kimi statusunun möhkəmlənməsi və beynəlxalq nüfuzunun artması ilə bağlıdır ki, bu da son nəticədə ölkəmizə güclü investisiya axının təmin olunmasına, Dağlıq Qarabağın Azərbaycandan qopardılması üçün ölkəmiz haqqında beynəlxalq müstəvidə yanlış təsəvvürlər formalaşdırmağa çalışan dairələrin təbliğatına qarşı tutarlı və əsaslı faktların meydana çıxmasına və təbii dövlət olaraq bütün müstəvilərdə əlimizin daha da möhkəmlənməsinə xidmət edir. Bu isə öz növbəsində Ermənistanı, işğalçı ölkənin himayəçilərini, Azərbaycanda geosiyasi və korporativ maraqları olan qüvvələri qane edə bilməz!

Bu baxımdan, ilk baxışda hansısa radikal qrupların etirazı və qarşıdurmaya cəhdi kimi görünən, yaxud məqsədyönlü şəkildə belə təqdim edilən son olay əslində Azərbaycanın dövlət müstəqilliyinə, İstiqlal yaddaşımıza, strateji hədəflərimizə qarşı açılan savaşın tərkib hissəsidir.

Bu məkrli oyuna qarşı dayanmaq isə təkcə iqtidarın, müəyyən fikir ayrılıqlarına baxmayaraq, Azərbaycan dövlətçiliyi ilə bağlı bütün məsələlərdə prinsipial mövqe nümayiş etdirən azsaylı müxalifət nümayəndələrinin, ekspertlərin, jurnalistlərin borcu deyil!

Hədəfdə İstiqlalımızdır!
Hədəfdə Milli Birliyimiz və bütövlüyümüzdür!
Hədəfdə daha güclü Azərbaycandır!
Hədəfdə Türk Dünyasının gələcəyidir!
Bu oyunu pozmaq Azərbaycanı sevən hər kəsin borcudur!
Heç kim bizi strateji hədəflərimizdən, yolumuzdan yayındıra bilməz!"

AzNews.az