“Bu cəhdləri də əbəsdir, müasir zamanın tələblərinə uyğun olaraq nəsillərin estafeti dəyişməsi gedir” “Bu cəhdləri də əbəsdir, müasir zamanın tələblərinə uyğun olaraq nəsillərin estafeti dəyişməsi gedir”

Elman Nəsirovdan “hakimiyyətdaxili qruplar var” iddiasına cavab

“Bu cəhdləri də əbəsdir, müasir zamanın tələblərinə uyğun olaraq nəsillərin estafeti dəyişməsi gedir”

Ölkədə müşahidə olunan sürətli kadr dəyişiklikləri, struktur islahatları ictimaiyyət tərəfindən dəstəklənir. Müxalifət təşkilatlarının da bir çoxu atılan addımları müsbət dəyərləndiriblər. Lakin bir qisim müxalifyönlü qruplar var ki, kadr dəyişikliklərini islahat yox, hakimiyyət daxilindəki qrupların mübarizəsinin nəticəsi kimi təqdim edirlər. Onların iddiasına görə, hakimiyyətdaxili problemlər, çəkişmələr var. Kadrların dəyişdirilməsi və yerlərinə başqalarının gətirilməsi hakimiyyətdaxili qrupların mübarizəsi kimi təqdim edilir.

Yeni Azərbaycan Partiyasının komissiya sədri, deputat Elman Nəsirov bu iddialarla bağlı “Yeni Müsavat”ın suallarını cavablandırdı.

O bildirdi ki, bu cür iddialar məntiqini itirməyin əlamətidir:

“Artıq Azərbaycan müxalifətinin radikal kəsimi ağlını, məntiqli düşünmək qabiliyyətini itirib və ən absurd iddiaları belə irəli sürməkdən çəkinmir. Əvvəla, ölkə prezidenti İlham Əliyevin 2003-cü ildə prezident kimi fəaliyyətə başladıqdan indiyə qədər olan 16 il islahatlarla zəngindir. Bu islahatların əsasını da ulu öndər Heydər Əliyev qoyub və bu siyasəti cənab prezident İlham Əliyev davam etdirir. Müxalifətin radikal kəsimi islahatlara tamamilə məntiqdən kənar, əsassız don geyindirməyə çalışır. Bir vaxt ölkə prezidenti bu və ya digər addımlar atmağa başlayanda həmin müxalifətçilər deyirdilər ki, müxalifət mitinq keçirdi, atılan addımlar bunun nəticəsidir. İndi gördülər ki, bu yanaşmaları mənasızdır, ona görə də keçiblər yeni varianta-guya atılan addımlar islahatlar deyil, hakimiyyət daxilindəki qrupların savaşının nəticəsidir. Müxalifətin radikal kəsiminin bu iddiaları, yanaşmaları da tamamilə absurd, əsassız, məntiqsiz, qərəzlidir. İlham Əliyev 2018-ci ilin 11 aprelində növbəti dəfə xalqın mütləq əksəriyyətinin etimadını qazanıb dövlət başçısı seçildikdən bir həftə sonra parlamentdə andiçmə mərasimi oldu. Mən çox istərdim ki, müxalifət prezidentin həmin andiçmə mərasimindəki proqram xarakterli çıxışını diqqətlə dinləsinlər. Cənab prezident çıxışında həyata keçirəcəyi hərtərəfli islahatların bütün istiqamətlərini açıb göstərib. Bu istiqamətlər həm iqtisadi, həm sosial sahəni, həm məhkəmə-hüquq sistemini, siyasi sahəni əhatə edirdi. Hazırda müşahidə olunan proses də məhz o zaman elan edilmiş proqramın istiqamətlərinin həyata keçirilməsinin davamıdır. Müxalifətin radikal qisminin qeyd olunan tezisini bu fakt da darmadağın edir”.

Deputat vurğuladı ki, həmin iddiaları irəli sürənlərin iddiasının əsasının olmadığını hakimiyyətin monolit olması da sübuta yetirir:

“Azərbaycan ictimai fikrinə süni şəkildə belə bir yalanı sırımaq, ictimai fikri çaşdırmaq istəyirlər. Amma bu cəhdləri də əbəsdir. Çünki Azərbaycan hakimiyyəti monolit hakimiyyətdir. Hakimiyyəti həm xalq müdafiə edir, birinci güc bundadır. Hakimiyyəti güclü edən digər amil onun daxilən monolitliyidir. Prezidentin komandasının daxilində kadr dəyişiklikləri baş verirsə, bu, ilk növbədə Azərbaycanın öz inkişafında yeni mərhələyə daxil olması, Azərbaycanda islahatların yeni mərhələsinin başlanması ilə bağlıdır. Müasir zamanın tələblərinə uyğun olaraq nəsillərin estafet dəyişməsi gedir. Buradan kimlərinsə başqa nəticələr çıxarması yanlışdır. Necə ki, radikal müxalifətin əvvəllər irəli sürdüyü tezis təsdiqini tapmadı, indi də yeni irəli sürdükləri tezis təsdiqini tapmır, sabun köpüyü kimi dağılır”. (Musavat.com)

AzNews.az