“Orta Şərqdə gərginlik hələ də tam aradan qalxmayıb” – Aytən Qurbanova

"ABŞ Prezidenti Donald Trampın İranla müharibənin böyük ölçüdə sona çatdığını bəyan etməsi regionda baş verən hadisələrin siyasi və diplomatik müstəvidə yeni mərhələyə keçdiyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Eyni zamanda, ABŞ prezidentinin Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin İsrailə səfəri göstərir ki, Vaşinqton hərbi əməliyyatların miqyasının genişlənməsinin qarşısını almağa və münaqişəni daha çox siyasi-diplomatik kanallar vasitəsilə idarə etməyə çalışır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin böyük ölçüdə sona çatdığını açıqlayıb. Eyni zamanda, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin İsrailə səfəri müharibənin dayandırılması ilə bağlı danışıqları davam etdirmək məqsədini daşıyır. Ekspertlər bildirirlər ki, münaqişənin bitməsi yalnız hərbi əməliyyatların dayanması ilə ölçülmür. Onların fikrincə, regionda gərginlik hələ də qalır və diplomatik-siyasi proseslər, eləcə də müxtəlif tərəflərin maraqları vəziyyəti mürəkkəbləşdirir.

Siyasi şərhçi qeyd edib ki, mövcud geosiyasi reallıqlar nəzərə alındıqda, müharibənin bitməsi məsələsini yalnız hərbi əməliyyatların dayanması ilə ölçmək düzgün olmaz.

"Beynəlxalq münasibətlər tarixinin təcrübəsi göstərir ki, müharibənin real mənada sona çatması üçün ən azı üç əsas şərtin formalaşması tələb olunur. Birincisi, tərəflər arasında hərbi əməliyyatların dayandırılmasıdır. İkincisi, siyasi razılaşma üçün diplomatik mexanizmlərin işə düşməsidir. Üçüncüsü isə regional təhlükəsizlik balansının müəyyən qədər sabitləşməsidir. Hazırkı vəziyyətdə bu üç elementin yalnız qismən müşahidə olunduğunu demək mümkündür. ABŞ və İsrail tərəfindən həyata keçirilən hədəfli zərbələr müəyyən mərhələdə taktiki məqsədlərə xidmət etsə də, İranın regional təsir imkanları və asimmetrik cavab potensialı münaqişənin tam şəkildə başa çatmasını çətinləşdirən əsas amillərdən biridir. Qeyd etmək lazımdır ki, İran Orta Şərqdə yalnız bir dövlət kimi deyil, həm də geniş regional şəbəkəyə malik geosiyasi aktor kimi çıxış edir. Rəsmi Tehran Livan, İraq, Suriya və Yəməndə müxtəlif siyasi və hərbi təsir alətlərinə sahibdir. Bu baxımdan İran ərazisinə qarşı həyata keçirilən hərbi əməliyyatların dayandırılması belə regiondakı gərginliyin sürətlə azalacağı demək deyil. Əksinə, proksi qüvvələr və regional müttəfiqlər vasitəsilə gərginliyin müxtəlif istiqamətlərdə davam etməsi ehtimalı qalmaqdadır. Digər tərəfdən isə ABŞ üçün də genişmiqyaslı və uzunmüddətli müharibə ssenarisi strateji baxımdan arzuolunan hesab olunmur. İranın böyük coğrafiyası, əhali potensialı və enerji marşrutlarına təsir imkanları rəsmi Vaşinqtonu daha çox məhdud və məqsədyönlü hərbi əməliyyatlarla kifayətlənməyə sövq edən mühüm amillərdir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Tramp administrasiyasının əsas məqsədi İranın hərbi imkanlarını müəyyən dərəcədə məhdudlaşdırmaq, lakin regionu tammiqyaslı müharibə arealına çevirməməkdir. Müharibənin “böyük ölçüdə bitməsi” ilə bağlı səsləndirilən bəyanat da məhz bu siyasi mesajın tərkib hissəsi kimi qiymətləndirilə bilər. İrana qarşı hücumların tam şəkildə dayanması isə bir neçə mühüm amildən asılı olacaq. İlk növbədə, tərəflər arasında dolayı diplomatik kanalların aktivləşdirilməsi və qarşılıqlı eskalasiyanın məhdudlaşdırılması ilə bağlı qeyri-rəsmi razılaşmaların əldə olunması vacibdir. İkinci mühüm faktor regional aktorların, xüsusilə də İsrail, Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinin təhlükəsizlik maraqlarının müəyyən səviyyədə uzlaşdırılmasıdır. Üçüncü və daha strateji məsələ isə İranın nüvə proqramı ətrafında beynəlxalq razılaşmanın formalaşdırılması ilə bağlıdır. Əgər bu istiqamətdə yeni diplomatik mexanizmlər işə düşərsə, hərbi qarşıdurmanın mərhələli şəkildə azalması mümkün ola bilər. Bütün bu amilləri nəzərə aldıqda demək olar ki, hazırkı mərhələdə müharibənin tam başa çatdığını söyləmək tezdir. Daha real qiymətləndirmə ondan ibarətdir ki, tərəflər genişmiqyaslı müharibədən qaçmağa çalışaraq qarşıdurmanı məhdud hərbi əməliyyatlar və paralel diplomatik proseslər vasitəsilə idarə etməyə üstünlük verirlər. Bu isə Orta Şərqdə “nə müharibə, nə də tam sülh” kimi xarakterizə olunan mürəkkəb təhlükəsizlik vəziyyətinin hələ bir müddət davam edə biləcəyini göstərir. Nəticə etibarilə, İran ətrafında formalaşmış geosiyasi gərginliyin aradan qalxması yalnız hərbi əməliyyatların dayanması ilə deyil, daha geniş siyasi razılaşmaların əldə olunması ilə mümkün ola bilər. Regional güc balansının yenidən formalaşması və diplomatik dialoqun institusional çərçivəyə keçməsi isə bu prosesin əsas müəyyənedici amilləri kimi çıxış edir. Ona görə də yaxın perspektivdə əsas diqqətin hərbi əməliyyatların deyil, məhz siyasi-diplomatik danışıqların inkişaf dinamikasına yönələcəyini ehtimal etmək olar".

Rəfiqə Namazəliyeva,

AzNews.az