- Siyasi müzakirə
- 9 İyul 19:36
- 2 597
Moskva Azərbaycanın müstəqil siyasətindən narahatdır - Politoloq

“Mixail Saakaşvilinin açıqlamaları əsasən reallığı əks etdirir. Belə ki, Rusiya doğrudan da Cənubi Qafqazda yenidən aktivləşməyə və təsir imkanlarını artırmağa çalışır. Bu, əslində gözlənilən davranışdır. Rusiya-Ukrayna müharibəsi başladıqdan və Moskva istədiyi nəticələri tam əldə edə bilmədikdən sonra diqqətini yenidən Cənubi Qafqaza yönəltməsi ehtimal olunurdu. Bu kontekstdə ilk hədəf kimi Azərbaycan nəzərdə tutulurdu. Çünki Azərbaycan keçmiş postsovet məkanında ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə təmin etmiş nadir ölkələrdən biridir. Azərbaycan regionda yeni reallıqlar yaradıb və müstəqil siyasət həyata keçirir. Ölkənin müxtəlif güc mərkəzləri ilə balanslı və inkişaf etmiş münasibətləri mövcuddur”.
Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Rusiya ilə Azərbaycan arasında gərginliyi süni adlandıraraq, bu prosesin arxasında Moskvanın Paşinyan hökumətini devirmək niyyətinin dayandığını bildirib. Onun sözlərinə görə, Kreml Ermənistanı yenidən təsir dairəsinə salmaq və Azərbaycana qarşı təzyiq aləti yaratmaq istəyir.
Politoloq bildirib ki, Azərbaycan Çin və Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sənədləri imzalayıb və bu sənədlər qarşılıqlı siyasi iradənin ifadəsi kimi dəyərləndirilə bilər.
“Rusiya bu fonunda Cənubi Qafqazı yenidən öz nəzarətinə keçirmək üçün müxtəlif vasitələrə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərindən istifadə etməyə çalışır. Son 3-4 ildə Rusiya Cənubi Qafqazda nüfuzunu ciddi şəkildə itirib. Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar nəticəsində sülh prosesi irəliləyib, sərhədlərin delimitasiyası istiqamətində addımlar atılıb. Artıq iki ölkə arasında birbaşa əlaqələr qurulub və bu, Rusiyanı prosesdən kənarda qoyub. Nəticədə, Moskva daha aqressiv davranış nümayiş etdirməyə başlayıb. Rusiya Zəngəzur dəhlizi ilə bağlı da öz nəzarətini təmin etmək istəyir, lakin Ermənistan bu dəhlizin Rusiya nəzarətində olmasına qarşı çıxır. Bu səbəbdən Rusiya Ermənistana təzyiq göstərmək üçün siyasi müxalifət, kilsə və Rusiyadakı erməni diasporu vasitəsilə müxtəlif təsir yollarına əl atır. Hələlik bu cəhdlər uğur gətirməyib və Baş nazir Paşinyan əks-həmlələrlə Rusiya yönümlü qüvvələri zəiflətməyə nail olub. Aydındır ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi edərək özünə yaxın qüvvəni gətirmək və bu vasitə ilə Azərbaycana təzyiq göstərmək istəyir. Son dövrlər Rusiyanın Qarabağla bağlı ritorikasının da sərtləşdiyi müşahidə olunur. Lakin bu niyyətlərin gerçəkləşməsi real görünmür”.
Politoloq əlavə edib ki, Rusiyanın Azərbaycana təzyiq imkanları, Ermənistandan fərqli olaraq, xeyli məhduddur:
“Təsir vasitələri olduqca zəifdir. Bunlardan biri Qarabağ erməniləri məsələsidir ki, bu da artıq Azərbaycan tərəfindən nəzarətə alınıb. Digər vasitə isə Rusiyada yaşayan azərbaycanlılar üzərindən təzyiq göstərməkdir, lakin Azərbaycan bu cəhdlərə adekvat cavab verməklə öz müqavimət gücünü nümayiş etdirir. Bu baxımdan, Rusiya üçün ən uyğun yanaşma odur ki, artıq keçmiş imperiya təfəkküründən əl çəkərək postsovet ölkələrinə bərabərhüquqlu tərəfdaş kimi yanaşsın və onların maraqlarını da nəzərə alsın”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az