Elşad Musayev: “Hərə öz malını satmaq üçün başqasını qaralayır”; Əli Orucov: “Kimlərsə özünü ana müxalifət sayırsa...” Elşad Musayev: “Hərə öz malını satmaq üçün başqasını qaralayır”; Əli Orucov: “Kimlərsə özünü ana müxalifət sayırsa...”

Müxalifət nəyi bölə bilmir - qarşıdurmalar və didişmələr...

Elşad Musayev: “Hərə öz malını satmaq üçün başqasını qaralayır”; Əli Orucov: “Kimlərsə özünü ana müxalifət sayırsa...”

Müxalifət daxilində qarşıdurmaların, narazılıqların hökm sürməsi diqqətdən yayınmır. Bu düşərgədə təmsil olunan siyasi partiyalar əsas hədəfləri olan hakimiyyətə gəlmək məqsədlərini bir kənara qoyaraq, “ana müxalifət” olmaq uğrunda uzun illərdir ciddi şəkildə mübarizə aparırlar. Bu da şübhəsiz ki, müxalif camiənin zəifləməsinin əsas səbəblərindən biri kimi göstərilir.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev qarşıdurma yaradanları qınadı: “Müxalifətdaxili məsələlərə iki rakursdan yanaşmaq lazımdır. Birincisi, müxalif siyasi təşkilatların, siyasi liderlərin. şəxslərin arasında olan ziddiyyətlər, ikincisi də hər hansı siyasi təşkilatın daxilində olan qarşıdurmalar və s. Müxalifət daxilində olan qarşıdurmalar müxtəlif səbəblərdən olur və hesab edirəm ki, nəinki ziyanlıdır, həm də çox əhəmiyyətsizdir. Normal ölkələrdə adətən iqtidarla müxalifət arasında ciddi fikir müxtəlifliyi, qarşıdurmalar, ziddiyyətlər olur. Müxalif qüvvələr enerjilərini bir-birini zəiflətməyə, gücdən salmağa yönəltmir. Bizdə əksinədir, iqtidar qalıb bir tərəfdə, əksər müxalif qüvvələr bir-birini gözdən salmağa çalışır, sanki bazara çıxıblar, hərə öz malını satmaq üçün başqasını qaralayır. İllərdir Azərbaycanda müxalifətçilik uğrunda mənasız dava gedir.

İlgili resim

Bu əsasən daha köklü partiya rəhbərlərinə aiddir. Tarixi şərait, müəyyən kənar resurslar nəticəsində müəyyən adamlara bir miras düşüb və bu adamlar hər kəsə qucaq açmaq əvəzinə, illərdir öz mənasız hikkələrini yeridirlər, özlərini müxalifətin iqtidarı qismində təqdim etməkdən ləzzət alırlar. Hakimiyyət də apardığı siyasət nəticəsində müstəqil, yeni, milli demokratik düşərgəni təmsil edəcək siyasi təşkilatların yaranmasına, güclənməsinə imkan vermir. Nəticədə param-parça olmuş müxalifət toparlana, vahid güc ortaya qoya bilmir. Düşünürəm ki, artıq zaman dəyişir və kimin özünü necə adlandırmasından asılı olmayaraq şərtlər də, müxalifətdaxili münasibətlər də, elə əsas müxalifətin kimliyi də dəyişəcək”.

AMİP katibi  Əli Orucov ile ilgili görsel sonucu

AMİP katibi Əli Orucov fərqli mövqeyə sahibdir: “Yanlış olaraq elə təsəvvür yaradılır ki, guya ölkədə olan çoxsaylı problemlərin baiskarı müxalifət daxilindəki çaxnaşmalar və didişmələrdir, ölkəni də indiki çətin duruma məhz müxalifət daxili proseslər salıb. Müxalifət daxilində problemlərin və neqativ halların olmasını heç vaxt danmamışıq. Bununla bağlı da tənqidi fikirlərimizi, eləcə də çıxış yolları haqqında fikirlərimizi demişik. Müxalifət daxilində münasibətləri qızışdıran və gərginliyi yaradan da, katalizatorluq edənləri siyasi arenada saxlayan da məhz iqtidardır. Amma gec-tez bu proseslər və xoşagəlməz mənzərə aradan qalxacaq. Müxalifət daxilində sağlam rəqabətin olması vacibdir. Sivil cəmiyyətlərdə də hətta görürsən əlbəyaxa davaya da çıxılır, amma bu qədər şişirdilmir. AMİP həmişə müxalifətdaxili intriqalardan və çəkişmələrdən çalışıb ki, uzaq olsun. Təəssüflər olsun ki, üzərlərinə dağıdıcı və parçalayıcı vəzifələr qoyulmuş bəziləri bizi də təhrik etməyə çalışırlar ki, vəziyyəti daha da mürəkkəbləşdirsinlər. Fikrimcə, müxalifətdə hadisələrə soyuqqanlı yanaşan, təhrikə uymağı bacaran təcrübəli siyasətçilərin sayı az olduğundan hakimiyyətin ”parçala və hökm sür" siyasəti uğur qazanmaqdadır. Müxalifət daxilində ziddiyyətlərin olması o qədər də təhlükəli deyil, çünki əlində hakimiyyət və hakimiyyətin verdiyi səlahiyyətlər yoxdur. Kimlərsə özünü ana müxalifət sayırsa, bu onların öz işidir, nə istəyirlər saysınlar. Belə ziddiyyətlərin iqtidarda olması problem ola bilərdi. Odur ki, müxalifət daxili problemlərdən narahat olmağa və bunu geniş müzakirələrə çıxarmağa dəyməz. Bizi yaxalayacaq, dövlət və millətin maraqlarına toxunan və toxuna biləcək problemlərin üzərinə getmək məncə, daha yaxşı olardı". (Musavat.com)