"Rusiya bu məsələdə Ermənistana güzəştə getməyəcək" - Siyasi şərhçi

Keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Samvel Babayan deyib ki, Azərbaycana Naxçıvana çıxış üçün Kalininqrad variantından istifadə etmək imkanı vermək lazımdır. Kalininqrad variantı mövzusu xeyli vaxtdır gündəmə gətirilib.

“Ermənistan tərəfindən belə bir fikrin səsləndirilməsi olduqca maraqlıdır. Belə ki, Paşinyanın son Moskva səfərindən sonra ona yaxın olan şəxsi bu fikri səsləndirməsi özlüyündə böyük maraq doğurur. Belə ki, məlum məsələ idi ki, Naxçıvan yolunun verilməsi açıq şəkildə də olmasa 10 Noyabr bəyanatında əks olunmuşdur. Ermənistanı bu məsələdə sadəcə narahat edən fakt dəhlizin təhlükəsizliyinə kimi cavabdeh olacağı məqam idi. Bu əslində Qərbi də maraqlandıran suallardan biridir. Qərb də hər vəchlə Rusiya bu məsələdə kənarda saxlamağa çalışır”.

Bu sözləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Amid Əliyev deyib.

Siyasi şərhçi qeyd edib ki, hazırki məqamda Ermənistan tərəfindən bu fikirlərin səsləndirilməsi Paşinyanın Moskva görüşündə Kreml pərdəarxasında bu məsələni ciddi şəkildə müzakirə edib deməyimizə əsas verir.

“Öz mövcudluğunu bir daha yada salıb. Digər vacib məqam isə ölkə başçısı İlham Əliyevin Moskvaya səfəri zamanı çox böyük ehtimalla bu mövzu da müzakirə mövzusu olub. Bu isə Azərbaycanın tam xeyrinədir. Ən azından sərhədlərin müəyyənləşməsi prosesinin aktiv şəkildə getdiyi bir zamanda bu məsələnin də qısa müddətdə həll olunması müsbət amil kimi qəbul oluna bilər. Görünən odur ki, Rusiya heç də bu məsələdə nə Ermənistana, nə də ki onun Qərb partnyorlarına güzəştə getməyəcək. Planın uzun illər bundan öncə Rusiya tərəfindən hazırlanması və indiki məqamda müstəviyə çıxmasını deyə bilərik. Gec ya da tez bu məsələ Azərbaycanın təkidi ilə öz həllini tapacaq. RF ilə Ermənistan isə dəhlizə kimin nəzarət etməsi məsələsini öz aralarında həll etməli olacaqlar. Baş verənlərə qarşı Qərbin reaksiyası nədən ibarət olacaq bunu yaxın zamanlarda görə biləcəyik”.

Rəfiqə NAMAZƏLİYEVA