Prezidentin keçmiş köməkçisi bəzi jurnalistlərə milyoner olmaq şansı yaratdı: ortaya fakt qoyun, o mülklər və şirkətlər sizin olsun! Prezidentin keçmiş köməkçisi bəzi jurnalistlərə milyoner olmaq şansı yaratdı: ortaya fakt qoyun, o mülklər və şirkətlər sizin olsun!

Ramana qalası, Qalata qülləsi də Əli Həsənovundurmu?

Prezidentin keçmiş köməkçisi bəzi jurnalistlərə milyoner olmaq şansı yaratdı: ortaya fakt qoyun, o mülklər və şirkətlər sizin olsun!

Almaniyada mühacir statusu ilə yaşayan və ictimai rəyə özünü “bloqqer” kimi təqdim edən Həbib Müntəzir Azərbaycan prezidentinin sabiq köməkçisi Əli Həsənovun şirkət və mülklərinin “siyahısı”nı yayıb. “Siyahı” sözünü ona görə dırnaq arsına salırıq ki, təqdim olunan şirkət və mülklərin hansı əsaslarla Əli Həsənova, onun ailə üzvlərinə və digər yaxınlarına aid edilməsi barədə heç bir sənədə, fakta istinad edilməyib. Çox təəssüflər olsun ki, Əli Həsənovun inkişafına mane olduğu deyilən və onun PA-dakı vəzifəsindən getməsindən sonra dərhal “ağ günə çıxaraq” sürətlə “peşəkarlaşan” yerli kütləvi informasiya vasitələrində Həbib Müntəzirin heç bir fakta söykənməyərək təqdim etdiyi siyahı tirajlanmağa başlayıb. Bu, jurnalistikanın ən mühüm universal prinsiplərindən birinə- yalnızca faktlardan çıxış etmək qaydasına tamamilə zidd olmaqla, ictimai rəyi dezinformasiyalarla aldatmaq cəhdidir. Siyahının, yumşaq desək, şübhəli və qərəzli informasiyalar, yaxud təxəyyüllə hazırlanmasını görmək elə də çətin deyil. Məsələn, Həbib Müntəzir elan edirdi ki, məşhur avtomobil firması “Mercedes”in də sahiblərindən biri məhz Əli Həsənovdur. Lakin bu iddia onun Facebook izləyicələri tərəfindən gülüşlə qarşılandığından Müntəzir şitini çıxardığının fərqinə vararaq sabiq məmuru “Mercedes”in şirkət sükanı arxasında göstərməkdən vaz keçdi. Yaxud, Azərbaycanın tikinti sektorunda xüsusi çəkisi olan şirkətlərdən birini Əli Həsənovun adına yazmaq elə həmin şirkətin mətbuatla əlaqələndiricisi tərəfindən anındaca təkzib edildi. Həmin şirkət barədə mətbuatda dəfələrlə yazılar yayımlanıb, onun rəhbəri ilə hətta bəzi jurnalistlər məhkəmədə də üz-üzə gəliblər. Odur ki, sual yaranır: rəhbəri və fəaliyyət sferası məlum olan, Əli Həsənovla yaxından-uzaqdan ilişgisi olmayan bir şirkəti keçmiş məmurun biznes imperiyasının tərkibinə qatmaq həqiqətlərin üzə çıxmasına necə xidmət edə bilər?

Hazırda Türkiyə Respublikasında müayinə və müalicə olunan Əli Həsənov həmin siyahıda əks olunan şirkətlərə sahib olmasını təkzib edib. O, bu gün öz Facebook səhifəsində yazıb:

“Həbib Müntəzir növbəti dəfə özünün “sehirli nağıllar” silsiləsindən olan “jurnalist araşdırması” nı yayıb. Bu adamın peşəsi neçə illərdir ki, Almaniyada oturub xüsusi sifarişlər yerinə yetirməklə, cəfəng nağıllar uydurub Azərbaycanda hakimiyyətdə təmsil olunmuş və hazırda da təmsil olunan məmurları gözdən salmaqdan ibarətdir. Bu dəfə də onun mənim ailə mülküm kimi sadaladığı əmlak və obyektlərin hər hansı birinin mənə və ailəmə aid olduğunu kim sübut etsə, onların hamısını dövlətimizə qaytarmağa hazıram”.

Göründüyü kimi, Əli Həsənov jurnalistlərə öz peşəkarlığı ilə zəngin olmaq şansı yaradıb. Əgər hər hansı Azərbaycan jurnalisti Həbib Müntəzirin yaydığı siyahıda yer alan mülk və şirkətlərin ona və ailəsinə məxus olmasını rəsmi çıxarışlarla isbat edə bilsə, cəmi bir neçə günün içində ölkənin ən zəngin adamlarından biri olacaq. Əli Həsənova qarşı xüsusi qərəzi ilə seçilən və seçilmək istəyənlər nədən bu şansı qaçırsınlar? Yox, əgər ortada istinad ediləcək hər hansı fakt, sübut yoxdursa, onda eyni “peşəkarlıqla” Əli Həsənovun Bakının Suraxanı rayonunda “Atəşgah” kompleksini, Qobustan qayalıqlarını, Ramana qalasını da özəlləşdirdiyini, hətta İstanbulda məşhur Qalata qülləsini də ələ keçirdiyini iddia edə bilərlər.

Azərbaycan qanunları məmurların ailə üzvlərinə bizneslə məşğul olmağı qadağan etmir. Bu baxımdan vaxtilə Əli Həsənovun ailə üzvlərinə məxsus biznes qurumlarının mövcud olması heç kimə sirr deyil. Bu şirkətlər əsasən təhsil və media sektorunda fəaliyyət göstərib. Hazırda onların əksəriyyəti yeni sahibkarlara təhvil verilib, bir qismi isə öz fəaliyyətini ya dayandırıb, ya da dayandırmaq üzrədir. Həmin KİV-də bir neçə yüz jurnalist və texniki işçi çalışıb və Azərbaycan şərtlərində normal məvaciblər alıblar. Bütün bunlar göz önündə olduğu halda, bu gün “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də prezidentin sabiq köməkçisi haqqında həbib müntəzirlik edənlərə qoşulub: “Əli Həsənovun böyük ticarət obyektləri, eləcə də böyük ticarət münasibətləri olub. Məsələn, Almaniya və başqa Avropa ölkələri ilə”. AzNews.az-ın sorğusuna cavab olaraq Əli Həsənovun yaxınları bildiriblər ki, prezidentin sabiq köməkçisinin Türkiyədə, Almaniyada, Avropanın digər ölkələrində, ümumiyyətlə, Azərbaycandan xaricdə heç zaman xüsusi mülkü və şirkətləri olmayıb: “Əli Həsənov, ümumiyyətlə, Azərbaycandan kənarda yaşamağı heç zaman planlaşdırmayıb və heç indi də planlaşdırmır. Əgər, Əli Həsənov ailəsinə məxsus xaricdə hər hansı mülk və ya şirkət varsa, Mehman Əliyev bu barədə əlində olan faktları cəmiyyətə təqdim etməlidir”.

Mehman Əliyev həmçinin vaxtilə Azərbaycan prezidentinin köməkçisi kimi Əli Həsənovla əməkdaşlıq etmiş və onunla şəxsi münasibətlərə malik olan jurnalistlər haqqında deyib: “Bəziləri deyirdi Əli Həsənovun əsgəriyəm, ondan üz döndərməyəcəyəm. Amma onlar bu sözlərinin üstündə cinayət işi açılana qədər durdular”.

Məsələ burasındadır ki, Azərbaycanda heç bir jurnalist, baş redaktor, media qurumunun rəhbəri və ya əməkdaşı heç zaman özünü “Əli Həsənovun əsgəri” adlandırmayıb. Ümumiyyətlə, Əli Həsənovun nə hakimiyyət içərisində, nə də media sektorunda ayrıca bir komandası olmayıb, heç bir tanınmış və ya o qədər də tanınmamış jurnalist də o xəyali “komanda”ya daxil olmayıb. Əli Həsənov prezidentin köməkçisi olaraq təmasda olduğu jurnalistlərə ancaq və ancaq prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarının qorunması istiqamətində gerçəkləşdirdiyi prinsipial siyasət barədə məlumat və tövsiyyələr verib. Bu, istənilən dövlətdə istənilən hakimiyyətin media əlaqələndiricilərinin göstərdiyi normal fəaliyyətdir. Anormal fəaliyyət isə odur ki, başqa bir ölkənin, konkret olaraq Rusiyanın prezidenti Vladimir Putinə məktub yazaraq, ondan Azərbaycanın iç işlərinə qarışmağı təvəqqe edəsən. Rusiyanın Azərbaycanın iç işlərinə müdaxilə etməsi isə keçmişdə Əliheydər Qarayevin, dövrümüzdə isə Mehman Əliyevin arzusu olub.

AzNews.az